II Dünya Müharibəsinin 100 yaşlı iştirakçısı: "Prezidentə dedim ki, məni də Qarabağa göndərin" - VİDEO

 II Dünya Müharibəsinin 100 yaşlı iştirakçısı: "Prezidentə dedim ki, məni də Qarabağa göndərin" -  VİDEO
  09 May 2022    Oxunub:6341
"Döyüşün asanı olmur. Ölüm döyüşləri idi. Gözümün qabağında əsgərlər başlarını tutub yıxılırdılar. Yuxarıdan təyyarələr bomba tökürdü, yerdə isə avtomatdan güllə yağış kimi yağırdı..."

Müsahibimiz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovadır. Həmsöhbətimiz 1941-ci ildə - İkinci Dünya müharibəsi zamanı tibb bacısı kimi könüllü cəbhəyə yollanıb. Alman faşizminə qarşı döyüşlərdə şücaət göstərib.
O, müharibədən sonra uzun illər rəhbər vəzifələrdə çalışıb, xeyli müddət müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü olub. Ötən il Prezident İlham Əliyev Fatma xanımın 100 yaşının tamam olması münasibətlə onu təbrik edib və “İstiqlal” ordeni ilə təltif olunması haqqında sərəncam imzalayıb.



- Hər il 9 May gələndə onunla bağlı bütün hadisələr yadıma düşür. O illərdən bu illərə sağ gəlib çıxmışam, bu mənim üçün çox xoşdur. 100 yaşıma çatmışam, hələ özümü idarə edə bilirəm. Hələ dövlətimə lazımam - Fatma xanım qürurla deyir və fikrinə belə davam edir: Cavanlığımın 5 ili müharibədə keçdi. Şəfqət bacısı idim. Zabitəm, leytenant rütbəm var. Müharibədən qayıdandan sonra ailə qurdum. 4 övladım dünyaya gəldi. Yoldaşım cavan rəhmətə getdi. Ömrümü balalarıma, dövlətimə, xalqıma sərf etmişəm. Bununla da fəxr edirəm. Yəqin, lazımı işlə, fikirlərlə yaşamışam ki, 100 yaşa çatmışam.

Fatma xanmın 4 övladı - 3 oğlu, bir qızı olub. Xəstəliklə əlaqədar iki oğlu rəhmətə gedib. İndi bir oğlu və bir qızı qalıb.
- Qızım yanımdadır. Oğlum ailəsi ilə Amerikada yaşayır. Övlaları oradadır deyə, bunlar da müvəqqəti ora köçüblər. 15 nəvəm, 25 nəticəm var. Böyük nəvəmin 60 yaşı var. Ona babasının adını vermişəm. Nəvəm Məmməd əmisi ilə bilikdə Amerikadadır. Kiçik nəvəmin isə yaşı 30-u keçib,- deyən müsahibimiz “Nəvələr və nəticələr sizə necə baxır?” sualıma gözləri gülərək və ürəklə cavab verir: "Hamısı əla. Mən içəri girəndə sevinirlər. Biri başıma çıxır, biri ayağımdan, əlimdən dartır. Şirin balalardır. Nəvələrim də tərbiyəli, ali savadlıdırlar".

- Deyirlər, dövlətdə dəvə, övlatda nəvə. Bəs nəticə?
- Nəticə hamısından şirindir. Kötükcə ondan da şirindir. Kötükcəm yoxdur. Böyük nəticəmin 30 yaşı var. Özü də Çində yaşayır, orada işləyir. Zəngləşirik. Deyirəm gəlsin.



Söhbətimizin mövzusunu dəyişirəm. Ona işilə bağlı sual verirəm.
- Hər gün saat 9-da işə gəlirəm, 5-də evə gedirəm. Tez gedə də bilərəm. Amma getmirəm. Mən qanuna tabeyəm. Veteranlar gəlir, dövlət tərəfindən verilən tapşırıqları yerinə yetiririk. Görüşlərə gedirik. Dahilərin məzarını ziyarət edirik. Bekar qalmırıq. Hər şeyə vaxt tapırıq.

“İkinci Dünya Müharibəsindən danışaqmı?” deyib, onu keçmişə qaytarıram.
- Dəhşət idi. Xatırlayanda qəribə oluram, deyirəm, yəni mən belə ağır bir mərhələni keçmişəm?! Bizim hərbi biletimiz var idi. Orada yazılmışdı ki, əgər müharibə başlasa, 3 gün ərzində Bakının hərbi komissarlığında olmalıyıq. Biz qızlar ginekoloqluq üzrə tibbi texnikumu bitirmişdik. 300-400 qız idik.
Bizə hazırlaşmaq üçün 3 gün vaxt verdilər. Hazırlaşıb, Bakı vağzalına getdik. Orada əsgərləri aparan qatarlar var idi. Hər qatara bir həkim, bir şəfqət bacısı təyin etdilər. Beləliklə, vuruşa-vuruşa Berlinə kimi getdik. Bir ay yarım mən Leninqradın mühasirəsində olmuşam. Moskva ətrafında döyüşlərə şahidlik etmişəm. Ağır cəbhələrdə olmuşam.

Müsahibimiz 19 yaşlı bir qız üçün bu dəhşətləri görməyin çox çətin olduğunu deyir. Amma o zamanlar həyat başqa cür idi. Onların müharibəyə qatılmamaq şansları yox idi: "Komsomol idik, partiyaya üzv edilmişdik. Getməsəydik, hərbi tribunala verilib, yerindəcə güllələnərdik. Həm də bizdə vətənpərvərlik eşqi var idi. Bizim xain olmaq ixtiyarımız yox idi. Vətən xainləri güllələnirdilər.
Leninqradın mühasirəsində qalanda 100-150 qram çörək, bir az da jmıx verirdilər. Yaralılara da yumurta tozu ilə qayğanaq edib verirdik. Vəziyyət çox gərgin, ağır idi. Sağ qalan adam bir möcüzə kimi görünürdü. Müharibə idi, yeməyə çörək, içməyə su yox. Hər yerdən də güllə yağırdı. Cavanlarımız belə bir müsübət görməsinlər".



“Əsir düşən yaralı faşistlərə tibbi xidmət göstərirdinizmi?” sualımıza belə cavab verir:
- Biz şəfqət bacısı idik. Yaralının isə milləti yoxdur. Bizim yarasını sarımamağa ixtiyarımız yox idi. O da insandır da. Biz axı and içmişdik. Hər bir yaralıya, xəstəyə yardım göstərməliydik. Nadir hallarda sağ qalırdılar. Çox vaxt yaralı faşistəri öldürürdülər. Faşistlərdən azad edilən ərazilərdə ölüm düşərgələrinə rast gəlinirdi. Orada saxlanılan insanlar güclə ayaqların çəkirdilər, hamısı ac idi. Onları azad edirdik.

Fatma xanım müharibədən qayıdandan sonra ailə qurub. Həyat yoldaşı zavod direktoru imiş. Həmsöhbətimiz 4 balasını böyüdə-böyüdə həm də ali təhsil alıb. 101 yaşı haqlamış qadın “Ömür davam edir. Dövlətimin, xalqın köməkliyi ilə hələ yaşayıram. Xalqa, dövlətə qulluq edirəm”,- deyir.

Söhbət əsnasında Fatma xanım qızlarımızı danlamağa da fürsət tapır:
- Mən Azərbaycan qızlarına müracət edirəm. Qızlarım, abrınızı itrməyin, abırlı-həyalı gəzin. Oğlanlarımızdan muğayat olun. Abırı itin qabağına atıblar, it üzünü çöndərib, abıra, həyaya əl vurmayıb. Bir də görürsən səsi olmayan müğənniləri efirə çıxarırlar. Nə aşağısında, nə də yuxarısında paltar var. Ayağını da qoyub ayağının üstünə oturub. Kimə nə göstərirsən? Bəs abrın, həyan haradadır?! Biz qız olmamışıq? Biz əsgər çəkmələri ilə güllə altında olmuşuq. Vətəni sevmirsən, oğlana qiymət vermirsən, bəs sən nəsən? Ayıb deyil? Gizlində saxlanmalı şeyi aşkarda göstərməzlər. Ona görə oğlanlarımız da şuluq olublar da. Ondan nə qədər görərlər. Biz belə deyildik, saf idik. Müharibədən qeyrətlə, namula qayıtdıq.

Söhbətimizin məğzini dəyişib İkinci Qarabağ Müharibəsi haqqında danışıram.
- İkinci Qarabağ Müharibəsini izləyirdim. İlham Əliyevə dedim ki, məni də aparın müharibəyə. Məni qoruyurlar, hələ Qarabağa aparmayıblar. Şuşada kulinariya festivalında iştirak etmək itəyirdim. Aparmırlar, deyirlər, sən burada xidmət edirsən, bu bizə bəsdir. Şuşada əvəllər çox olmuşam.
İndi də Ukraynada gedən müharibəni izləyirəm. Putin düzgün etmir. Mən onunla tez-tez görüşürdüm. Bu saatı (qolundakı saata işarə edərək) Putin mənə bağışlayıb. Burada da yazlıb ki, “Rusiya prezidentindən”. Ukrayanaya çox yazığım gəlir. Odessaya çox getmişəm. Elə şey edərlər?

Söhbətimizin sonunda Fatma xanım Preziden İlham Əliyevlə şəklini göstərir: "Prezidentlə görüşəndə həmişə əl-ələ tuturam. O mənim əlimi buraxmır ki!"
Şahanə Rəhimli
VİDEO: Əhməd Xəlilov
Montaj:Bəxtiyar Məmmədov

AzVision.az

Teqlər: Dünyamüharibəsi   9May   FatmaSəttarova  







Xəbər lenti