Vətən Müharibəsinin 13-cü günü: Hadrut azaddır!

  Vətən Müharibəsinin 13-cü günü:  Hadrut azaddır!
  09 Oktyabr 2021    Oxunub:615
Tarixən bütün xalqlarda 13 rəqəmi bəd xəbər və nəhslik simvolu kimi qəbul edilib. Vətən Müharibəsinin 13-cü günündə Azərbaycan Silahlı Qüvvələrinin zərbələri altında xurd-xəşil olan erməni qəsbkarları üçün oktyabrın 9-u həqiqətən də əsl nəshlik və bədbəxtlik tarixinə çevrildi. Azərbaycan Ordusu isə öz dəmir yumruğu ilə onların beyninə və canına hopdurulmuş “erməni müstəsnalığı” zəhərini damla-damla məhv edirdi.
Oktyabrın 9-u bütün cəbhə boyu davam edən gərgin döyüşlərdə Silahlı qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatlar düşmənin hərəkət fəaliyyətini tam məhdudlaşdıraraq onun aktivliyinin qarşısını aldı. Düşmən qoşunları arasında idarəetmə və qarşılıqlı əlaqə itdi, bölmələri arasında nizamsızlıq yarandı, şəxsi heyətinin intizamı pozuldu, döyüş mövqelərinin tərk edilməsi kütləvi hala çevrildi.
Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi zərbələrdən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyətinin təxliyyəsinə başlanıldı. Bu əməliyyatlar nəticəsində Ermənistan ordusunun 5-ci dağatıcı alayının qərargah binası dağıdıldı və həmin vaxt binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralandı, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edildi.
Müharibənin 13-cü günündə düşmənin hərbi texnikasına da ciddi zərbə vuruldu. Ümumilikdə erməni tərəfin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edildi və sıradan çıxarıldı. Silahlı Qüvvələrimiz düşmənin hərbi texnikasını yalnız məhv etmir, həm də qənimət kim ələ keçirirdilər. Oktaybrın 9-da cəbhənin istiqamətlərindən birində qarşı tərəfin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə qənimət kimi götürüldü.


Azərbaycan Ordusunun düşmənə vurduğu zərbələrin miqyası və uğurları o qədər danılmaz idi ki, Ermənistan istər-istəməz düçar olduğu itkiləri etiraf etmək məcburiyyətində qaldı. Sözsüz ki, sağalmaz yaralarının miqyasını kiçiltmək şərtilə. Həmin gün daha 26 hərbi qulluqçunun öldüyünü açıqlayan Ermənistan müdafiə nazirliyi müharibənin 13 günü ərzində şəxsi heyət arasında itkinin cəmi-cümlətanı 385-ə çatdığını dedi.

Lakin sosial şəbəkələrin Ermənistan seqmentində erməni istifadəçilərin paylaşdıqları xəbərdə cəbhə bölgəsində Ermənistanın 5 minə yaxın zabit və əsgər heyətinin “yoxa çıxdığı” və onlar barədə indiyədək heç bir məlumat olmadığı bildirilirdi.

Vətəndaşlar Müdafiə nazirliyini real itkiləri gizlətməkdə günahlandırır və Azərbaycana qarşı müharibəyə zorla göndərilmiş, itkin düşdüyü bildirilən yaxınlarının, qohumlarının fotolarını yayaraq İrəvanın yalanlarını ifşa edirlər. Bu faktlarla işğal olunmuş ərazilərimizdə ordumuza qarşı döyüşlərdə məhz Ermənistanın və onun hərbi qüvvələrinin iştirak etdiyi bir daha öz təsdiqini tapır.

Cəmi bir neçə gün əvvələ qədər lovğa-lovğa bəyanatlar səsləndirən və postlar yazan Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan artıq bir sıra ağır etiraflar etmək məcburiyyətində qaldı.

- Bəzi vətəndaşlar bu günlərdə övladlarının fotolarını sosial mediada dərc edərək onların tapılmasına kömək istəyir. Münaqişə bölgəsində şiddətli döyüşlər davam edir. Bu da öz növbəsində həlak olanların cəsədlərinin tapılmasını çətinləşdirir. Bu savaş tamamilə fərqlidir, ilk müharibədən və 2016-cı ilin Aprel döyüşlərindən fərqli olaraq bir kabusdur. Üzr istəyirik və buna anlayışla yanaşmağınızı xahiş edirik,-Artsrun Ovannisyan bildirib. Bu bəyanat Ermənistanın çoxsaylı itkilərlə üzləşdiyinin birbaşa etirafıdır.

Azərbaycan Silahlı Qüvvələrinin döyüş meydanlarında qazandığı uğurlar və erməni cəmiyyətində müharibə dəhşətlərindən artan protest əhval-ruhiyyəsi Ermənistan hakimiyyəti ölkə daxilində “xain”lər axtarışına başladı. Bu siyasətin ilk qurbanı tutduğu postda cəmi 4 ay işləmiş Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Arqişti Kyaramyan oldu. Karamyanın vəzifədən çıxarılamsının səhəri günü, MTX-nin hərbi əks-kəşfiyyat şöbəsinin rəisi Levon Şaumyan da onun arxasınca göndərildi. Yeri gəlmişkən, Karamyanı tutduğu vəzifəyə Paşinyan özü gətirdiyi kimi, Şaumyana da 2020-ci ilin yanvarında general rütbəsini şəxsən baş nazir özü təqdim etmişdi.

Bununla kifayətlənməyən Ermənistan hakimiyyəti münaqişənin genişlənməsini bəhanə gətirərək sentyabrın 27-dən tətbiq olunan hərbi vəziyyətin sərtləşdirilməsinə və yeni məhdudiyyətlərin əlavə edilməsinə qərar verdi. Burada diqqət əsasən ölkənin müdafiə qabiliyyətinə şübhə yaradan verilişlərin yayımlanmasına qadağa qoyulmasından söhbət gedir.

“Dövlət və yerli idarəetmə orqanlarının vəzifəli şəxslərinə çıxışlar və nəşrlər daxil olmaqla hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin qanuni rejiminin təmin edilməsi ilə bağlı fəaliyyətləri tənqid edən, təkzib edən, effektivliyini şübhə ilə qarşılayan və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaq qadağandır”, - qərarda deyilir.

Bu qərarın bilavasitə Ermənistanda daxili ictimai-siyasi böhranın və cəbhə həqiqətlərinin erməni cəmiyyətinə çatdırılmasının qarşısının alınmasına hesablandığı heç bir şübhə doğurmur. Amma cidanı çuvalda gizlətmək heç vaxt və heç kimə müyəssər olmayıb.

2020-ci il oktyabrın 9-da Prezident İlham Əliyev xalqımıza müraciətində Müzəffər ordumuzun Hadrut qəsəbəsini və Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndlərini düşməndən azad etdiyi müjdəsini verdi.

Bu münasibətlə xalqımızı təbrik edən Ali Baş Komandan düşmənin dərin eşalonlanmış müdafiə sisteminin, mühəndis-istehkam qurğularını yarıb-keçməyin çətin olduğunu vurğulayaraq, Azərbaycanın bütün uğurları az itkilər hesabına qazanmaq taktikasını seçdiyini bildirib.

Artıq ciddi itkilər verən və bu acı reallığı gizlədə bilməyən Ermənistan hakimiyyəti panika və isterika içində müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm şəkildə zəng vuraraq, onları minnətçi salmağa başladı. Müharibənin 13-cü günü Fransa prezidenti Emmanuel Makronun dövlət başçımıza zəng vuraraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə etməsi də məhz bu qəbildən olan yalvarışlardan biri idi. Azərbaycan Prezidentinin Ermənistana havadarlıq edənlərə və hərbi əməliyyatları dayandırmağa çağıranlara yeganə və tam haqlı bir cavab verirdi: “Ermənistan hakimiyyəti bizim ərazilərdən çıxmaq öhdəliyini götürsün və bunun yol xəritəsini bizə təqdim etsin. Bu tələb yerinə yetirilən kimi biz müharibəni dayandırmağa hazırıq”. Həmin gün xalqımıza müraciətində də Prezident İlham Əliyev Azərbaycanın status-kvonu biz döyüş meydanında dəyişdiyini və torpaqlarımızdan çıxmaq üçün düşmənə sonuncu şansı verdiyimizi bildirdi.

Silahlı Qüvvələrimizin uğurlarından narahat olan Ermənistanın havadarları isə hər vəchlə Azərbaycanın qanlı müharibənin səbəbkarı kimi qələmə verməyə və rəsmi Bakıya təzyiq göstərməyə çalışırdılar. Müharibənin 13-cü günü Azərbaycan Prezidentinin “CNN International” televiziya kanalının “The Connect World” verilişinə müsahibəsində təxribat xarakterli məkrli suallar verən və qərəzli mövqe sərgiləyən aparıcının simasında biz bunun növbəti dəfə şahidi olduq. Amma Prezident İlham Əliyevin həqiqətə söykənən sərrast cavabları onun guya Azərbaycanın müharibədə dinc ermənilərə qarşı kassetli bombalardan istifadə etməsindən və gələcəkdə onları etnik təmizləmə siyasətinə məruz qoya biləcəyi təhülkəsindən “narahatlığını” alt-üst etdi.
Bununla da, Azərbaycan prezidenti bir daha bizim mülki vətəndaşlarla müharibə aparmadığımızı beynəlxalq aləmin diqqətinə çatdırdı. Halbuki, hər gün məhz Ermənistan belə müharibə apardığını yeni-yeni faciələr törətməklə sübuta yetiridi.

Müharibənin 13-cü günü erməni tərəfin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonlarının ərazilərini intensiv şəkildə atəşə tutması nəticəsində 7 nəfər yaralandı, bir neçə mülki obyekt isə yandı.

Azərbaycan Baş Prokurorluğun mətbuat xidməti Ermənistanın bu cinayətləri nəticəsində sentyabrın 27-dən oktyabrın 9-dək 31 mülki soydaşımızın həlak olduğunu, 168-nin isə xəsarət aldığını bildirdi. Eyni zamanda 1091 ev, 143 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.

Azərbaycana qarşı 30 il davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Rəsmi məlumata əsasən, işğal altındakı ərazilərimizdə 67 məscid, 144 məbəd və ziyarətgah və 900-dən artıq qəbiristanlıq olub. İşğal illərində çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib. Onların bir qismi saxtalaşdırılaraq erməniləşdirilib. Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun ərazisində yerləşən Yuxarı və Aşağı Gövhər Ağa məscidləri (Şuşa), Saatlı məscidi (Şuşa) və Ağdamda Cümə məscidi dağıdılıb, Ağoğlan (Laçın rayonu) , Xudavəng (Kəlbəcər rayonu), Gəncəsər məbədləri (Ağdərə rayonu) və sair erməniləşdirilərək qriqoryanlaşdırılıb. 2016-cı ildə baş verən Aprel döyüşləri zamanı Ermənistan silahlı birləşmələrinin törətdiyi təxribatlar nəticəsində Ağdam və Tərtər rayonlarının ərazilərində başqa məntəqələrlə yanaşı, XIX əsrə aid tarixi-dini abidələr də erməni vandalizminə məruz qalmış, bəzi məscidlərə isə ciddi ziyan dəyib. Amma nədənsə bu dəhşətli reallıq qərbin, regional və beynəlxalq təşkilatalrın “diqqət”indən kənarda qalıb. Necə ki, oktyabrın 9-da Su elektrik stansiyasının yerləşdiyi Mingəçeviri Ermənistanın ballistik raketlə vurmaq cəhdinə həmin qurumlar heç bir reaksiya vermədilər. Niyə bu təşkilatlar həmin raketi Azərbaycan HHM qüvvələri aşkarlayıb 20 kilometrdən artıq hündürlükdə məhv etməsə idi hansı faciənin törənə biləcəyinin fərqinə də varmadılar. Görəsən niyə?


Amma Azərbaycanın haqq işini dəstəkləyən dostların da sayı günü-gündən artırdı. Bu kontekstdə Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilmiş Nazirlər səviyyəsində görüşünün iştirakçılarının qəbul etdiyi xüsusi bəyanat 120 ölkənin təmsil olunduğu bir qurumun əlahiddə dəstəyi idi.

Azərbaycanın haqq işinə bilavasitə dəstəyin bir təzahürü də Orta Şərq tarixinin tanınmış tədqiqatçısı, erməni əsilli tarixçi Filip Ekozyantsın öz “Facebook” səhifəsində Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ilə bağlı hazırda erməni diaspor nümayəndələri tərəfindən təbliğ olunan yalan fikirləri təkzib edən videomüraciətdə “Azərbaycan öz ərazisində mübarizə aparır” i fadəsi oldu.

İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik isə Azərbaycanda heç vaxt antisemitizm olmadığını və bu baxımdan digər ölkələrə nümunə ola biləcəyini vurğuladı. Bu məhz Azərbaycanda mövcud olan etnokonfessional tolerantlığa verilən yüksək qiymət idi. Müharibədən əvvəl də, müharibə dövründə də Prezident İlham Əliyev bütün çıxışlarında və müsahibələrində bu günün özündə də Azərbaycanda minlərlə erməninin yaşadığını xüsusi vurğulayıb.



Müharibənin 13-cü günün sonunda isə Azərbaycan Prezidenti verdiyi müsahibədə bir daha Nikol Paşinyana müraciət ünvanladı: “Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, biz danışıqlara hazırıq”.
Amma artıq bir qanadı sındırılmış Nikol Paşinyan hələ “uçmağı” və bu cür təkqanadlı “uçuşla” Ermənistanı uçuruma aparmağı üstün tutdu. Daha doğrusu ona pərdə arxasından “qorxma-qorxma” deyənlər və misilsiz dəstək vədləri verənlər Paşinyanı əslində sürünməyi xatırladan bu “uçuş”a sövq etdilər.


Sahil İsgəndərov
Azvision.az


Teqlər: Müharibə   Uçanquş  





Xəbər lenti