Bir aydır dünyanı düşündürən sirr – TƏHLİL

Bir aydır dünyanı düşündürən sirr – TƏHLİL
  07 Aprel 2014    Oxunub:2443
İtmiş təyyarədə bioloji silah daşınıb?
Aprelin 8-də Malayziyaya məxsus “Boinq - 777” təyyarəsinin itməsinin bir ayı tamam olacaq. Hələ tarixdə belə bir şey olmamışdı ki, təyyarə yoxa çıxsın, 26 ölkə onu bir ay axtarsın və heç izinə də düşə bilməsinlər. Elə isə, bu, nə işdir belə?

“Boinq – 777” təyyarəsi martın 8-i gecə MH370 saylı reyslə Kuala-Lumpurdan Pekinə uçurdu. Havaya qalxandan iki saat sonra təyyarə radarlardan itib. Laynerdə 227 sərnişin və 12 nəfər ekipaj üzvü olub.

Əgər təyyarə Kuala-Lumpur – Pekin xəttinin hər hansı bir nöqtəsində qəzaya uğrasa, xiasedicilər onu çoxdan tapmışdılar. Üstəlik, qəza baş verdiyi halda, ekipaj da dispetçerə xəbər edə bilərdi: 10 kilometr yüksəklikdən təyyarənin yerə düşməsi bir neçə dəqiqə çəkir və bu müddətdə xeyli informasiya ötürmək olardı. Amma təyyarə eyni anda bütün rabitə kanallarını söndürüb, radardan itib, dispetçerlə əlaqə kəsilib. Əgər təyyarə partlasaydı, belə ola bilərdi. Amma partlayış olmayıb.

Bütün bunlardan əlavə, “Boniq”in mühərriklərinin ayrıca, avtonom radiomayakları var. Onlar öz vəziyyətləri haqqında efirə davamlı siqnallar verirlər. Təyyarə ilə bütün əlaqə kəsiləndən sonra daha iki saat ərzində onun mühərrikəri siqnallar göndərməkdə davam edib. Demək, mühərriklər daha iki saat işləyiblər.

Hind okeanındakı Dieqo-Qarsia atolunda ABŞ-ın hərbi dəniz bazası yerləşir. Onun radarları Siam körfəsinin üzərində təyyarənin şimala doğru uçmaq əvəzinə, qərbə döndüyünü qeydə alıb. Amma sonra “Boinq” bu radarlardan da itib.

Təyyarə kimin badına gedib? Terrorçuların? Xüsusi xidmətlərin? Məsələ ondadır ki, terror versiyası az inandırıcıdır. Bu halda ən azından, pilotlar kabinənin qapsını bloklayaraq, dispetçerə xəbər verə bilərdilər. Əlbəttə, əgər özləri də terrorçularla əlbir olmayıblarsa. Amma terrorçular təyyarəni qaçırsalar, ya partlasalar, çoxdan bu barədə dünyaya car çəkmişdilər.

Ekspertlər təyyarənin sərmişinlərinin siyahısına diqqət yetirirlər. Onların arasında Amerikanın yüksək texnologiyalar üzrə ixtisaslaşmış Freescale firmasının 20 əməkdaşı da var. Maraqlıdır ki, Freescale firması həm də təyyarələri radarlar üçün görünməz edən texnologiyaları öyrənir. Pol Uiks adlı avstraliyalı isə təyyarə ilə uçmazdan əvvəl arvadı ilə halallaşıb və nişan üzüyünü ona qaytararaq, toyunda oğluna verməsini vəsiyyət edib.

Niyə 26 ölkə bu təyyarəni axtarır? Həm də sanki bir-biri ilə yarışa girmiş kimi. Məlumatların çoxu məxfiləşdrilib. Ən böyük sirr isə təyyarənin daşıdığı yüklə bağlıdır. Malayziya hökuməti əvvəlcə bunu məxfi məlumat elan eləmişdi. Sonra dünya ictimai rəyinə qarşı çıxmamaq üçün bəyan etdilər ki, təyyarə litium akkumlyatorları daşıyırmış. Nə olsun? Bunu gizlətməyə nə hacət vardı ki? Demək, əslində təyyarə nəsə başqa bir şey daşıyıb.

Ölkələrin təyyarəni tapmaq cəhdlərini və əməliyyatların məxfiliyini şərh edən analitikər belə bir ehtimalı istisna etmir ki, həmin dövlətlərdən hansısa özü təyyarəni vurub, indi də izləri ört-basdır etməyə çalışır. `Təyyarəni niyə vurmalı idi?` sualının cavabı isə sadədir: Əgər layneri terrorçular ələ keçirib və hansısa obyektə qarşı yönəldiblərsə, ən yaxşı çıxış yolu onu yubanmadan okeanın üzərində vurmaqdır. Aydındır ki, vuran tərəf bunu etdiyini hər yolla ört-basdır etməyə çalışacaq.

Konspirologiya həvəskarları başqa versiyaya daha çox meyillənirlər: təyyarədə əslində çox təhlükəli yük – ola bilsin ki, Amerikaya məxsus bioloji silah daşınıb. Və onu amerikalı mühafizəçilər müşayiət ediblər. Amma Çin hökuməti təyyarəni qəbul etməkdən imtina etdiyi üçün ekipaj qərbə - ABŞ-ın Dieqo-Qarsia hərbi-dəniz bazasına tərəf dönüb. Amma onlar da layneri qəbul etmək istəməyiblər. Bu halda təyyarə Avstraliyaya uçmaq istəyib, amma yanacağı bitib və okeana düşüb.

Bu versiyanı irəli sürənlər iddia edirlər ki, əslində pilotların dispetçerlə əlaqəsi kəsilməyib, sadəcə, danışıqlar məxfiləşdirilib və gizlədilir.

Ola bilər ki, bioloji silahın yerləşdiyi konteynerin hermetikliyi pozulub və təhlükəli virus insanlara yoluxub, ona görə heç bir tərəf təyyarəni qəbul etmək istəməyib. Bu, artıq Hollivud ssenarisinə oxşayır. Amma əgər versiya həqiqətdirsə, onda azdlığa çıxan virus bütün dünya üçün təhlükə ola bilər. Bəlkə də buna görə də bütün maraqlı dövlətlər təyyarəni ilk növbədə özləri tapmağa çalışır və bunun üçün ciddi səylər göstərirlər.

Hər halda, bu məsələnin çox qalın sirr pərdəsinə büründüyü ortadadır. Və ola ba bilər ki, həmin sirr heç vaxt açılmasın.

Tariyel Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti