Büdcə-2022: Maliyyə ilindən gözləntilər – TƏHLİL

      Büdcə-2022:    Maliyyə ilindən gözləntilər –    TƏHLİL
  19 Dekabr 2021    Oxunub:1275
Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor

Gələn ilin dövlət büdcəsi bir sıra parametrlərinə görə diqqəti cəlb edir. Hər şeydən əvvəl, bu, həcminə görə Azərbaycanın müstəqillik dövründəki ən böyük büdcəsidir. Onun gəlirləri 26 milyard 816 milyon manat (16 milyard dollara yaxın), xərcləri 29 milyard 879 milyon manat (17 milyard dollardan çox) olacaq.
Büdcəmiz Ümumi Daxili Məhsulun 32,5 faizi səviyyəsindədir. Yada salaq ki, 2021-ci ilin büdcəsi ÜDM-in 33,6 faizi həcmində idi. Bu rəqəmi nizamlamaqla hökumət iqtisadiyyatın inkişafı üçün “nəfəslik açır”. ÜDM-in büdcəyə cəlb olunma faizi nə qədər azdırsa, dəyər yaradanların əlində sosial-iqtisadi inkişafları üçün bir o qədər artıq vəsait qalır.

Beləliklə, gələn il büdcənin gəlirləri cari illə müqayisədə 980 milyon manat, xərcləri isə 431 milyon manat artıqdır. Gəlirlər 2021-ci illə müqayisədə 5,4 faiz, xərclər 4,7 faiz çoxdur. Nələrin hesabına? Yəni büdcənin strukturu nədən xəbər verir?

Müdafiə və təhlükəsizlik xərcləri 96 milyon manat azaldılsa da, yenə də kifayət qədər böyük rəqəmdir: 4 milyard 490 milyon. Yəni bir tərəfdən, ordu quruculuğu prioritet olaraq qalır (“Dəmir yumruq yerindədir!”), bu məbləğ müasir silahlar almaq və hərbi sənayeni inkişaf etdirmək üçün kifayətdir; digər tərəfdən isə Azərbaycan simvolik olaraq göstərir ki, silahlanma yarışına çıxmayıb.

Təhsil xərcləri 3 milyard 884 milyon manat olmaqla, 2021-ci illə müqayisədə 607 milyon manat çoxdur. Bu, dövlətin təhsil siyasətilə bağlı ciddi niyyətlərinin ifadəsi sayıla bilər.

Gələn il büdcədən ancaq 14 rayona vəsait ayrılacaq ki, bunların da 7-si Qarabağ və Şərqi Zəngəzurda yerləşir, yəni hələ özlərini dolandıra bilməzlər. Qalan rayonlar dövlət büdcəsindən asılı olmamalıdırlar. Bu, vacib məqam yerli idaerəetmə siyasətinin büdcədəki əksi sayıla bilər. Maraqlıdır ki, hətta işğaldan azad olunan şəhər və rayonlarımızdan Şuşa, Füzuli və Qubadlı gələn ildən artıq özlərini dolandıra biləcəklər.

Ümumiyyətlə, 2022-ci ilə çox ümidlər bəslənilir. Bu il pandemiyadan çıxış ili idi, gələn il isə pandemiyadan sonrakı inkişaf ili olacaq. Gələn il 2019-cu ildən sonra ikinci böyük sosial artımlar paketi həyata keçiriləcək ki, bu da büdcədə əksini tapıb. 2022-ci ilin büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 565 milyon 794 min manat nəzərdə tutulub.

Geniş mənada yanaşsaq, büdcəmiz həmişə bu və ya digər dərəcədə sosial xarakter daşıyıb. Amma təbii ki, pensiyaların indeksasiyası istisna olmaqla, hər il büdcədən sosial istiqamətdə xərclərin artımı baş vermir. Belə artımlar adətən bir neçə ildən bir həyata keçirilir.

Gələn ilin büdcəsində bütün sosial xərclər birlikdə 46,4 faiz təşkil etməklə, 2021-ci illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artıq olacaq. Söhbət 13 milyard 851 milyon manat vəsaitdən gedir. Həmin vəsaitin 60 faizi əməyin ödənilməsinə yönəldiləcək. Sosial təminat xərcləri üçün isə dövlət büdcəsində 3 milyard 566 milyon manat planlaşdırılır. Bunun hesabına maaşların, pensiyaların, müavinətlərin və digər ödənişlərin 2 milyondan çox insanı əhatə edən artımı həyata keçiriləcək.

Bəs gəlirlərin strukturu nə deyir? Büdcə öhdəliyi cari illə müqayisədə ən çox artan qurum Vergi Xidmətidir. Onun 26 faiz, yaxud 1 milyard 888 milyon manat daha çox vergi yığıb, büdcəyə köçürəcəyi proqnozlaşdırılır. Dövlət Gömrük Komitəsinin öhdəliyi isə 9,2 faiz və ya 360 milyon manat artırılıb.
Əsas narahatlıq doğuran məqam Neft Fondundan transfertin yüksək səviyyədə qalmasıdır. Gələn il büdcənin gəlirlərinin 52,4 faizi neft sektorunun, 47,6 faizi isə qeyri-neft sektorunun payına düşəcək. Bu, ölkə iqtisadiyyatının diversifikasiyası baxımından o qədər də yaxşı hal olmamaqla, dünya neft bazarından asılılığının qalacağı deməkdir. Hökumət heç olmasa 2023-cü ildən bu sahədə vəziyyəti əsaslı şəkildə dəyişməlidir.

Xatırladım ki, dövlət başçımızın 2016-cı ildə təsdiqlədiyi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən, 2025-ci ildə dövlət sektorunda Neft Fondundan transfert hesabına maliyyələşdirilən xərclərin payı 15 faizə endirilməlidir. 2025-ci ilə isə elə bir şey qalmayıb axı…


Teqlər: Büdcə  





Xəbər lenti