Leyla Əliyeva: `Bu, mənim üçün böyük şərəf idi`

Leyla Əliyeva: `Bu, mənim üçün böyük şərəf idi`
  06 May 2014    Oxunub:969
Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Moskovskiy komsomolets” qəzetinə eksklüziv müsahibə verib.

- Siz Heydər Əliyev Fondunun vitse-prezidentisiniz və bir çox sosial layihələrdə iştirak edirsiniz. Sizi ictimai fəaliyyətlə məşğul olmağa nə sövq etdi?

- Heydər Əliyev Fondu 2004-cü ildə yaradılıb. Onun fəaliyyəti həyatın bütün sferalarını əhatə edir - təhsil, mədəniyyət, elm, xeyriyyəçilik, səhiyyə, indi isə ekologiya...

Mənim üçün bu, ictimai fəaliyyətə öz töhfəmi vermək imkanıdır. Hesab edirəm ki, hər bir azərbaycanlı gənc bu işə öz töhfəsini verməyə çalışır.

- Fondun əsas layihələri barədə danışardınız. Hansı layihələri fəxrlə qeyd edərdiniz?

- Fond bir çox mədəni layihələr, sərgilər, mühazirələr təşkil edir. Mənim ən sevimli layihələrimdən biri “Bakıya uçuş”dur. Bu layihədə Azərbaycanın 21 müasir rəssamı iştirak edir. Layihə iki il əvvəl Londonda start götürüb, sonra Parisə, Romaya, Vyanaya, Moskvaya uçub və Bakıda yekunlaşıb. Bu sərgi müasir Azərbaycan incəsənətinə ilk dəfə dünya ictimaiyyəti qarşısına çıxmaq imkanı verdi. Mənim üçün fondun səhiyyə sahəsində və uşaqlarla iş sahəsində etdiklərinin hamısı mühümdür. Bu gün məni talassemiya layihəsi narahat edir. Fond regionda ən böyük talassemiya mərkəzi tikib. Yaxşı xəbər həm də odur ki, bu xəstəlik üzrə dövlət proqramı da bu yaxınlarda işə başlayıb. Tez-tez belə hallar olur ki, fond hansısa layihənin icrasına başlayır, sonra isə dövlət ona qoşulur və yeni dövlət proqramı yaranır. Fond “Yeni Azərbaycana - yeni məktəb” layihəsini başladıb. Bu layihə çərçivəsində 400-dən çox məktəb tikilib, təmir edilib. Proqramı dövlət davam etdirdi və Azərbaycanda daha 3 minə yaxın məktəb tikildi. Fond təkcə Azərbaycanda yox, həm də Türkiyədə, Rumıniyada, Misirdə, zəlzələdən sonra Pakistanda məktəblər tikib. Rusiyada, Ulyanovskda bu yaxınlarda yeni məktəb açılıb.

- Fond bir çox ölkələrdə işləyir. Bu yaxınlarda siz Volqoqrad və Həştərxan vilayətlərinin həyatında fəal iştiraka görə medal aldınız. Bu mükafatların nəyə görə verildiyi və Rusiyanın daha hansı regionları ilə işləməyə hazırlaşdığınız barədə ətraflı danışardınız...

- Mənim üçün "Müqəddəs Knyaqina Olqa" ordenini almaq böyük şərəf idi. Həştərxanda iki dəfə olmuşam. Bizim orda çoxlu layihələrimiz var - biz park açmışıq, məktəbi rekonstruksiya etmişik, Azərbaycanla Rusiya arasında dostluq körpüsü açmışıq. Bu yaxınlarda knyaz Vladimirə heykəl qoyduq. Həmçinin oradakı məbədin qayğısına qalırıq.

Həştərxan Azərbaycana yaxındır. Bizi birləşdirən çox şey var. Hesab edirəm ki, bizim ölkələrimiz arasında dostluğu möhkəmləndirməyə yönələn daha çox tədbirlər təşkil etmək lazımdır. Bizim ölkələrimizi uzun illərin ortaq tarixi, xeyirxah qonşuluq münasibətləri bağlayır. Adi insani münasibətlər üzərində çox şeylər qurulur. Əlbəttə ki, mədəniyyət mübadiləsi də lazımdır. Azərbaycanda rus dilini, ədəbiyyatını, mədəniyyətini yaxşı bilirlər. Bizim ölkəmiz MDB-də yeganə ölkədir ki, məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb. Rus dövlət universiteti, Rus Dram Teatrı, Rusiya Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Bu yaxınlarda Moskva Dövlət Universitetinin filialı da açılıb. Bu, olduqca qiymətlidir, çünki mənim fikrimcə, rus dili dünyanın ən zəngin dillərindən biridir.

- Bu il fond 10 illiyini qeyd edir. Əgər səhiyyədən danışsaq, o zaman məlumdur ki, fond HİV virusunun profilaktikası ilə fəal məşğul olur. Bu istiqamətdə hansı nəticələr əldə etmək mümkün olub?

- İnsanlar bu xəstəlik haqda məlumat almalı və həmişə bu barədə fikirləşməlidir. Fond “Uşaq sevinci” adlı layihə həyata keçirib və bu layihə çərçivəsində bütün uşaqlara HİV virusu haqda broşürlar paylayıb. Biz hepatit B və HİV müayinəsi aparan Vişnevski-Rostropoviç Fondunu dəstəkləyirik. Rusiyadakı azərbaycanlı gənclər təşkilatı “AMOR” da bu istiqamətdə fəal işləyir. Bizim fəallarımız Rusiyanın müxtəlif regionlarında müxtəlif universitetlərdə mühaziələr oxuyur və biz bu mövzuya dair konfrans da təşkil etmişik.

Hər il “Qanın milliyyəti yoxdur” aksiyası keçiririk və bu aksiya çərçivəsində azərbaycanlı gənclər əvəzsiz olaraq Rusiyada qan verirlər. “Əmin ol ki, sağlamsan, de ki, xəstəliyin yoxdur” layihəsi olub. Həmin gün istənilən adam pulsuz müayinə imkanı əldə edib.

- Bu ilin əvvəlində siz Nayrobidə olmusunuz və orada BMT baş katibinin müavini, təşkilatın ətraf mühit proqramının rəhbəri Ahim Ştaynerlə görüşmüşünüz. Bu səfərinizin yekunları və əldə etdiyiniz razılaşma barədə ətraflı danışardınız...

- Bu, mənim Afrikaya ilk səfərim idi. Ekologiya ilə üç ildir, İDEA-nın (İnternational Dialogue for Environmental Action) yaranmasından sonra məşğul oluram. Bu kampaniyanın əsas məqsədi ətraf mühitin mühafizəsidir. Kampaniya regionumuzun gəncləri ilə işləməyə hesablanıb. Biz bütün layihələrdə kreativ yanaşma gətirməyə çalışırıq. Əgər əsas məsələlər haqda danışsaq, bura Azərbaycanda 3 milyon ağac əkilməsi daxildir. Ölkəmizdə 3 milyon gənc yaşayır. Daha bir layihə quşlar üçün yuvaların tikilməsidir. Binaların rekonstruksiyası başlayanda biz aşkar etdik ki, quşlar yaşaya bilmir. Ona görə də quşların köçə biləcəyi yuvalara malik art-obyektlər inşa etdik. Əsas istiqamətlərdən biri nəsli kəsilmək üzrə olan heyvanların mühafizəsidir.

May ayında pişikkimilər nəslindən olan heyvanların mühafizəsi üzrə konfrans keçiriləcək. Azərbaycanda Qafqaz pələngləri yaşayır. Bu heyvanların nəsli kəsilmək üzrədir. Çətinlik ondan ibarətdir ki, onları yetişdirib dağlara buraxmaq olmur, çünki yeni şəraitə dözə bilmirlər. Ona görə də biz bütün dünyadan ekspertləri dəvət edərək bu problemin həlli üzərində fikir mübadiləsinin aparılmasını istəyirik. Biz Rusiyanın Vəhşi Təbiət Fondu ilə zubr və Qafqaz pələnginin qorunması üzrə fəal işləyirik. Keniyaya gəldikdə isə təəsüratım unudulmazdır. Bizdə 11 iqlimdən 9-u var. Olduqca mühümdür ki, insanlar bunun nə dərəcədə qiymətli olduğunu başa düşsünlər. /Virtualaz/


Teqlər:  





Xəbər lenti