Səfər çərçivəsində media nümayəndələri Quba Rayon Mərkəzi Xəstəxanası, Quba Müalicə-Diaqnostika Mərkəzi və Quba Regional Perinatal Mərkəzdə olublar.
Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bldirib ki, icbari tibbi sığortanın hədəflədiyi istiqamətlərdən biri də əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaqdır.

Quba Rayon Mərkəzi Xəstəxanası ölkə başçısının tapşırğı ilə əsaslı təmir edilmiş və müasir yeni avadanlıqlarla təchiz edilmiş xəstəxanalardandır.
- Quba Rayon Mərkəzi Xəstəxanasında yaradılan şərait və burada yüksək ixtisaslı kadrların olması şimal bölgəsinin əhalisinin icbari tibbi sığorta çərçivəsində keyfiyyətli tibbi xidmətlərinə əlçatanlığını artırır- H.İbrahimli qeyd edib.
Onun sözlərinə görə, Quba rayonunda icbari tibbi sığorta tətbiq olunmağa başlayandan sonra müraciətlərin sayı kəskin çoxalıb:
“Əvvəlki illərlə müqayisədə müraciətlərin sayı bir neçə dəfə artıb. Məsələn, 2019-cu ildə ambulator tibbi xidmət üçün 44 810 müraciət daxil olmuşdusa, 2020-ci ildə müraciətlərin sayı 147 903-ə yüksəlib. Son 3 il ərzində xəstəxanaya 470 045 müraciət daxil olub. Müraciətlər üzrə 1 474 148 ambulator, 47 241 stasionar xidmət göstərilib. Son 3 il ərzində 14 211 cərrahi əməliyyat icra olunub”.
H.İbrahimli qeyd edib ki, eyni zamanda xəstəxanada qazilərlə bağlı vahid koordinasiya mərkəzi yaradılıb. Belə ki, digər regionlarda da tətbiq edilən bu təcrübə nəticəsində şəhid ailələri və qazilər növbə gözləmədən onlar üçün lazımi tibbi xidmətlərdən yararlana bilərlər. Həmçinin istədikləri özəl tibb müəssisəsində müayinə və müalicə olunmaq üçün göndəriş ala bilərlər.

Tanışlıq çərçivəsində Xəstəxananın direktoru Əliyar Sərvərov jurnalistlərə rayon ərazisində 4 Ailə Sağlamlıq Mərkəzi, 18 kənd həkim məntəqəsi və 92 kənd tibb məntəqəsinin ilkin tibbi-sanitariya yardımı üzrə fəaliyyət göstərdiyini bildirib.

Quba rayonunda icbari tibbi sığortanın tətbiqinə 2020-ci ildən başlanılıb. Sistemin tətbiqi ilə əlaqədar olaraq tibb müəssisəsinin inzibati strukturuna dəyişiklik edilərək yenidən qurulub. İlkin tibbi-sanitariya yardımının gücləndirilməsi və icbari tibbi sığortanın tətbiqini effektiv təmin etmək məqsədi ilə xəstəxananın tərkibində Ailə Sağlamlıq Mərkəzləri, Sığortanın təşkili və innovasiya, Xəstə xidmətləri şöbələri yaradılıb.
Direktor qeyd edib ki, təcili yardımın keyfiyyətini artırmaq məqsədilə xəstəxananın qəbul şöbəsinin bazasında Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi yaradılıb: “Burada xəstələrin vəziyyətinin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub. Şöbədə təcili vəziyyətlərə uyğun olaraq cərrah, travmatoloq, pediatr, terapevt həkimlər olur. Təcili vəziyyətdə gələn xəstələrin vəziyyəti ağır olduqda onları burada 24 saat saxlamaq imkanımız da var. Belə ki, şöbədə 12 çarpayımız mövcuddur. Bura əsasən yol nəqliyyat hadisələri, yüksək qızdırma, infarkt və bu kimi problemlərlə müraciət edirlər. Bu şöbəyə gün ərzində 40-50 müraciət daxil olur”.

Xəstəxanada icbari tibbi sığortanın tətbiqindən sonra son nəsil avadanlıqlarla təmin olunmuş Vərəm əleyhinə bakterioloji laboratoriya fəaliyyətə başlayıb.
Ümumilikdə, tibb müəssisəsi 20 şöbədən ibarətdir. 331 çarpayılıq xəstəxanada Radiologiya, Laboratoriya, Terapiya, Travmatologiya, Cərrahiyyə, Reanimasiya, Uşaq, Yoluxucu, Nevrologiya, Doğum, Hemodializ və digər şöbələr fəaliyyət göstərir.
Ə.Sərvərov gün ərzində 1200-1500 ambulator müracətin olduğunu bildirib. O qeyd edib ki, xəstəxanada 4000-ə yaxın xidmət göstərilir.
Media-tur zamanı jurnalistlər xəstəxananın şöbələrini gəzib və icbari tibbi sığortanın tətbiqindən sonra burada quraşdırılan müasir tibbi avadanlıqlar və cihazların xüsusiyyətləri barədə məlumatlandırılıblar. Ağır xəstələrə dərman maddələrinin uyğun dozada yeridilməsi üçün Reanimasiya şöbəsi infuzomatlarla təchiz edilib. Həmçinin şöbədə 15 ədəd süni tənəffüs aparatı quraşdırılıb.

Bildirilib ki, xəstəxana EMQ (Elektromioqrafiya), EKQ (Elektrokardioqramma), USM (Ultrasəs müayinəsi), Rentgenoskopiya, Kolonoskopiya, KT (Kompüter tomoqrafiyası) və göz müayinələri üçün lazımi avadanlıqlarla təchiz olunub. Xəstəxanada rayon və şimal bölgəsinin sakinlərinə keyfiyyətli tibbi xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb.
Xəstəxanın direktoru təcili tibbi yardım maşınları ilə gətirilən xəstələrə anında lazımi ilkin tibbi yardımın göstərilməsi üçün yeni layihəyə başlanıldığını bildirib. Belə ki, xəstəxanın iki TTY maşınında videokamera quraşdırılıb:
"Onlayn bağlantı ilə biz əlaqə yaradıb, xəstənin vəziyyəti barədə məlumat əldə edirik və hansı xidmətlərin göstərilməsini deyirik. Profilli həkim tərəfindən verilən məlumatla təcili yardım maşınında həkim ilkin müdaxilə edir və xəstənin həyatını xilas etmiş oluruq. Və ya onlar bizdən uzaq olduqda və biz xəstənin bura çata bilməyəcəyini müəyən edəndə onu artıq ən yaxındakı tibb məntəqəsinə yönəldirik. Bu ilk dəfə bizdə həyata keçirilir və uğurlu olarsa respublikanın digər xəstəxanalarında da tətbiq olunacaq".

Digər bir yenilik isə ərazi üzrə təcili yardım şöbələrinin yaradılmasıdır. Ə.Sərvərov bildirib ki, Qubada 3 məntəqədə - Rustov, Qonaqkən və Vəlvələdə təcili yardım şöbələri yaradılıb.
- Bu, bizə imkan verir ki, çağırış gələn ən yaxın məntəqədən təcili yardım maşını ünvana getsin. Məsələn, bizim elə kənd var ki, ora ilə rayon mərkəzi arasında məsafə 24 km-dir. Bizim göndərdiyimiz təcili yardım ora gec çatacaq. Amma biz çağırışı yaxınlıqdakı məntəqəyə ünvanladıqda təcili yardım hadisə yerinə daha tez çatır. Nəticədə vaxtında ilkin tibbi yardım göstərilir. Bu layihələrin tətbiqi nəticəsində Quba rayonunda yol nəqliyyat hadisələri və digər hallardan ölüm azalıb.
Quba Regional Perinatal Mərkəzi ilə tanış olan media nümayəndələrinə Mərkəzin direktoru Şəhla Həsənova bildirib ki, şimal bölgəsinin yeganə üçüncü səviyyəli doğuşayardım müəssisəsində ağır hamiləlik patologiyası olan hamilələrə ixtisaslı yardım göstərilir:
-İcbari tibbi sığortanın tətbiqinə başlanıldıqdan bu günədək 7687 hamiləyə stasionar şəraitdə xidmət göstərilib. Bunlardan 75%-i risk qrupuna aid hamilələr olub. Qəbul olunan doğuş sayı isə 6863 olub. İcra olunan qeysəriyyə kəsiyi əməliyyatının sayı isə 2021 təşkil edib. Yenidoğulmuşların reanimasiya şöbəsində isə 1181 körpə müalicə alıb. Qeyd olunan müddət ərzində heç bir ana ölümü baş verməyib.
Hazırda mərkəzdə vaxtından əvvəl doğulmuş 5 uşaq küvezdə saxlanılır və onlardan ən balacası 27-ci həftədə dünyaya gələn 900 qramlıq oğlan uşağıdır. Ş.Həsənova körpənin vəziyyətinin orta ağır olduğunu və həyatda saxlamaq üçün bütün lazımi tibbi müdaxilələrin edildiyini qeyd edib.

Qeyd olunub ki, Mərkəz davamlı olaraq yeni avadanlıqlarla təchiz edilir ki, bu da tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olur. Ş. Həsənova əlavə edib ki, ötən il mərkəz yeni doğulmuşların təxliyyəsi üçün nəzərdə tutulan təcili tibbi yardım avtomobili ilə təmin olunub. İnkişaf qüsuru ilə doğulan və təcili cərrahi müdaxiləyə ehtiyacı olan körpələr Mərkəzin mütəxəssisləri tərəfindən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna təxliyyə olunurlar.
Media-tur çərçivəsində media nümayəndələri Quba RMX-də oftalmoloji müayinə olunublar.


Aytən Zəhra
AzVision.az