Hesablama Palatası Dünya Bankının aqrar layihəsini qiymətləndirib
Lakin, layihənin icrası müddətində kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrinə aid dövlət sektorunda əsaslı institusional islahatlar aparıldığından layihənin müddəti uzadılıb.
Hesablama Palatası tərəfindən aparılan audit çərçivəsində aşağıdakılar müəyyən edilib:
"Əlaqəli sahə üzrə institusional islahatlar nəticəsində layihənin icra müddətinin uzadılması onun 2013-cü ildə təsdiq edilmiş qiymətləndirmə sənədində 4 illik müddət uçün müəyyən olunmuş hədəf göstəricilərinə vaxtında nail olunmasına və ümumilikdə layihə üzrə səmərəliliyə təsirini göstərib. Bu növ layihələrin layihələndirilməsi iqtisadi təhlilə əsaslandığı üçün beynəlxalq təcrübədə orta-müddətli (3-5 il) layihələr məqsədəuyğun hesab edilir. Auditlə əhatə olunmuş “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin icra müddəti faktiki olaraq 8 ili əhatə edib. Bu baxımdan, layihənin gözlənilən nəticəliliyini müəyyən etmək məqsədini daşıyan ilkin iqtisadi təhlildə tətbiq edilmiş yanaşmalar və ehtimallar əhəmiyyətini itirib".
Palata hesab edir ki, layihə çərçivəsində keçirilmiş tədbirlər nəticəsində qida təhlükəsizliyi üzrə bacarıqların artırılmasına əhəmiyyətli dərəcədə nail olunsa da, ümumi nəticəlilik aşağı səviyyədə olub:
- Beynəlxalq ekspertlər tərəfindən müvafiq sahə üzrə müəyyən edilmiş ehtiyaclara uyğun olaraq məsləhətçi xidməti göstərilmiş və zəruri avadanlıqlar alınaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) təqdim edilmişdir. Verilmiş dəstək həm individual müffəttişin gündəlik işində tələb olunan ləvazimatlarla təchizatı, həm də AQTA-nın laboratoriyalarının maddi-texniki bazasının beynəlxalq akkreditasiyanın tələblərinə uyğunlaşdırılmasına imkan verən avadanlıqları əhatə edib;
- Qida təhlükəsizliyi üzrə fəaliyyətlərin sistemli və yüksək əhatəlilik ilə həyata keçirilməsi üçün yetərli zəmin yaradıla bilməyib;
- Ölkədə idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi məqsədilə gömrük rəsmiləşdirilməsinin aparıldığı gömrük sahəsində qida təhlükəsizliyinə nəzarət məntəqələrinin yaradılmasında nəticəliyin əldə olunmasında ləngimələr vardır;
- Bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsinə əhəmiyyətli dərəcədə nail olunub:
- Fitosanitar sistemin təkmilləşdirilməsi və zərərvericilərin risk analizinin təmin edilməsi istiqamətində təlimatlar hazırlanmış, seminar və təlimlər keçirilib;
- “Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərverici orqanizmlər” adlı atlas hazırlanmış və elektron versiyası ictimaiyyət üçün əlçatan mənbədə yerləşdirilib;
- Layihə çərçivəsində hazırlanmış bitki sağlamlığı üzrə bakalavr dərəcəli tələbələrin kurikulumu ilə yanaşı, magistr və fəlsəfə doktorları üçün tədris planının hazırlanmasına baxmayaraq, ölkədə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislərin və laboratoriya infrastrukturunun olmaması səbəbindən onların tətbiqi mümkün olmayıb;
- Layihə çərçivəsində keçirilmiş tədbirlərin ölkədaxili heyvan sağlamlığına və baytarlıq xidmətlərinin inkişafına əhəmiyyətli dərəcədə təsiri olmayıb;
- Ölkədə iri və xırda buynuzlu heyvanlarda brusellyoz xəstəliyinə qarşı yeni mübarizə strategiyası həyata keçirilmiş və nəticə etibarı ilə xəstəliyin yayılma prevalentlik faizi ümumi olaraq aşağı ensə də, bəzi rayonlarda rayon (əsasən sərhəd, dağ və mal bazarına yaxın ərazilərdə olan sürülərdə) baytar həkimlərinin məlumatlarına görə heyvanların indentifikasiya olunmaması, sərhəd keçid məntəqələrindən idxal olunan diri heyvanların epizootik durumuna nəzarətin lazımi qaydada olmaması, heyvanların daxili yerdəyişmələrinin, o cümlədən bazarlara satışa aparılması, yaylaq və qışlaqlara sürülərin aparılması və nəzarət edilməməsi, kəskin baytar həkim çatışmazlığı, xəstə heyvanların dövriyyədən xaric edilməsi mexanizminin tətbiq edilməməsi kimi səbəblərdən xəstəliyə yoluxmuş heyvanların prevalentlik faizi artıb;
- Qida təhlükəsizliyinin təmin olunması üçün heyvanların identifikasiyası sisteminin, o cümlədən hər bir baş heyvanın və heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” izlənməsinə imkan yaradılması məqsədilə həyata keçirilən bəzi tədbirlər, o cümlədən, təsərrüfatların qeydiyyatı və heyvanların identifikasiyası sisteminin yaradılması üçün proqram təminatının hazırlanması və ölkədə heyvanların qeydiyyat sisteminin qurulmasına başlanılsa da, indentifikasiyası aparılmamış, bu isə eyni zamanda peyvəndləmə tədbirlərinin planlaması və icrasının daha dəqiq aparılması üçün əlverişli şərait yaratmamaqla əlavə büdcə xərclərinə tələbatı artırır;
- Bəzi həmsərhəd ölkələrdən Azərbaycana idxal edilən iri buynuzlu heyvanlar və xırda buynuzlu heyvanlar arasında sərhəd keçid məntəqələrini keçərkən bruselyoza yoluxma hallarının aşkar edilməməsi və heyvanların ölkə ərazisinə daxil olandan sonra yoxlanılması daxildə yoluxma riskini artırmaqla, identifikasıya olunmamış heyvanların sonrakı hərəkətinə nəzarəti çətinləşdirir;
- Ölkə üzrə baytar həkimi və baytar feldşerlərinin sayı normalara əsasən hesablanmış tələbatdan ciddi şəkildə azlıq təşkil edir. Digər tərəfdən, bu sahə üzrə yeni kadr ehtiyatının formalaşması işi qaneedici səviyyədə və həcmlərdə deyildir;
- Baytarlıq xidmətləri üzrə özəl sektorun genişləndirilməsinə yönəlmiş fəaliyyətlərin davam etdirilməsinə və sürətləndirilməsinə zərurət vardır;
- Həyata keçirilmiş investisiya fəaliyyəti və göstərilmiş məsləhət xidmətləri aqrobiznes sahəsində dəyər zəncirinin inkişafına müsbət təsiri olub;
- Layihə çərçivəsində qrantlar vasitəsilə dəyər zəncirinin yaradılması prosesinə dəstək göstərilməsinin nəticəsi olaraq, yeni yaradılmış dəyər zəncirinə layihədə nəzərdə tutulmayan digər məhsul istehsalçılarının da həmin zəncirə artıq qoşulduqları, bir qisminin də qoşulmaq əzmində olduqları müşahidə edilib.
Palatanın qənaətinə görə, layihə çərçivəsində həyata keçirilmiş tədbirlər toxum sektorunun inkişafına əhəmiyyətli dərəcədə təsir etməyib:
- Keyfiyyəti və mənşəyi bilinməyən toxum məhsullarının bazar vasitəsilə dövriyyəsi son nəticədə istehlakçı hüquqlarının pozulmasına, istehlakçının keyfiyyətsiz toxumun istifadəsi üzrə aşağı məhsuldarlıq nəticəsilə üzləşdikdə isə iqtisadi səmərəsinə təsir etmiş olur.
Auditin nəticəsinə əsasən, müvəkkil banklar üçün kredit xətlərinin açılmasının nəticəliliyi aşağı səviyyədə olub:
- Layihə çərçivəsində kənd təsərrüfatı sahəsinin kreditləşməsində innovativ maliyyə dəstəyinin tətbiq olunmaması, həmçinin eyni təyinatlı kredit məhsulları üzrə təklifin alternativlərinin daha əlverişli olması bu istiqamət üzrə nəticəliliyə mənfi təsir edib. Ölkədə kənd təsərrüfatı sahəsinin güzəştli (layihədən daha aşağı faizlərlə) kreditlərlə maliyyələşdirilməsini həyata keçirən Sahibkarlığın İnkişaf Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kimi digər dövlət qurumları mövcuddur.
Palata hesab edir ki, həyata keçirilmiş tədbirlərin maliyyə institutlarının potensialının gücləndirilməsinə töhfəsi əhəmiyyətli olmayıb:
- Ölkənin bank sektorunun fəaliyyəti üzrə, o cümlədən, kredit müddətlərinin uzunmüddətli olması, kommersiya kredit faizlərinin həddindən artıq yüksək olması, banklarda müvafiq sahə üzrə dar ixtisaslaşmış kadrların çatışmazlığı, fiziki şəxslərin gəlirləri üzrə hesabatlılığın olmaması, fermerlərin təşkilatlanma (birləşməyə və ya birgə fəaliyyət göstərməyə) meylinin zəif olması, fermerlərin istehsal etdiyi məhsulların satış bazarlarına çıxarılması və satışına banklar tərəfindən əməkdaşlıq edərək dəstək verilməməsi, ölkənin kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübələrə əsaslanaraq, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə biznesin maliyyələşdirməsi, kreditləşmə üzrə risklərin minumuma endirilməsi, etibarlı, güvənli bank-sahibkar mühitinin yaradılması, inkişaf etdirilməsi, bankların likvidliyinin daha etibarlı təmin edilməsi, bu proseslərə aktiv qoşulması və dəstək göstərməsi yaxın dövrdə kifayət qədər ümidverici görsənmədiyini deməyə əsas verib.
Hesab edilir ki, kənd təsərrüfatında sığorta sisteminin inkişafı baxımından həyata keçirilmiş tədbirlər nəticəli olmayıb. Kənd təsərrüfatında fermerlərin birləşməsi, kooperasiyalar, aqrobizness dəyər zəncirinin yaradılması formasında fəaliyyət göstərilməsi üçün təşkilatlanma prosesinin zəif və ya çox ləng getməsi eyni zamanda aqrar sığorta tədbirlərinin operativ həyata keçirilməsi risklərini yüksəltməklə, Sığorta Fondunun ehtiyyatlı davranmasını şərtləndirir. Bu isə öz növbəsində Fondun rentabelli fəaliyyət göstərməsini təmin etməməklə yanaşı, bu sahədə çox vacib olan sığorta proseslərini dinamik inkişaf etdirməsini ləngidir.
Auditin nəticəsinə görə, layihənin maliyyə idarəçiliyində, xüsusilə də nəzərdə tutulmuş dövlət büdcəsi vəsaitinin cəlb olunmasında görülmüş tədbirlər qənaətlilik və səmərəlilik baxımından qeyri-məqbul səviyyədə olub:
"Azərbaycan hökumətinin iştirak payının nəzərdə tutulduğu həcmlərdə və müvafiq icra qrafikinə uyğun dövlət büdcəsindən ayrılmaması nəticəsində 31 dekabr 2020-ci il tarixinə layihənin ABB-dəki hesabında 11 milyon 101 min 051,63 manat məbləğində vəsait qalığı formalaşıb. Qeyd edilməlidir ki, hökumət payı olaraq dövlət büdcəsindən layihənin Azərbaycan Beynəlxalq Bankındakı müvafiq hesabına 10,2 milyon manat məbləğində sonuncu ödəniş 20 mart 2020-ci il tarixində həyata keçirilib".
AzVision.az
Teqlər: Hesablama-palatası Düenya-bankı