"Belə insanlıq olmaz" - Raquf Orucovun xanımı şəhid ailələrindən pul alanları qınadı

  "Belə insanlıq olmaz"  - Raquf Orucovun xanımı şəhid ailələrindən pul alanları qınadı
  09 İyul 2021    Oxunub:2131
“İnform Xəbər TV”nin rəhbəri Azər Kazımovun və redaksiyanın işçisi Rübabə Vəliyevanın bölgələrdə şəhid ailələrindən pul müqabilində videoreportajlar hazırlaması, yazılar dərc etməsilə bağlı məlumatlar aşkarlanıb. Onlar hazırladığı materiallar müqabilində şəhid valideyinlərindən 50-70-100 manat pul istəyibmişlər. Bu haqda deyilənləri şəhid Elməddin Mustafayevin anası Könül xanım və şəhid Rüstəm Atakişiyevin anası Arifə xanım da təsdiq edib.
Məsələ ilə bağlı Azvision.az - a danışan şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova şəhid ailələrinin həssas məqamında vəziyyətdən sui-istifadə edən saxta "jurnalist"ləri qınayıb:
- İnsanlar bizə şəhid olmuş övladları və ya həyat yoldaşları ilə bağlı müraciətlər edirlər. Onları tanınmış televiziyalara yönəldib, şəhidlər haqqında yüksək səviyyədə çəkilişlərə nail olmuşuq. Şəhid ailələri belə çəkilişlərlə çox sevinir, övladlarının xidmətlərinin qiymətləndirilməsini istəyirlər. Ancaq bu cür ailələrin həssas duyğularından, yaralarından istifadə edilməsinə ad tapa bilmirəm. Belə insanlıq olmaz. "Ayıb olsun", deyirəm. Bu hərəkətlərə bəraət qazandırmaq mümkün deyil. Sənin uğrunda savaşıb, həyatını itirən insanlar haqqında reportajı necə pulla hazırlamaq olar?! Bu cür “jurnalistlər” ailənin düşdüyü çətin vəziyyətdən sui-istifadə edirlər.

"Murov Qartalı"nın xanımı şəhid analarını rekert jurnalistikası ilə məşğul olanlardan uzaq durmağa çağırıb: "Buradan şəhid ailələrinə deyirəm ki, ayıq olun. Şəhid ailələri üçün kiçik bir yazı da yaralarına məlhəmdir, onunla təsəlli tapırlar. Vətən uğrunda canından keçənin anasından pul istəyən qadına və ya kişiyə deməyə söz tapa bilmirəm. Hərə əlinə bir mikrofon və ya kamera alıb, jurnalist olub. "Televiziya" açmaq ən sərfəli üsula çevrilib. Həssas təbəqənin ağrısından istifadə etmək günahdır. Onların əlacsız durumundan istifadə edib rüşvət alanları Allah da bağışlamayacaq”.

Sevinc xanım bildirib ki, şəhid ailələri yaralıdır, onlar kimin rekert, kimin səmimi olduğunu ayırd edəcək vəziyyətdə deyillər. Elə bilirlər ki, xidmət pulludursa, ödəməlidir. Ətrafdakı insanlar onları başa salmalıdır ki, belə olmalı deyil, belə bir şey yoxdur.

- Şəhid ailələrinə üzümü tutub deyirəm ki, sizin ərləriniz, oğullarınız bu ölkəyə ən böyük xidməti ediblər. Qələbəni qanları və canları ilə qazanıblar. Onlardan çox xahiş edirəm ki, bu ölkədə belə insanlara rəvac verməsinlər. Ayıq və ehtiyatlı olsunlar. Saxta jurnalistlərin qələmə aldığı qəhrəmanlıq dastanı bizə lazım deyil. Qəhrəmanlar xalqa ürəklə, təmənnasız tanıdılmalıdır. Şəhidlər bu dastanı qanları ilə yazıblar. Adı olub, özü olmayan televiziyaların onları tanıtmasına ehtiyac yoxdur”.


Azər Kazımov və redaksiyanın işçisi Rübabə Vəliyeva

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şəhid  





Xəbər lenti