Oklahomanın qubernatoru “ağıllı kənd”imizlə tanış olub

  29 İyul 2021    Oxunub :718
Oklahomanın qubernatoru “ağıllı kənd”imizlə tanış olub
ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edib. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər zamanı qonaqlar “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a bildirilib ki, rayonun Birinci Ağalı kəndində tikinti sahəsinə gedən ABŞ heyətinə “Ağıllı kənd” layihəsi ilə bağlı təqdimat keçirilib. Bildirilib ki, “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir.

Layihənin icrası, əsasən 5 komponent üzrə aparılır. Bu komponentlər yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələrini əhatə edir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. “Ağıllı kənd”də evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.



Qubernator Kevin Stitt rəhbərlik etdiyi ştatda istehlak olunan enerjinin xeyli hissəsinin alternativ enerji mənbələri hesabına formalaşdığını deyib, “Ağıllı kənd” layihəsində alternativ enerji mənbələrindən istifadəni yüksək qiymətləndirib, görülən işlərlə yerində tanış olmaq imkanı qazandığına görə məmnun qaldığını bildirib.

Qeyd edək ki, Oklahoma ştatının nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdədir. Ştat qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi heyətə ABŞ Milli Qvardiyasının general mayoru, ştatın general-adyutantı Maykl Tompson, briqada generalı Con Harrison və digər rəsmi şəxslər daxildir. Nümayəndə heyəti səfər çərçivəsində Bakıda çoxsaylı görüşlər keçirib, Hacıqabul, Qobustan və Zəngilan rayonlarına səfər edib. Sabah nümayəndə heyətinin Gəncə şəhərinə səfəri nəzərdə tutulub.





Azvision.az

Teqlər: Ağıllıkənd  






Xəbər lenti