Mirzə Cəlilin anti-Nərimanov ruhlu əsəri: Kim haqlı idi?! - Tarixi diskurs

      Mirzə Cəlilin anti-Nərimanov ruhlu əsəri:    Kim haqlı idi?! -    Tarixi diskurs
  22 İyul 2021    Oxunub:5337
...Günlərin bir günü Azərbaycanın əyalət şəhərlərindən birinin hakimi yerli tacirləri yaxşıca xərcə salır. Deyir, bəs bizim şəhərə Lalbüz adında bir əcnəbu həkim gəlib, nə qədər ruh azarına tutulmuş adamlar, yəni dəlilər var, hamısını yığıb bir məkana salacağıq ki, orada həkim onları müalicə edib sağaltsın. Amma buna bir qədər pul lazımdır.
Tacirlər çaşıb qalır, həkim gəlib , – deyirlər, – xoş gəlib, səfa gətirib. Amma cənab hakim, bizdə o qədər pul nə gəzir? Bu əqli kəm adamların kimə maneçiliyi var, Allahın işidir, birini ağıllı yaradıb, digərini dəli, neyləmək olar?!
- Həəə, - hakimin köməkçisi hədələyici tonla deyir, - deməli, pulunuz yoxdur?!
- Yox, elə demək istəmirdik, – qorxuya düşən tacirlər cavab verirlər, – pulumuz olmasa da sizin üçün tapılar.

Məsələnin iqtisadi tərəfi həll olunandan sonra hüququ tərəfi gəlir. Belə ki, yerli və milli dəlilərin qardaşları onların var-dövlətini öz əllərinə keçiriblər, arvadlarını da sahibsiz qalmasınlar deyə, özlərinə siğə elətdirmək istəyirlər. Birdən həkim onları sağaldıb ağıllandırdı, onda necə olsun? Heç nə olmaz, buna məsələnin üçüncü düyünü kömək edə bilər. Üçüncü düyün də bundan ibarətdir ki, doktor Lalbüz yerli camaatın dilini bilmir. Əgər bu adamların başqa azarı olsaydı, onda həkimin dil bilməsi o qədər də vacib olmazdı. Lakin söhbət ruhdan, əhvaldan gedir. Odur ki, dəlilərin sağalmaq təhlükəsi aradan qalxır.

Bəli, söhbət Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsərindən gedir. “Ölülər” qədər bitkin kompozosiyaya malik olmasa da, bu əsərdə “əsil ziyalı, əsil filosof dəlilərin arasında olmalıdır” mesajı bizə çatdırırdı. O dövr üçün bu, cəsarətli fikir idi.

Psixiatriyanın tarixi bir o qədər də qədim deyil, cəmi iki yüz əlli il, bəlkə də bir az bundan artıq olar. Doğrudur, İslam şərqində artıq VIII əsrdən etibarən ruhi xəstələr üçün xüsusi yerlər düzəldilir və onları qanalma, tiryək, qarınişlədən məhlullar, soyuq suya tutma kimi müxtəlif üsullarla kritik hallardan çıxarmağa çalışırdılar. Lap qədimlərdə bəzən belə xəstələrin qəlbinə cin, şeytan, şər ruhların daxil olduğunu güman edib, olmazın işgəncələr verirdilər.

Qərbi Avropada psixiatriya tamamilə ayrı bir sahə kimi inkişaf etməyə başladı. Bu üsulu kimsə qəbul edir, kimsə etmirdi. Bugünün özündə də alimlər arasında belə xəstələri qapalı məkanda saxlamağın əleyhdarları olanlar az deyil. Fransız filosofu Mişel Fuko ümumiyyətlə, psixiatrik xəstəxananı türmə ilə müqayisə edir və bu növ müalicəni total nəzarətin bir növü sayırdı. Vaxt vardı, kim hakimiyyətin əsasını təşkil edən qayda və normalardan kənar çıxırdısa, onu psixiatrik xəstəxanaya salmaqla neytrallaşdırırdılar.

Azərbaycanda ilk psixiatrik xəstəxana yalnız 1936-cı ildə təşkil olunub. Buna qədər ayrı-ayrı ambulator tibbi məntəqələr mövcud idi. “Dəli yığıncağı” pyesində də belə məntəqələrdən birinin açılmasından ötrü əcnəbi həkimin gəlişindən bəhs olunur. Hər şey klassik “gələn var” xəbəri ilə başlayır.

Cümhuriyyət dövründə Cəlil Məmmədquluzadə Təbrizdə yaşayır və orada “Molla Nəsrəddin” jurnalını buraxırdı. Lakin 1920-ci ildə Azərbaycanda artıq bolşevik hökuməti qurulandan sonra onu təkidlə Bakıya dəvət etdilər. Yerli camaatın düşüncəsini öz danışdığı dildə dəyişməyi, tapındığı dini görüşləri doğma ləhcəsində tənqid etməyi, yeri gələndə daşını daş üstə qoymamağı "Molla Nəsrəddin”, yəni Mirzə Cəlil kimi heç kim bacarmırdı. Belə bir məqamda onu Bakıya dəvət etməyin yeri var idi.

Nərimanov şəxsən özü ona Ostrovski, indiki Süleyman Tağızadə küçəsində ev verdi, onun üçün işləməyə şərait yaratdı. Amma Molla burada başqa bir mənzərə ilə üzləşdi.

Xalq kənardan, yad ellərdən yadellilərin gətirdiyi yeni quruluşun tələblərinə uyğunlaşa bilmirdi. Yeni quruluş da öz növbəsində xalqı qəbul edmək iqrtidarında deyildi. “Şaxsey-vaxsey” mərasimi keçirən bir xalqla hansı sosializm, hansı kommunizm qurmaqdan söhbət gedə bilər?!
Və qarşıdurma yaranırdı. Quba camaatı partiya işçilərinin müqəddəs kitabı cırıb, ayaq altında atmalarına dözməyib, böyük üsyan qaldırmışdılar. Qırmızı əsgərlər Aşura yürüşünün qarşısını kəsib, kütləni gülləbarana tutmuşdular. Bu tərəfdən də kimlərinsə köməyilə atəş açılmış, qanlı toqquşma baş vermiş, adamlar bu yaxınlarda onların əlindən alınan məscidə doluşub, burada Allahdan başqa heç kimdən asılı olmadıqlarını elan etmişdilər.

Belə hadisələr demək olar ki, bütün qəzalarda baş verirdi. Onların səbəblərini Nəriman Nərimanov 1923-cü ildə Stalinə yazdığı “Ucqarlarda inqilabın taleyi” adlı məktubunda geniş izah edirdi. Nərimanov Azərbaycanı idarə edən şəxslərin nəinki yerli camaatın psixologiyasını, heç dilini belə bilmədiyindən şikayətlənirdi.

...Mirzə Cəlil “Dəli yığıncağı” pyesini 1922-ci ildən 1926-cı ilə qədər yazmışdı. Bu pyesin altı əlyazması tapılıb. Mirzə Cəlil hər dəfə “Molla Nəsrəddin” jurnalının gündəlik işlərindən baş açıb, bu pyesə qayıdarkən nələrisə pozub, təzədən yazmalı olurdu. Təkcə ona görə yox ki, öz bədii üslubundan nigarançılığı vardı; bu tərəddüdün əsas səbəbi əsərin mövzusu idi, belə qarışıq bir dövrdə bu mövzunun nə qədər incə məsələ olduğunu ədib çox yaxşı anlayırdı.

1920-ci ildə İranda Gilan hadisələri baş verərkən bolşevik ordu hissələri də dağılmış ağ qvardiya dəstələrinin axırına çıxmaqdan ötrü İranın şimal ərazilərinə daxil olmuşdular. Onlar buradakı “cəngəlilər” deyilən xalq hərəkatına da dəstək verirdilər. Lakin tezliklə bolşeviklər hərəkata rəhbərlik edən Mirzə Kiçik xanın ingilis müstəmləkəçilərinə qarşı vuruşmağının əslində hər cür yad mədəniyyətin təsirlərindən azad olmaq, öz dininə, öz təfəkkürənə uyğun tərzdə yaşamaq kimi tamamilə fərqli məqsədlər daşıdığını görəndə vəziyyət dəyişdi. Bolşeviklər Gilan respublikasına dəstək olmaqdan imtina etdilər. Bu zaman Lev Trotski hadisələrə olduqca maraqlı reaksiya vermişdi: “İrandakı hərəkata hər cür köməkdən imtina etmək lazımdır. Biz heç Azərbaycanda Sovet hakimiyyətini ayaq üstə düz-əməlli saxlaya bilmirik”.
Ədəbiyyatda mifologiya: Çingiz Aytmatovla Orhan Pamuku nə birləşdirir?

Nərimanovun Stalinə yazdığı “Ucqarlarda inqilabın taleyinə dair” 40 səhifəlik məktubunda ortaya qoyduğu fikirləri iki il əvvəl Şərq xalqları kommunist təşkilatlarının Mərkəzi Bürosunun sədri Mirsəid Sultan-Qaliyevin hesabatında görmək olar. Bu yazıya görə onu bütün vəzifələrdən çıxarıb, həbs etdilər, güllələnmə cəzası verdilər, sonra bunu on il azadlıqdan məhrum etməklə əvəzlədilər, 1934-cü ildə yenidən azad olundu, 1938-ci ildə yenidən həbs etdilər və nəhayət, 1940-cı ildə güllədilər.

Nərimanov da belə bir riskə gedib, həmin hesabat məktubunu yazmışdı. O da Şərqdə əsl sosialist inqilabının baş verə biləcəyini güman edirdi. Belə fikirdə idi ki, Avropa proletariatının Avropa burjuaziyasına qalib gəlməyi heç nəyi həll etməyəcək, sadəcə bir diktatura o birilə əvəzlənəcək. Heç elə şey ola bilməz ki, İngiltərə fəhlələri Hindistan kəndlilərini istismardan imtina etsinlər. Ona görə də, inqilabın əsl taleyi Şərqdə həll oluna bilər. Müstəmləkə və yarımüstəmləkə ölkələr metropolisləri nəzarətdə saxlaya bilməlidirlər.

- Azərbaycanın paytaxtında yerli əhali, yəni türklər Bakı sovetinin qulluqçularına yalnız rus dilində müraciət edə bilərlər. Belə ki, yəhudi, rus və erməni millətindən olan bu qulluqçular türk dilini anlamırlar. Mən sizin nəzərinizə çatdırmaq istəyirəm, – deyir Nərimanov, – yerli türklərin bu qədər sıxışdırılması heç Bakı soveti şəhər duması olan vaxtlarda, yəni çar dövründə belə baş vermirdi...

Azərbaycanda sovetləşmənin dili bilməyən ruslar və yerli əhaliyə qarşı milli qisas hissilə yaşayan ermənilər tərəfindən aparılması haqqında narazılıq və şikayətlə yazılan bu məktub böyük əks-sədaya səbəb oldu. Orconikidze bütün rəhbər işçilərin qarşısında Nərimanovun cavab verməsi məqsədilə iclas yığdı. İclasda Nərimanov tək qalmışdı, Ruhulla Axundov, Mirzə Davud Hüseynov, Əliheydər Qarayev kimi azərbaycanlı funksionerlər də ona qarşı çıxışlar edir, onu millətçilikdə suçlayırdılar. Lakin ən sərt dartışma hündür, güclü Serqo Orconikidze və orta boylu, nisbətən cılız, bununla belə, qamətini pozmadan düz tərəf-müqabilinin gözlərinin içinə baxan Nərimanovun arasında baş verdi.

Orconikidze: - Orada yazırsırsınız ki, mənim nəzəriyyəmə görə Azərbaycan əhalisi tədricən məhv edilməlidir. Nəyə əsasən?
Nərimanov: - Stalində olan o məktubu diqqətlə oxuyun, orada hər şeyi izah edirəm.
Orconikidze: - Yazırsınız, mənim siyasətim yumruğumu işə salmaqdan ibarətdir. Rusca “mordobitiye” deyirlər. Buna misal üçün bir fakt gətirə bilərsiniz?
Nərimanov: - Siz təbliğat əvəzinə yumruq işlədirsiniz.
(Fakta ehtiyac yox idi. Bunu hamı bilirdi. Hətta Lenin də Serqonun belə davranışından qeyzlənirdi.)
Orconikidze: - Protokola qeyd edin ki, nümunə olaraq fakt göstərmədi. Hamı mənim necə beynəlmiləlçi olduğumu çox yaxşı bilir. Bəs sizin siyasətiniz nədir, yoldaş Nərimanov? Millətçilik, müsavatçılıq...
Nərimanov: - Bəs Kürdəmir üsyanı?
Orconikidze: - Bu, vicdansızlıqdır.
Nərimanov: - Xahiş edirəm, bu sözləri protokola daxil edəsiniz. Onu da əlavə edin ki, bu iclasdakı təhqirləri qəbul etmədiyimdən buranı tərk edirəm.

Nərimanov getmədi, onu respublikadan apardılar - Mərkəzi İcra Komitəsinin sədri vəzfəsinə. Çünki burada mane olurdu. Doktor Lalbüz kimi yerli əhalinin dilini bilməyən və yaxud ürəyində yerli əhaliyə qarşı kin-kudurət bəsləyən rəhbərlərə, onlara öz fərdi maraqları naminə yarınan müsəlman dövlət xadimlərinə mane olmamaq üçün Moskvaya aparıldı, SSRİ-nin Mərkəzi İcra Komitəsinin sədri vəzifəsinə təyin edildi və... deyəsən, bu vəzifə ona düşmədi, tezliklə ürək çatışmazlığından dünyasını dəyişdi. Amma indiyə qədər mübahisəlidir, bu ölüm ürək çatışmazlığı ilə bağlı idi, yoxsa sadəcə olaraq, onu qətlə yetirdilər?

“Dəli yığıncağı” anti-Nərimanov ruhunda yazılmış bir əsərdir. Bu pyes yazıldığı dövrdə səhnəyə qoyulmadı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Sergey Kirov və Bakı Komitəsinin sədri Levon Mirzoyan rəhbərlik etdikləri respublika və onun paytaxtında yaşayan yerli əhalisinin incəsənəti, eləcə də adət-ənənələrilə maraqlanmırdılar, bunlar onları sadəcə olaraq qıcıqlandırırdı. Amma gəlin, bir anlığa fərz edək ki, Mirzə Cəlilin “Dəli yığıncağı” pyesi 1926-cı ildə yazılıb qurtaran kimi mürəkkəbi qurumamış səhnəyə qoyulur və Kirovla Mirzoyan premyerada iştirak edirlər. Onu da fərz edək ki, Nərimanov sağdır, hələ ölməyib. Bax, onda artıq fərz eləməyə ehtiyac qalmayacaq. Təsəvvürümüzdə belə bir real səhnə canlanacaq: Kirovla Mirzoyan tamaşadan sonra üzlərini Nərimanova tutub deyirlər: Yoldaş Nərimanov, sizin “zəngin” dediyiniz xalq budur. Niyə qoymursunuz onları müalicə edək? Heç kimin, hətta Orconikidze, hətta Stalin kimi nəhəng fiqurların qarşısında belə dilini dinc qoymayan Nərimanov deməyə söz tapmayacaq, susacaq, dönüb Lalbüz olacaq. Axı bu, dahi dramaturqun yazdığı əsərdir...

Nadir Bədəlov

Sənətşünas, ssenarist
Xüsusi olaraq Azvision.az üçün


Bu material Medianın İnkişafı Agentliyinin Dəstəyilə Hazırlanıb
Mövzu: 6.3.8 Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


Teqlər:   Gizli-Tarix  





Xəbər lenti