Həmsədrlər Azərbaycanın erməni hərbçini azad etməsini alqışlayıb

   Həmsədrlər Azərbaycanın erməni hərbçini azad etməsini alqışlayıb
  08 Oktyabr 2021    Oxunub:713
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın erməni hərbçini azad etməsini alqışlayıb.
Azvision.az xəbər verir ki, bu barədə həmsədrlərin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, vasitəçilər Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və İqor Xovayev (Rusiya) 7-8 oktyabr tarixlərində Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Gilles Karbonnier ilə məsləhətləşmələr aparıblar. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

BMT Baş Assambleyasının iclası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında son konstruktiv görüşə diqqət çəkən həmsədrlər Azərbaycanın erməni hərbçini azad etməsini alqışlayıblar. Görüşlərdə mümkün deeskalasiya və məhbuslar, itkin düşmüş şəxslər, eləcə də bütün köçkünlərin könüllü olaraq geri qaytarılması istiqamətində humanitar tədbirlər müzakirə edilib.

Həmsədrlər razılaşma sahələrini tapmaq üçün tərəflərlə işləməyə davam etmək niyyətlərini vurğulayıblar. Onlar həmsədrlərin iştirakı ilə görüşə hazır olduqlarını ifadə edən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın açıq bəyanatlarını müsbət qiymətləndiriblər. Həmsədrlər tərəflərlə belə bir görüşün şərtlərini və detallarını müzakirə etməyi səbirsizliklə gözləyirlər. Yaxın gələcəkdə bu proseslə bağlı növbəti addımların müzakirəsi üçün bölgəyə səfər etmək istəklərini bir daha ifadə ediblər.

Xatırladaq ki, Ermənistan-Azərbaycan dövlət sərhədində itkin düşmüş erməni hərbçi Artur Davidyan bir neçə gün əvvəl İrəvana qaytarılıb. 32 yaşlı Artur Davidyan bu ilin avqustunda iki ölkənin dövlət sərhədində itkin düşmüşdü.

Azvision.az



Teqlər: Minsk-Qrupu   Bəyanat  





Xəbər lenti