"30 metr aralıda "Qrad" mərmisi partladı" - Qazimiz necə yaralandığını danışır
- Düşmənin artilleriya hücumuna məruz qaldıq. Bizdən 20-30 metr aralı məsafəyə qrad mərmisi düşdü. Həmin an 8-9 qəlpə ağzıma girdi. Çənəm qırıldı, dişlərim töküldü. Daha sonra qol sümüyüm sındı. Ayağımdakı yumşaq toxumalar cırıldı və sinirlər zədələndi. Qan içində idim, kontuziya almışdım deyə beynimdə səslər var idi. Vəziyyətim çox ağır olduğu üçün məni Naftalana, oradan isə helikopterlə Bakıya gətirdilər. Qan itirmişdim, huşumu itirdim, gözümü açanda özümü xəstəxanada gördüm. Məni əvvəlcə Mərkəzi Hərbi Klinik Hospitala, daha sonra isə Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına apardılar.Orada ağzımdan 8 qəlpə çıxarıldı.
Qazimiz bir müddət Bakıda müalicə olunduqdan sonra Türkiyəyə aparılıb. Orada olduğu iki ay ərzində Rafail üç dəfə ağız nahiyyəsindən əməliyyat keçirib.
- Demək olar ki, bütün dişlərim tökülüb. Türkiyəli həkimlər diş əkəcəklər. Bunun üçün hazırlıq gedir. Damaq hissədə sümüyün çox hissəsi sınıb deyə ilk növbədə bunun üzərində işləyirlər. Onlar sümük tozundan istifadə edirlər. O bir neçə aya bərkiyib sümüyə çevrilir. Ondan sonra diş qoya biləcəklər. Professorlar qolumda əməliyyat aparılmasını məsləhət görmədilər. Bildirdilər ki, sinirlər zədələnə bilər. Sol qolum 70 faiz işləyir. Yumub açmaqda çətinlik çəkirəm. Ayağımda vəziyyət indi nisbətən yaxşıdır. Doğrudur, sürətlə yeriyə bilmirəm, ayağımı möhkəm basanda sanki cərəyan vurur. Həkimlərin sözlərinə görə, bu, 3-4 il ərzində keçəcək, - əsgərimiz səhhətindən danışıb.
Qeyd edək ki, Rafail İusubov “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Qazi Rafail-İusubov