Azay Quliyev: `90-cı illərin gəncləri daha maraqlı idi` - Saytın qonağı

Azay Quliyev: `90-cı illərin gəncləri daha maraqlı idi` -  Saytın qonağı
  06 May 2014    Oxunub:2079
Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev AzVision.az oxucularının ona ünvanladıqları sualları cavablandırır.

Qeyd edək ki, təkrarlanan suallar ya çıxarılıb, ya da qruplaşdırılıb.

(Əvvəli burada)

Şahin:
- Salam, hörmətli deputatımız, mən sizin seçildiyiniz şəhərin sakiniyəm. Bu şəhərdə işsizlik baş alıb gedir. Mən özümə görə demirəm. Mümkünsə bu sahəyə də vaxt ayırardınız...


- Şirvanda, əlbəttə ki, müəyyən mənada işsizlik var. Bununla bağlı mənə seçicilərim də müraciət edib. Çalışıram ki, onların problemlərini səlahiyyətim daxilində həll edim. Amma onu da deyim ki, işsizlik ilə bağlı cənab Prezidentin gördüyü kifayət qədər işlər var. Məsələn, Şirvanda bir neçə zavod yaradılıb. Bəziləri isə yenidən bərpa edilib. Bu proses davam edir. Amma problem ondan ibarətdir ki, Şirvan sırf sənayə şəhəridir. Orada yalnız sənaye obyektləri olmalıdır ki, əhalinin işsizlik problemi tam şəkildə həll olunsun. Mənə elə gəlir, bununla bağlı növbəti addımlar atılacaq.

Faytonçu:
- Azay müəllim, sizin haqqınızda həmişə müsbət fikir eşitmişəm. Çox xahiş edirəm, bizim tibbi xidmətin belə bərbad halda olmasına bir əncam çəkin. Həkimlərin çoxunun elementar tibbi savadı yoxdur. Bu problemin yaxın illərdə həllini nədə görürsünüz?


- Tibbi xidmət ilə bağlı vəziyyət, əlbəttə ki, bizi də tam şəkildə qane etmir. Bununla bağlı, bilirsiniz ki, cənab Prezidentin keçirdiyi müşavirələrdə də konkret tapşırıqlar verilib. Hazırda məndə olan məlumata görə, məcburi tibbi sığorta sisteminə tam şəkildə keçid başa çatacaq. Və bununla bağlı baş nazirin müavini Əli Əhmədov fəaliyyətdədir. Düşünürəm ki, sığorta məsələsini həll etdikdən sonra tibbdə olan xidmətin səviyyəsini kifayət qədər artıracağıq. Amma istərdik ki, Azərbaycanda tibbi xidmət bizim arzu etdiyimiz səviyyədə olsun və əhalinin ehtiyaclarını qarşılasın. Azərbaycandan kənara böyük bir axın olmasın. Hazırda bu istiqamətə çoxlu infrastruktur layihələri yönəlsə də, dediyimiz problemlər qalır. Yəqin ki, o məsələ ilə bağlı dövlətin konkret addımları olacaq.

Qarabağ qazisi:
- Hörmətli Azay bəy, sizi biz həmişə vətənpərvər bir şəxs kimi tanımışıq. Qarabağ qazilərinin çoxsaylı problemlərinin həllində nə köməklik göstərə bilərsiniz?


- Qarabağ qazilərinin problemi hər zaman dövlətin nəzarətində olub. Cənab Prezidentin son aylarda imzaladığı fərman və sərəncamları yada salsaq görərik ki, dövlət başçısı doğurdan da, onlara kifayət qədər qayğı göstərir. Onların müavinətlərinin həcmi artırıldı. Ev və minik avtomobilləri verildi. Düşünürəm ki, bu proses yaxın illərdə daha da genişlənəcək. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bununla bağlı konkret bir platforması var. Həmin platformaya əsasən yaxın iki ildə hər hansı bir formada evsiz Qarabağ əlili və şəhid ailəsi qalmayacaq.
Şura da bu istiqamətdə kifayət qədər layihə həyata keçirib. Demək olar ki, hər il 50-dən çox layihə birbaşa müharibə ilə bağlı olan əhali qrupuna yönləndirilir. Onların bütün təklifləri ən yüksək səviyyədə dəstəklənir. Hesab edirəm ki, bu da bizim borcumuzudur .

Elnur Hacıyev:
- Azay müəllim, müəllifi olduğunuz “İctimai iştirakçılıq haqqında” Qanunun qüvvəyə minməsi vətəndaşlara nə verəcək? Sizcə, ölkəmiz belə bir qanunun icrasına tam hazırdırmı?


- “İctimai iştirakçılıq haqqında” Qanun həqiqətən də vətəndaş-dövlət münasibətində yeni bir mərhələni açacaq. Ona görə ki, artıq vətəndaşlar qərarların qəbulu proseslərində bilavasitə iştirak edəcəklər. Onların bu prosesdə iştirak səviyyəsi artacaq. Təsadüfi deyil ki, cənab Prezident qanunun qüvvəyə minməsi ilə bağı geniş bir sənəd imzaladı. Həmin Sərəncama uyğun olaraq, artıq iyun ayının 1-dən qanun qüvvəyə minəcək. Bundan sonra mərkəzi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin tərkibində ictimai şuralar yaranacaq. Bu ictimai şuraların yaranmasında və fəaliyyətinin qurulmasında vətəndaşlar bilavasitə iştirak edəcəklər.
Bunların hamısı bir məqəsədə yönəlib ki, vətəndaş-dövlət münasibətləri yüksək səviyyədə olsun. Vətəndaşları narahat edən məsələlər məhz dövlət tərəfindən nəzərə alınsın. Dövlət qurumlarının qəbul etdityi hər hansı bir sosial əhəmiyyətli qərarda vətəndaşın rəyi və təklifi məhz nəzərə alınsın.

Səfər Alışov:
- Azay müəllim, belə bir təklif var ki, deputatın etik davranışı haqqında qanun qəbul edilsin. Sizcə, buna ehtiyac varmı?


- Mənə elə gəlir ki, birincisi, deputatın özünün daxilində qanun, senzura olmalıdır. Deputat seçilmiş şəxs bilməlidir ki, çox böyük məsuliyyətli vəzifəni üzərinə götürmüş olur. Xalqın və dövlətin etimadını doğrultmalıdır. Ona görə də hər bir addımında etik çərçivələrə əməl etməlidir. Bu, onların xüsusi həyat kredosuna çevrilməlidir. Qanunvericiliklə tənzimlənməsinə ciddi ehtiyac görmürəm. Amma təklif olarsa, əsaslandırılarsa, ona baxmaq olar.

Məhəmməd:
- Azay müəllim, mən Şirvan şəhər sakiniyəm, uşaq vaxtı yadıma gəlir ki, seçki kampaniyası zamanı seçicilərinizə deyirdiniz ki, Şirvan şəhərinin TV-ni təşkil edəcəksiniz. Sizcə niyə Şirvanda regional TV yoxdur?


- Deputat seçkilərindən öncə söz vermişdim ki, bununla bağlı məsələ qaldıracağam. Buna görə də bizim müvafiq qurumlarla müzakirələrimiz oldu. Onların da dediyimiz məsələyə prinsipal razılığı var idi. Sadəcə olaraq, bu, bir kommersiya layihəsi olduğuna görə, yatırım edən iş adamı tapa bilmədik. Amma istənilən halda Şirvanda belə bir regional televiziyanın olması müsbət yanaşma olar.

Elnarə Qəribova:
- Salam, Azay müəllim, Azərbaycan dövlətçiliyinə açıq-aşkar təhlükə olan və artıq real zərərlər vurmuş radikal vəhhabilik, nurçuluqla necə mübarizə aparmaq mümkündür? Milli Məclisdə bu məsələlərlə bağlı öz mövqeyinizi bildirə bilərsinizmi? Millət vəkili seçildiyiniz Şirvanda bu sahədə vəziyyət necədir? Şirvan gənclərindən də Suriyaya gedən olubmu?


- Şirvan şəhərindən Suriyaya gedənlərlə bağlı məndə hansısa bir məlumat yoxdur. Ümid edirəm ki, belə bir hal da yoxdur.
Nurçuluq və vəhhabilik ilə bağlı olan məsələlərə daim mətbuatda fikir bildirmişəm. Hesab edirəm ki, istənilən halda milli maraqlara uyğun olmayan hansısa şəbəkə, təriqət və cərəyana yol vermək olmaz. Xüsusilə İslam dinin təmizliyi, humanizmi ilə ziddiyət təşkil edən istənilən çağırışa, cərəyana `yox` demək lazımdır.
Söhbət radikal tərəfindən gedirsə, bu, cinayət tərkiblidir. Milli Məclis məsələ ilə bağlı cinayət məcəlləsinə dəyişikliklər edib. Hətta Azərbaycandan kənarda terror ilə bağlı fəaliyyət göstərən, yaxud da terror qrupları ilə bağlılığı olan, Suriyadakı kimi vətəndaş müharibəsində iştirak edən vətəndaşlarımız artıq cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Bundan başqa, terrora açıq çağırışla bağlı məsuliyyət də nəzərdə tutulub. Amma təkcə inzibati yol ilə mübarizə aparmaq mümkün deyil. Bu cür radikal qruplara həm də gərək başqa bir metod sərgiləyəsən. Xüsusilə müəyyən profilaktik işlərin aparılması, gənclərin bu təsirə düşməməsi üçün doğurdan da həqiqi islamla tanış olmaları və mahiyyətini bilmələri üçün mühüm işlər görmək lazımdır. Hüquq dili ilə yanaşı, doğru istiqamətləndirmə və marifçilik işinin təşkil olunması da çox önəmlidir.

Ağamusa Şirvanlı:
- Salam Azay müəllim. Siz bizim Şirvandan deputat seçilmisiniz və yəqin ki, məni tanıyırsınız. Sizdən soruşmaq istərdim ki, Şirvandan olan məmurlar camaatı çox incidir və bunun qarşısını almaq üçün bir deputat olaraq nə edə bilərsiniz? Bir də bilmək istərdim ki, növbəti parlament seçkilərində Şirvandan namizədliyinizi verəcəksinizmi? Şəxsən mən təkrar sizi Şirvanın deputatı görmək istərdim.


- Şirvanda seçicilərin hüquqları ilə bağlı mənə müraciətlər edirlər. Hesab edirəm ki, Şirvanda və başqa bölgələrdə də məmurlar ilk növbədə vətəndaşların qayğısına qalmalıdırlar. Cənab prezident bəyan edib ki, hər bir məmur xalqa xidmət etməlidir. Özünün təvazökarlığı, sadə həyat tərzi ilə işinə vicdanlı münasibət göstərməlidir. Ona görə də, hesab edirəm, Şirvandakı məmurlar da bu çağırışa əməl etməli, qanun pozuntusuna yol verilibsə, nəticə çıxarmalıdırlar. Çünki heç bir halda vətəndaşın narazı qalmasına yol vermək olmaz.

Futbol azarkeşi:
- Salam Azay müəllim, Azərbaycanın milli futbol klublarından ən çox azarkeşlik etdiyiniz hansıdır? Dünya futbol klublarından kimi daha çox dəstəkləyirsiniz?


- Azərbaycan futbolunda “Qarabağ ” komandasına daha çox üstünlük verirəm. Həm ölkə çempionatında, həm də Avropa Çempionlar Liqasında son illər yaxşı oyun nümayiş etdirir. Dünya klublarından isə ən çox azarkeşlik etdiyim “Barselona”dır.

Gülnarə Hüseynova:
- Azay müəllim, sizin deputat və Şura sədri kimi fəaliyyətinizi çox bəyənirəm. Bilmək istərdim ki, bütün bu işləri necə çatdırırsınız?


- Əlbəttə, deputat, həm də Şuranın sədri kimi çalışıram ki, üzərimə düşən vəzifəni layiqincə yerinə yetirim. Deputat olaraq seçicilərim qarşısında məsuliyyət daşıyıram, üzərimə düşən vəzifələri vaxtında yerinə yetirməliyəm. Məmnunam ki, son illər yaxından iştirakım və müəllifi olduğum iki qanun oxunuşdan keçib. Onlardan biri könüllü fəaliyyət haqqında, digəri isə “İctimai İştirakçılıq Haqqında” Qanundur. Və bundan başqa, Azərbaycanı beynalxalq qurumlarda, ATƏT və Avronest PA-da təmsil edirəm. Bu baxımdan da çalışıram ki, üzərimə düşən vəzifəni yerinə yetirim.

Samir Adıgözəlli:
- Azay müəllim, siz Azərbaycanda 90-cı illərdə gənclər hərəkatının öncüllərindən biri olmusunuz. O zamanki gəncliklə indiki gəncliyi necə müqayisə edərdiniz?


- 90-cı illərin gəncliyi ilə indiki gəncliyi müqayisə etmək mənim üçün bir az asandır. Çünki 90-cı illərdə gənc olaraq bu proseslərin canlı şahidi olmuşam. İndi isə sadəcə olaraq prosesi izləmək imkanım var. Gənclər hərəkatının hüququ, onların bütövlükdə istəkləri, fəallığı imkan verir ki, onlara ümumi qiymət verəsən.
Hesab edirəm ki, 90-cı illərin gəncləri daha maraqlı idi. Bəlkə də həmin prosesin içində olduğuma görə mənə belə gəlir... Amma marağı yaradan iki əsas səbəb var. Birincisi, o vaxt bizim müstəqilliyimiz yenicə əldə olunmuşdu. Gənclər dövlət quruculuğu prosesində çox yaxından iştirak etmək istəyirdilər. Ona görə də bizim üçün hər bir iş, addım kifayət qədər əhəmiyyətli və yeniliklərlə dolu idi. Gənclərlə bağlı yeni qanunların hazırlanması, milli ideologiyanın formalaşması və. s. Bu baxımdan, hesab edirəm ki, o dövr bir az maraqlı idi.
İkincisi isə, o dövrdəki gənclərimiz daha çox ideyalar və təkliflərlə çıxış edirdilər. İndiki gənclərdə sanki bir balaca passivlik, ideya qıtlığı var. Mənə elə gəlir ki, öz potensiallarından tam istifadə etmirlər. Ulu Öndər o zaman ilk dəfə gənclərlə görüş keçirəndə çağırış etdi ki, gənclər dövlət quruculuğunda ən yaxından iştirak etməli olan bir kateqoriyadır. Dövlət başçısı olaraq, əlindən gələni edəcək ki, gənclər bu statusa layiq olsunlar.
Gənclər və İdman Nazirliyi gənclərin layihələrinə ildə nə qədər vəsait ödəyir, Prezident Yanında Gənclər Fondu var, bizim Şura da gənclərə dəstək verir. Buna baxmayaraq, düşünürəm ki, bu qədər dəstəyin müqabilində gənclərin fəaliyyəti və dövlət quruculuğuna, maraqlarına verdiyi töhfə onların potensialını əks etdirmir.

Rza Əfəndiyev:
- Bilmək istərdim, siz gündəlik xəbərləri haradan alırsınız? İnternetdən, qəzetlərdən və ya tv-lərdən?


- Çoxumuz gündəlik informasiyaların 70-80 %-ni internet üzərindən alırıq. Yerdə qalan 10% -ni mən deyərdim ki, televiziyalardan, 10%-ni isə qəzetlərdən alıram.

Səadət:
- Azərbaycanda insan haqlarının qorunması ilə bağlı vəziyyət sizi qane edirmi?


- Azərbaycanda insan haqlarının qorunması ilə bağlı kifayət qədər işlər görülüb. Cənab Prezidentin bu istiqamətdə qəbul etdiyi çoxlu proqramlar var. Bundan başqa, onun təşəbbüsü ilə son illər ölkədə insan hüquqlarının təminatı ilə bağlı ciddi islahatlar həyata keçirilir.

Bir faktı demək kifayətdir ki, son bir ildə milyondan çox insan ASAN xidmətdən faydalanıb. Özünün sosial hüquqlarının təminatında yeni bir mexanizm əldə edib. Və bu gün dövlətin insan haqlarının müdafiəsi sahəsində həyata keçirdiyi əsas islahatların qayəsində vətəndaşlarımızın dövlətdən razı qalması durur.

Digər tərəfdən, hüquq-mühafizə, məhkəmə, prokurorluq, ədliyyə orqanlarında aparılan islahatların hamısı ona gətirib çıxarır ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı yüksək səviyyədə baş versin. Bu istiqamətə vətəndaş cəmiyyəti institutları da yaxından qoşulub, insan hüquqlarının qorunmasına öz töhfələrini verirlər.
Amma bu gün desək ki, Azərbaycanda hər hansı bir formada insan haqları pozulmur, hər şey ideal səviyyədədir, bu, düzgün çıxmaz. Çünki dünyanın elə bir ölkəsi yoxdur ki, orada insan haqları ideal səviyyədə qorunsun. Amma əsas məqam odur ki, mövcud problemlərin həllilə bağlı dövlətin qurduğu işlək mexanizm var. Bəzi məmurlar, ola bilsin ki, bu istiqamətdə üzərlərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirmirlər, bəziləri bu işi yaxşı qurmur. Bu, başqa bir mövzudur. Amma istənilən halda mən hesab edirəm ki, Azərbaycanda insan haqlarının qorunması ilə bağlı son zamanlar aparılan islahatlar həqiqətən də öz bəhrəsini verir.

Kənan Kazımlı:
- Hazırda iqtidar-müxalifət dialoquna necə baxırsınız?


- Mən şəxsən həmişə dioloqun tərəfdarı olmuşam. Dialoq heç zaman ziyan gətirməz. İqtidarla müxalifət müxtəlif mövzularla bağlı bir araya gəlib, fikir mübadiləsi aparmalıdırlar. Mən bunun tərəfdarıyam. Azərbaycanda iqtidar dioloqa tərəfdar olduğunu bəyan edib. Prezidentin çıxışlarında bu mövzu dəfələrlə qeyd olunub. Hesab edirəm ki, zərurət yaranarsa, əlbəttə, bunun keçirilməsi lazımdır.

Səriyyə Bədəlova:
- Rusiyada işləyən azərbaycanlıların geri dönməsilə bağlı məlumatlar özünü doğruldarsa, Azərbaycana bunun təsiri necə olacaq?


- Artıq Rusiyadan çoxlu sayda azərbaycanlı geriyə qayıdıb. Onların bir çoxu Azərbaycanda həyatını davam etdirir. Bir çoxları da yeni iş yerləri açıb, özlərinə yeni biznes qurublar. Azərbaycan inkişaf etdikcə, yeni iş yerləri açıldıqca, sosial problemlər həll olunduqca vətəndaşlarımız geri qayıdacaq. Amma kütləvi şəkildə köçün, yaxud da müəyyyən mənada deportasiyanın olacağını düşünmürəm. Azərbaycanlılar bu gün Rusiyada kifayət qədər ciddi mövqeyə malikdirlər. Rusiya üçün etdikləri iş az deyil. Bu gün Rusiyanın əmək bazarında azərbaycanlılara ehtiyac var. Burada ciddi problem görmürəm.

Nuru:
- Bayramı harada və necə keçirdiniz?


- Novruz bayramını ailəmlə birgə keçirdim. Bir neçə gün Bakıda oldum. Ondan sonra Qubada və Qusarda da bir neçə gün oldum. Mən həmişə bayramları ailəmlə birgə keçirirəm.

Ayka:
- 8 Martda sevdiyiniz qadınlara nə hədiyyə etdiniz?


- Adətən qadınların ən çox xoşladığı hədiyyə təravətli çiçəklərdir, güllərdir. Çalışıram ki, gül hədiyyə edim. Amma bütövlükdə mənə belə gəlir ki, qadınlara ən böyük hədiyyə onlara olan diqqətdir. Qadınlara gərək təkcə 8 Martda deyil, ümumiyyətlə, hər gün qayğı ilə yanaşasan. Qadınlar həmişə diqqət və qayğı görəndə daha da cavanlaşırlar, özlərini rahat və şux hiss edirlər. Məncə, kişilər bunu bizim gözəl xanımlardan əsirgəməməlidirlər.

(Ardı var)

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti