3 ölkənin səhvi: Şuşa Azərbaycan üçün geosiyasi barometrdir

      3 ölkənin səhvi:   Şuşa Azərbaycan üçün geosiyasi barometrdir
  12 İyul 2021    Oxunub:1337
Xəbər verdiyimiz kimi iyulun 9-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların ümumilikdə 100-dən çox nümayəndənin Şuşa şəhərinə səfəri təşkil olunub. Səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri iştirak ediblər.
Amma 3 ölkənin nümayəndəsinin bu səfərdə iştirak etməməsi isə bir sıra ciddi müzakirələrə səbəb oldu. Bunlar ABŞ, Rusiya Fransa səfirləridir.

Məsələni Azvision.az –a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Almaniya səfirinin də bu sırada olması təəssüf doğurur:

“3 həmsədr ölkənin – Rusiya, ABŞ və Fransanın səfirləri nümayişkənarı şəkildə digər həmkarlarıyla Şuşaya səfər etmək istəmədilər. Bu səfirlərin öz qərarları deyil. Azərbaycan Prezident Administrasiyası səfirləri Şuşaya getməyə dəvət etdikdən sonra həmin ölkələrin səfirləri paytaxtları ilə məsləşhətləşib və müvafiq təlimat alıblar. Deməli Moskva, Vaşinqton və Paris səfirlərinə Şuşaya həmkarlarıyla səfər etməyi qadağan edib. Ancaq həmin mərkəzlər anlamalıdırlar ki, onların qadağaları səfirlərinin Azərbaycandakı fəaliyyətini çətinləşdirəcək”.

Politoloq deyir ki, Şuşaya getmək istəməyən səfirlər Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən və erməni separatizminə loyal münasibət bəsləyən diplomatlar kimi dəyərləndiriləcək.



“Əslində bu 3 ölkədən biri daha ağıllı tərpənib Azərbaycandakı səfirinə “gələn dəfə Şuşaya gedərsən” təlimatını versə irəli düşər. Misal üçün, ABŞ səfiri adının Rusiya səfiri ilə eyni şəkildə hallanmasından çoxmu həzz alır? ABŞ və ya Fransa səfiri Şuşaya getmək qərarını versələr Rusiyanın regional siyasətinə zərbə vuracaqlar və bu Vaşinqton və Parisin xeyrinə olacaq. Almaniyanı da anlamaq çətindir. Almaniyanın səfiri Bakıdan kənara çıxmır. Bununla kimə nəyi sübut edirsiniz? Fransanın yedəyində sürünməyin nə mənası var? İtaliyadan çoxmu ağıllısınız? Şuşa Azərbaycan üçün həm də geosiyasi barometrdir. Mədəniyyət paytaxtımızı ziyarət etməyən ölkənin səfiri Azərbaycanın dostu və tərəfdaşı sayıla bilməz”.

Tural Tağıyev
Azvision.az




Teqlər: Şuşa   Səfir  





Xəbər lenti