"Kabar"ın baş direktoru: "Bakı ilə Bişkek arasında daha effektli iş aparmağın vaxtıdır" - MÜSAHİBƏ

  "Kabar"ın baş direktoru:  "Bakı ilə Bişkek arasında daha effektli iş aparmağın vaxtıdır" -  MÜSAHİBƏ
  29 Sentyabr 2021    Oxunub:1240
"Bakı ilə Bişkek arasında əvvəlkindən daha effektli iş aparmağın vaxtı çatıb". Bunu Azvision.az-a müsahibəsində Qırğızıstanın “Kabar” milli informasiya media-holdinqinin baş direktoru Kubanıçbek Taabaldiyev deyib. O, bir sıra vacib regional proseslərlə bağlı fikirlərini də bölüşüb.
- "Taliban" hərəkatı ilk dəfə Tacikistanın ünvanına təhdidlə çıxış edib. Buna səbəb Tacikistan hakimiyyətinin Pəncşirdəki antitalib qüvvələrini dəstəkləməsi oldu. Taliblərin Tacikistana və Mərkəzi Asiyanın digər ölkələrinə keçməsi təhlükəsi nə dərəcədədir?

- Əgər müəyyən qüvvələrin açıq xarakterli təxribatları olmasa, real müdaxilə az ehtimal edilir. Özü də bu yalnız Tacikistanda mümkündür. Tacikistanın xüsusi xidmət orqanlarının işindən çox şey asılıdır. Taliblərin özlərini dünya ictimaiyyətinə sülhsevər göstərmək istəyini nəzərə alsaq, hazırda münaqişələr və ya hansısa hərbi əməliyyatlar onlara sərf etmir. Buna görə də, Pəncşirdə taliblərin xüsusi təyinatlılarının və vaxtilə Rahmon rejiminin Tacikistandan sıxışdırıb çıxardığı "Ənsərulla" qruplaşması üzvlərinin yerləşdirilməsi haqda Bəradərin bəyanatını taliblərə rəğbət bəsləyən taciklərə onların yaddan çıxarılmadığını və dəstəklənəcəyini göstərmək kimi qiymətləndirmək olar. Bundan artıq heç nə. İstənilən halda, onlara hələlik münaqişələr lazım deyil. Bir şeyi də unutmaq olmaz. Əfqanıstanın indiki hakimiyəti təkcə taliblərdən yox, həm də onlara qoşulmuş qruplardan ibarətdir. Bunların da əsasını Mərkəzi Asiyadan olan insanların təşkil edə biləcəyi istisna deyil. Bununla belə, onların Kabildəki yeni hakimiyyətə loyal qalacaqlarına və yuxarıdan verilən tapşırıqları ciddi-cəhdlə yerinə yetirəcəklərinə inanmaq olmaz.

- Əgər taliblər region ölkələrinə girməyə çalışsalar, bu halda Rusiya necə davrancaq?

- Rusiya taliblərlə problemləri dinc yolla həll etməyə çalışacağını bəyan edib. Əgər vəziyyət indiki kimi qalarsa, onda Kremlin ritorikası da dəyişməyəcək. Yox, əgər taliblər hansısa aktiv hərəkətlərə başlasalar, Rusiya yəqin ki, taliblərlə münaqişəyə başlayan ölkələrə hərbi yardım göstərəcək. Çünki regionda qeyri-sabitlik Kremlə sərf etmir. Rusiyanın Əfqanıstanın yeni hakimiyyətini siyasi baxımdan dəstəkləmək səylərini də diqqətdən qaçırmaq olmaz. Nüfuzlu ölkələrin çoxu Əfqanıstanın yeni hakimiyyətinə ehtiyatlı münasibət sərgilədiyi halda, taliblərlə sabit münasibətlərin qorunub-saxlanması və yeni şəraitdə "Taliban"ın rəhbərliyinə dəstək müstəvisində böyük səylər göstərmiş və indi də göstərən Rusiyanın Kabildəki səfiri Dmitri Jirnovun və Rusiya Federasiyasının Əfqanıstan üzrə xüsusi təmsilçisi Zamir Kabulovun simasında bu dəstək xüsusi nəzərə çarpır. Əfqanıstanın yeni hakimiyyəti Kremlin özünə qarşı belə münasibətini qiymətləndirirsə, onda Moskvanın qarşısında simasını itirməyəcək və onunla münasibətləri pisləşdirməyəcək.

- Regiondakı son hadisələri nəsərə alsaq, KTMT-nin gələcəyini necə görürsünüz? Digər ölkələr də bu bloka qoşula bilərlərmi?

- KTMT 20 ildən artıqdır ki, bir çox radikal təşkilataların qarşısını alan faktorudur. Təşkilatın fəaliyyətində bəzi çatışmazlıqlar, o cümlədən də KTMT-yə üzv iki qonşu ölkə aradındakı silahlı münaqişə vaxtı susqunluq olsa da, belə İttifaq onun bütün iştirakçılarının xeyrinədir. Belə birliklərin öz üzvlərinin təhlükəsizliyinin qayğısına qalması zəruridir. KTMT-yə yeni ölkələrin daxil olmasına gəlincə, qeyd edim ki, qurumun sonuncu sessiyasında bu məsələ qaldırılıb və çox böyük ehtimalla, yaxın vaxtlarda təşkilatda yeni üzvlər olacaq. Bu müstəvidə birinci namizədin artıq əvvəllər KTMT-nin üzvü olmuş Özbəkistanın olacağı görünür.

- Bakı və Bişkek arasında münasibətlərin inkişafı perspektivlərini necə qiymətləndirirsiniz?

- Münasibətlərin inkişafı TÜRKSOY və TÜRKPA, habelə hər iki dövlətin təmsil olunduğu digər birliklərin meydançalarında davam edəcək. Qeyd etmək lazımdır ki, Azərbaycan nəinki Qırğızıstanın köhnə dostudur, habelə Qırğızıstana həmişə mümkün köməyi etmiş və bu gün də bu köməyi göstərən qardaş xalqdır. Kayrat Osmanaliyevin simasında Qırğızıstan respublikasının Azərbaycana yeni səfir təyin etməsi Bişkekin ikitərəfli münasibətləri canlandırmağa, bir çox istiqamətlər – mədəniyyət, ticarət, işgüzar sahələrdə daha sıx münasibətlər qurmağa can atmasını açıq şəkildə nümayiş etdiir.
Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı səmərəlilik baxımından təmas nöqtələri çoxdur. Həm çoxtərəfli layihələr çərçivəsində, həm də ikitərəfli əlaqələrdə indiyədək olduğundan daha çox nəzərə çarpan və daha effektli münasibətlərin vaxtı çatıb. Hamıya məlumdur ki, xarici mədəniyyət xadimləri arasında Azərbaycanın yüksək dövlət mükafatına ilk dəfə böyük qırğız yazıçısı Çingiz Aytmatov layiq görülüb. Qırğızıstan öz növbəsində Bişkekin ən yaxşı rayolarından birində Heydər Əliyev adına parkın salınması üçün böyük sahə ayırdı. Bundan əlavə, hər iki ölkədə bir-birinin Mədəniyyət günləri kimi tədbirlər çərçivəsində mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi potensialı mövcuddur. Belə layihələr isə logistik əlaqələrin, ilk növbədə Bişkeklə Bakı arasında birbaşa aviareyslərin işə salınmasını tələb edir. Bundan sonra ticari-iqtisadi əlaqələr genişlənəcək. Ölkələrin alqı-satqı müstəvisində bir-birinə təklif edə biləcəkləri məhsullar var.

Seymur Məmmədov
Sahil İsgəndərov

Azvision.az


Teqlər: Bakı   Bişkek  





Xəbər lenti