Sərhəddəki erməni təxribatlarının “qara qutusu” - TƏHLİL

  28 İyul 2021    Oxunub :4433
  Sərhəddəki erməni təxribatlarının “qara qutusu” - TƏHLİL
Qafqaz bölgəsindəki geosiyasi vəziyyətin öyrənilməsi və araşdırılması ilə məşğul olan mütəxəssislər Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətindəki gərginləşməni "növbəti müharibənin ayaq səsləri" kimi qiymətləndirirlər.
Son bir neçə həftədə sərhəd bölgəsindəki erməni təxribatlarının intensivliyinə fikir versək, Ermənistan hakimiyyətinin ya başını, ya da ordusu üzərində nəzarəti itirdiyini düşünmək olar. Doğrudanmı, 44 günlük savaşda ordusu darmadağın olan və kapitulasiya aktını imzalamağa vadar edilən Ermənistanın siyasi-hərbi rəhbərliyi itirdiyi “gücünü” və “qüruru”nu hərbi avantüra və təxribatlar yolu ilə bərpa etməyə çalışır?!

Burada əsas məqsəd Ermənistan ordusunun mövcudluğu haqda görüntü yaratmaq cəhdləri olsa da, işin mahiyyəti tamamilə başqa mətləblərdən xəbər verir. Yada salaq ki, bu yaxınlarda ABŞ-ın İrəvandakı səfiri Azərbaycan-Ermənistan sərhədinə gələrək, erməni rəsmilərdən vəziyyət haqda bilgilər alıb. ABŞ səfirliyi bu səfər haqda heç bir məlumat və ya açıqlama yaymasa da, hər halda, səfir sərhədə ekskursiyaya getməmişdi. Xüsusilə də, səfərdən öncə sərhəddə baş verən təxribatların fonunda.


Onu da xatırlatmaq yerinə düşər ki, dünyanın istənilən ölkəsində xırda bir silahlı insident baş verən kimi, ABŞ öz vətəndaşlarını həmin ölkəyə getməməyə çağırır, oradakı diplomatik korpusunun əmıkdaşlarına küçəyə çlxmamağı tövsiyə edir. Amma indiki halda, yəni ermənilərin, demək olar ki, hər gün silahlı təxribat törətdiyi bir zamanda ABŞ-ın bu ölkədəki səfiri Azərbaycan-Ermənistan sərhədinə şəxsən təşrif buyurur, özü də silahlı ermənilərin müşaiyətilə. Hətta bu haqda Azərbaycan hökümətinə və silahlı qüvvələrinə heç bir xəbərdarlıq da edilmir. Deməli, ABŞ səfirliyi Azərbaycanın heç bir təxribat törətmədiyinə tam əmindir. Təbii ki, ermənilər də səfirin orada olduğu müddətdə sakit dayanacaq, təxribatlara ara verəcəklər. ABŞ səfirinin sərhəd zonasına rahatca gəlib, ermənilərə canıyananlıq etməsi də bu arxayınlıqdan doğur.

ABŞ səfirinin sərhədə baş çəkməsindən sonra erməni yaraqlıları nəinki Azərbaycan mövqelərini atəşə tutmağı dayandırdılar, hətta iriçaplı silahlardan istifadə etməklə, irəliləməyə cəhd göstərdilər. Dünənki təxribatın qarşısının alınması zamanı 3 düşmən əsgərinin məhvi, bir neçəsinin isə yaralanması göstərir ki, Ermənistanın niyyəti 10 noyabr Bəyannaməsinin müddəalarını rəsmən pozmaq, sənədi yarasız hala salmaqdır. Görünən odur ki, Ermənistan rəhbərliyi başda Paşinyan olmaqla üçtərəfli Bəyanatın ləğvinə, ABŞ və Fransanı prosesə cəlb etməyə çalışır. Ermənilər bunu etməklə əslində ilk növbədə Rusiyanın imicinə və nüfuzuna sarsıdıcı zərbə vurur, onun sülhməramlı missiyyasının işə yaramadığını sübut etməyə çalışırlar. Xislətinə uyğun olaraq təxribat və provokasiya yolunu davam etdirən Ermənistan bir tərəfdən vay-şüvən salaraq KTMT-nin öhdəliyindən danışır, digər tərəfdən isə məsələni beynəlxalq müstəvidə müzakirəyə çıxararaq, Rusiyanın sülhməramlı missiyasını şübhə altına alır və ləğv etdirməyə çalışır.


Ermənistanın iyul ayı ərzində Azərbaycan silahlı qüvvələrinin mövqelərini Naxçıvan, Laçın, Kəlbəcər, Tovuz, Gədəbəy istiqamətlərində sistematik olaraq və intensiv şəkildə atəşə tutduğunu, onlarla təxribat törətdiyini nəzərə alsaq, söylədiyimiz fikrin dəmir məntiqə söykəndiyinə bir daha əmin olarıq. Postmüharibə dövrünün ciddi sosial-iqtisadi fəsadları ilə üzləşən Ermənistan rəhbərliyi payız və qış dövrünün başlaması ilə əlaqədar ölkədəki sosial-iqtisadi vəziyyətin daha da ağırlaşacağını dərk etdiyi üçün yenidən müharibə, qorxu, vahimə atmosferi yaratmağa, bununla ictimaiyyətin diqqətini ölkədaxili problemlərdən, ağır sosial çətinliklərdən yayındırmağa çalışır.

Bu siyasət həm də ölkədən uzaqlaşan erməni lobbi dairələrini və onların maliyyə resurslarını yenidən Ermənistana cəlb etməyə xidmət edir. Ölkədə yenidən müharibə ab-havası yaradaraq, revanş haqda populist bəyanatlar verən Paşinyan erməni diasporunu “vətənə yardım" ianə kampaniyası başlatmağa səsləyir.

Heç kəsə sir deyil ki, Ermənistan hər zaman üçüncü tərəfləri iki ölkə arasındakı sərhəd məsələlərinə cəlb etməyə çalışıb. 2020-ci ilin iyulunda iki ölkənin sərhədində törədilmiş təxribat da bu məqsədlərə xidmət edirdi. Dövlət sərhədində gərginlik yaradan Ermənistan bütövlükdə regionu çalxalamaq, suyu bulandırmaq, öz siyasi spekulyasiyalarını həyata keçirmək üçün konfliktdən maksimum yararlanmağa çalışan xarici qüvvələri regiona cəlb etmək və özünə daha çox havadar qazanmaq istəyir.

Ermənistan bu hərəkətləri ilə iki ölkənin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlardan açıq-aşkar imtina edir. Müəyyən xarici dairələrin erməniləri qızışdırması da istisna deyil. Moskvada Rusiyanın təşəbbüsü ilə sərhəd məsələləri üzrə görüşlərin keçirildiyi, müzakirələrin aparıldığı bir məqamda iki ölkənin sərhədində bu cür təxribatların baş verməsi çirkin niyyətlərdən xəbər verir. Fransanın Ermənistandakı səfirinin "münaqişə hələ bitməyib, status məsələsinə baxılmalıdır" kimi bəyanatları revanşist qüvvələri daha da cəsarətləndirib. Bütün bunların Avropa İttifaqının Ermənistana 2,6 milyard avroluq yardım paketi ayırmasından sonra daha geniş vüsət alması da təsadüfi deyil. Ermənistan dolayı yolla Rusiyaya "daha sənə ehtiyacımız yoxdur" demək istəyir. Əks təqdirdə, Paşinyan Putinin zəmanəti altında imzaladığı Bəyannaməni pozmağa cürət etməz, Rusiya prezidentinə qarşı belə bir qudurğan da davranış sərgiləməzdi.

Baş verənlər, şübhəsiz, Paşinyanın seçkilərdən əvvəl bəyan etdiyi kimi, üçüncü və dördüncü ölkələrin silahlı qüvvələrinin Ermənistan ərazisinə yerləşdirilməsinə xidmət edir. Bu isə artıq Azərbaycandan daha çox Rusiyanın problemidir və Kreml, sözsüz ki, öz forpostinda baş verənlərdən xəbədardır.

Nadir Quliyev
Qafqaz Ömərov

Azvision.az

Teqlər: Erməni-təxribatı  







Xəbər lenti