Orbitdə “cənnət sarayı”

// Çin ən böyük kosmik stansiyanı nə üçün yaratmaq istəyir

   Orbitdə “cənnət sarayı”
  28 Sentyabr 2022    Oxunub:6361
2021-ci ilin iyununda Çin göyərtəsində üç taykonavt (Çinlilər kosmonavtları belə adlandırır) - Ne Haishenq, Lyu Bominq və Tan Xunbo olan “Shenzhou-12” gəmisini kosmosa buraxdı. Bu, 2016-cı ildən bəri ölkənin ilk insanlı missiyası idi. Komandanın vəzifəsinə adi tədqiqat işlərindən başqa, “Tyanqun” Modul Orbital Stansiyasının (TMOS)tikintisi də daxil idi.
Bu, Sovet-Rusiya “Mir” və MKS-dən sonra dünyada üçüncü, lakin daha kiçik ölçülü stansiya idi. Ekipaj üç ay TMOS stansiyasının birinci baza bölməsində - “Tyanhe”də qaldı. Onlar “Tyanqonq”u yeni modulların birləşdirilməsinə hazırlayırdılar. 2021-ci ilin iyulunda Bomin və Xunbo 13 ildə açıq kosmosa çıxan ilk taykonavtlar oldular. Həmin ilin sentyabrında sağ-salamat Yerə qayıtdılar.

İlk uğurlu missiyadan sonra 2021-ci ilin oktyabrında taykonavtlar - E Quanqfu, Vanq Yapin və Çjay Çjiqan yenidən kosmosa uçdular. Son ikisi noyabr ayında açıq kosmosa çıxdılar. Onlar stansiyanı başqa modulun yerləşdirilməsi üçün hazırlamağa və robot qolu qurmağa nail oldular.


Çinin "Tyanqun" ("Cənnət Sarayı") orbital stansiyasının tikintisinə 2021-ci ilin aprelində başlanılıb və elə onda da ilk, əsas modul "Tyanxe" işə salınıb. 2022-ci il iyulun 24-də Çin baza modulu ilə birləşən “Ventyan” elmi modulunu orbitə çıxardı. Üçüncü modul “Mentyan”ın işə salınması 2022-ci ilin oktyabrına planlaşdırılır. Yaxınlıqda uçan “Syuntyan” teleskopu isə 2023-cü ilin sonuna doğru işləməyə başlayacaq. Sonuncu formal olaraq eyni orbitdəki stansiyanın bir hissəsi olsa da, avtonom modula çevriləcək. Quraşdırıldıqda stansiyanın çəkisi təxminən 90 ton olacaq (müqayisə üçün deyək ki, BKS-in çəkisi 420 tondur).

“Tyanqun”un on il (daha beş il müddətinə uzadılması ehtimalı ilə) xidmət etməsi planlaşdırılır. Bununla belə, stansiya yəqin ki, Çinin kosmik proqramının son nöqtəsi olmayacaq.

“Tyanqun”un varisi kosmosda BKS-dən on dəfə böyük başqa bir obyekt ola bilər. Çinin “South China Morning Post” dövlət qəzetinin verdiyi məlumata görə, Elm və Texnologiya Nazirliyi nəzdindəki Çin Milli Təbiət Elmləri Fondu bir neçə kilometr uzunluğunda “ultra-böyük kosmik gəmi” yaratmaq üçün layihə hazırlayıb. Onu Beynəlxalq stansiya kimi tikmək - ayrı-ayrı modullardan yığmaq istəyirlər. Plana görə, o, “Kainatın sirlərini daha uğurla araşdırmağa” və Yer orbitində mümkün qədər uzun müddət qalmağa imkan verəcək.


ABŞ-ın Karnegi Mellon Universitetinin Robototexnika İnstitutunun dosenti Zakari Mançester qeyd edir ki, çoxkilometrlik stansiya qurmaq ideyasının mühüm məqsədi var – belə ölçülər süni cazibə qüvvəsi yaratmağa imkan verəcək. Çəkisizlikdə uzun müddət qalmaq astronavtların sağlamlığına mənfi təsir göstərir - onların əzələləri və sümükləri ciddi şəkildə zəifləyir.

Süni qravitasiya uzun müddət elmi fantastika hesab olunub. Ancaq indi alimlər buna nail oluna bilinəcəyini düşünür və mütəmadi olaraq müvafiq təcrübələr aparırlar. Fiziklər ehtimal edirlər ki, mərkəzdənqaçma qüvvəsindən istifadə edərək süni cazibə yaratmaq ən asan yoldur. Ən əlçatan seçim karuselə bənzəyən bir obyekt qurmaqdır. Halqaşəkilli çoxkilometrlik Çin stansiyası nəzəri olaraq öz daxilində süni cazibə qüvvəsi yarada biləcək. Bu, astronavtikanın bir çox mövcud problemlərini həll edəcək, sağlamlıq baxımından əhəmiyyətli risklər olmadan Marsa və ondan kənara uçmağa imkan verəcək.


NASA-nın keçmiş baş texnoloqu Meyson Pek hesab edir ki, süni cazibə qüvvəsinin yaradılması fizika baxımından mümkündür, lakin mühəndislik və maliyyə sahəsində problemlər var. Ən böyük maneə qiymətdir. Kosmosda belə böyük bir obyektin inşası çoxlu xərc tələb edəcək. Uzunluğu 109 metr olan MKS-in tikintisi təxminən 100 milyard dollara başa gəlib. Bir neçə dəfə böyük stansiyanın tikintisi bir ölkə üçün qeyri-mümkün ola bilər.

Pek eyni zamanda qeyd edir ki, qiymət obyektlərin kütləsinə görə artır: "Əgər biz sadəcə uzun, lakin ağır olmayan bir şeydən danışırıqsa, bu, başqa bir məsələdir". İndi çinli mühəndislər nəhəng stansiya qurmaq üçün modulların çəkisini azaltmağı öyrənirlər. Bu problemi həll edə bilsələr, hökumət gələcək tədqiqatlar üçün ilkin olaraq 2,3 milyard dollar qrant ayıracaq.

Nadir Quliyev
AzVision.az



Teqlər: Kosmos   Çin  





Xəbər lenti