Ballı yarmarkadan FOTOREPORTAJ

   Ballı yarmarkadan  FOTOREPORTAJ
  02 Oktyabr 2022    Oxunub:2107
Bu gün Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.
Fətəli xan Xoyski küçəsi, 5 ünvanında yerləşən yarmarkaya ümumilikdə 120 ton arıçılıq məhsulu çıxarılıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov AzVision.az -a bildirib ki, bu gündən başlayan yarmarkaya 3 həftə davam edəcək. O qeyd edib ki, builki yarmarkanın əvvəlkilərdən bir neçə fərqi var: "Birincisi, yarmarkada Azərbaycanın bütün iqtisadi zonalarından fermerlərin iştirakını təmin etmişik. İkincisi, ilk dəfə yarmarkada Şərqi Zəngəzur və Qarabağ bölgəsindən olan fermerlərin məhz həmin bölgələrdə istehsal etdikləri məhsulların satışı təşkil olunub. İlk dəfə olaraq daha çox sayda rayondan olan fermerlərin iştirakını təmin etmişik. Bu il Azərbaycanın 47 rayonundan 250 fermer yarmarkaya qatılıb, 121 ton məhsul çıxarılıb. Bunun 100 tonu süzmə bal, 20 tonu şan balıdır. Eyni zamanda çiçək tozu, propolis və digər arıçılıq məhsulları da satışa çıxarılır. Hər il demək olar ki, aşağı-yuxarı yarmarkaya bu qədər həcmdə məhsul çıxarılır".



V.Hüseynov qeyd edib ki, çıxarılacaq məhsullardan nümunələr götürülərək analizə verilib. Analiz nəticəsi yüksək keyfiyyətli olan məhsullar yarmarkada satışa çıxarılıb. Qiymətə gəlincə nazirlik sözçüsü bunun fermerlərin öhdəliyində olduğunu bildirib:
"Qiymət müəyyənləşdirməkdə arıçılar sərbəstdir. Alıcılar istənilən qiymətə, istənilən ağız dadına uyğun arıçılıq məhsulları tapa bilərlər. Heç bir bölgəmizin məhsulu digərindən keyfiyyətcə aşağı və ya yuxarı deyil. Fermer qiymət müəyyənləşdirməkdə sərbəstdir. Təbii ki, alıcılıq qabiliyyəti var. Fermer çox yüksək qiymətə arıçılıq məhsulu satır və vətəndaşın da bunu almağa imkanı yoxdursa, o, almayacaq, fermer də satmayacaq. Vətəndaş eyni məhsulu daha ucuz qiymətə ala bilər. Fermer amma 20 gün ərzində məhsulu satmalıdır. Təcrübə göstərir ki, aşağı-yuxarı qiymətlər 2-3 gün ərzində sabitləşir. Kimlər vətəndaşlar alıcılıq qabiliyyətinə uyğun qiymət müəyyənləşdirirsə, onlar daha çox məhsul satır. Kimlər daha yuxarı qiymət qoyursa, onlar az məhsul reallaşdırır".

V.Hüseynov vurğulayıb ki, satışa çıxarılan məhsulların 95 faizi realizə edilir.


...Biz də yarmarkaya daxil olub, arıçılıq məhsullarına baxırıq, eyni zamanda müxtəlif bölgədən gələn arıçılarla həmsöhbət oluruq. Yarmarkanın ilk günü olduğu üçün gözə o qədər də alıcı dəymir. Amma yarmarkaya gələnlər də buradan əliboş çıxmır. Bu da təsadüfi deyil. Arıçılar şirin dili ilə alıcaları cəlb edib, ballarından dadızdırıb, onlara müəyyən qiymətə məhsullarını satır.

Sabir Həsənov Laçın və Şəki rayonlarından arıçılıq məhsullarının satışını həyata keçirir. Burada Laçın bölgəsindən cökə, qantəpər, kəklikotunun qarışıq balını, Şəki bölgəsindən isə şabalıd və dağ çiçəkləri ballarını almaq olar: "Arılarımın yarısı Laçında, yarısı da Şəkidə olub. Laçın balının qiyməti 35-40 manat arası dəyişir. Şəki balı isə 25-30 manata satılır. Laçın balına tələbat digər regionlarla müqayisədə çoxdur. Bu il ton yarım bal məhsul əldə etdik, onun 700-800 kq-nı satmışıq, 250 kq yarmarkaya çıxarmışıq. Qalanını da qış boyu satacağıq".


Şəki rayonundan gələn arıçı Fatma Lətifova yarmarkaya 400 kq bal çıxardıb. Alıcılar 25-30 manata çiçək və çökə ballarını buradan ala bilər:
- Arılarımızı Yevlax, Şəki, Qax rayonlarında gəzdiririk ki, yaxşı məhsul əldə edək. Yarmarkaya çıxartdığım məhsulları hər zaman satıram, yerdə qalmır. Öz alıcalarım var, zəng edib gəlib alırlar.


Qəbələ Arıçılar Birliyinin rəhbəri Anar Məmmədov deyir ki, məhsulları 2022-ci ildə keçirilən arıçılıq konfransında birinci yer tutub:
"Yarmarkaya süzmə bal, lavanda balı, şabalıd balı, propolis, çiçək tozu da çıxarmışıq. Məhsulumuzu 30-50 manata satırıq".

Yarmarkaya gələnlərdən biri də Azərbaycanda yaşayan Türkiyə vətəndaşı Qəddafi Topraq idi. O bildirib ki, uşaqları bal yediyi üçün hər il yarmarkaya gəlib 4 kq məhsul alır: "Ballar yaxşıdır, bəzən şəkərli olanlar da var. Bu dəfə girişdə soruşdum, mənə bildirildi ki, ballar analiz edildikdən sonra satışa buraxılıb. Hər il gəlirik və məmnunuq. Daha çox Şəki, Qəbələ, Zaqatala balı alıram və. İndi 1 kq cökə balı 40 manata aldım".



Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.

Vətəndaşlar 1-20 oktyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək yarmarkaya gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri yüksək olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.








Aytən Zəhra
AzVision.az



Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.11:
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.

Qalereya




Teqlər: Bal   Yarmarka   Arıçılıq  





Xəbər lenti