"Kütləvi qəbirləri əsir düşən soydaşlarımıza qazdırıblar"- Kiyevdəki azərbaycanlı jurnalist

   "Kütləvi qəbirləri əsir düşən soydaşlarımıza qazdırıblar"-   Kiyevdəki azərbaycanlı jurnalist
  14 Oktyabr 2022    Oxunub:2190
AzVision.az Ukarynadakı azərbaycanlı jurnalist, Report agentliyinin və Baku TV-nin əməkdaşı Mübariz Alanovla müsahibəni təqdim edir.
- İstəyərdim ki, son kütləvi bombalanmadan sonra Ukraynadakı ümumi vəziyyət haqqında bizi bilgiləndirsən.
- Ümumi vəziyyət raket atəşlərinə qədər olan durumla müqayisə etsək, bir qədər gərgindir. Son 3 ayda həyacan siqnalı həftədə bir dəfə, 10 gündən bir olurdusa, indi isə hər saat başı biz belə siqanlları eşidirik. Marketdən tutmuş, dövlət idarələri, kafelər, restoranlar bağlanır. Çünki hamı qanuna görə həmin an zirzəmilərə düşməlidir. Belə bir dəyişiklik, gərginlik var.

Eyni zamanda ABŞ və bir sıra xarici ölkələr səfirliklərinə yenidən Kiyevi tərk etməyə çağırıb. Raket zərbələrinin ilk 2-3 günü yanacaqdoldurma məntəqələrində sıxlıq oldu. Bundan başqa ötən gün də daxil olmaqla havadan Kiyevə və şimal hissədə olan regionlara hücumlar olur. Rusiya ordusu İran istehsalı olan "Shahed 136" zərbə PUA-larından istifadə edir. Demək olar ki, onların 90 faizini Ukrayna hava hücumundan müdafiə qüvvələri havada məhv edir. Bir sözlə, Kiyevdə həyacan artıb. Raket hücumlarına qədər isə paytaxtda həyat öz axarına qayıtmışdı.



Ukraynada sanki bir müharibə təcrübəsi var. İkinci Dünya Müharibəsi zamanından binaların zirzəmilərində yeraltı sığınacaqlar qalıb. Ukraynalıların bir yaxşı xüsusiyyət var ki, qanunlara əməl edirlər. Aprel, mart ayına qədər Kiyev mühasirədə idi. Döyüşlər gedirdi. Şəhərdə olan əhalinin 80 faizi həmin günlər metrolarda, zirzəmilərdə yaşadılar. Çölə çıxmadılar. Ona görə də mülki əhali arasında az təlafat oldu.

Son bombalanmada raketlərdən biri Taras Şevçenko adına Kiyev Milli Universitetinin qarşısına düşmüşdü. Səhər -səhər işə gedən insanlar svetaforda dayanıblar. O zaman raket gəlib düz onların olduğu yeri vurmuşdu. Ukraynaya hava hücumundan müdafiə sistemləri verilib. O kifayət qədər kömək edir.



- Müharibə ölkədə bütün sferala təsir edib. Amma birinci yerdə ərzaq təchizatı dayanır. Bu məsələni Ukrayna xalqı necə həll edir?

- Ərzaq çatışmazlığı müharibənin ilk günləri -martın əvvəlindən axırına qədər var idi. Ancaq dünyanın humanitdar yardımı öz rolunu oynadı. Bu baxımdan marketlərdə qıtlıq hiss olunmur. Nə istəyirsən tapırsan, alırsan. Yay aylarında meyvə və giləmeyvələr daha çox xaricdən gətirildi. Çünki kənd təsərrüfatının əsas regionları işğal altındaydı. Məsələn, qarpızın yetişdirildiyi Xersonla əlaqə kəsilmişdi. Spefik şeylərlə bağlı çatışmazlıq oldu. Ümumilikdə isə ərzaq böhranı yaşanmadı. Enerji ilə bağlı problemlər olur. Son kütləvi raket zəbələrinin ilk günündə enerji çatışmazlığı oldu, ancaq sonradan bərpa etdilər.



- Təhsillə bağlı vəziyyət necədir? Artıq 8 aya yaxındır ki, ölkədə müharibə gedir. Bu Ukraynanın təhsil sisteminə nə dərəcədə təsir edib?

- Ali məktəblərdə təhsilin 95 faizi məsafəlidir. Yəni evdən onlayn təhsil alırlar. Orta məktəblərdə də ərazidən asılıdır. Üzbəüz döyüş gedən bölgələrdə məsələn,Nikolayevə, Krivoyroqa, Donteskin bir hissəsinə, Xarkova yaxın ərzailərdə məktəblər distantdır. Əksər vilayətlərdə dərslər elə məktəblərin özündə keçirilir.

- Ukraynadkı səfirliyimizlə əlaqələriniz varmı?Oradakı azərbaycanlılar hansısa problem olarsa, hara müraciət edirlər?

- Açığı mən qaynar xətlərdə oluram. Səfirliklə əlaqəm yoxdur. Burada yaşayan azərbaycanlıların əksəriyyəti artıq ailələrini çıxarıblar. Burada olanlar da sənədlər lazım olanda konsulluğa müraciət edirlər.



- Əsirlərin mübadiləsi olur. Sonuncu dəfə ötən gün 32 nəfər Ukaryana təhvil verildi. Həmin insanlarla görüşmək imkanın olubmu?

- Əlbəttə olub. Onlar elə Ukraynada doğulan azərbaycanlılar idilər. Azovstalın müdafiəçiləri olmuşdular. Onlar Mariupol şəhərinin döyüşçüləri idilər. Axıra yaxın şəhərdəki hamı Azovstal zavoduna cəmləşmişdilər. Oleq Kərəmov və Rüstəm Babayev həmin əsirlərdən idilər və təhvil verilmişdilər. Əslən bakılı idilər. Görüşüb söhbət etdim. Biri Donetskdə Yelenovka deyilən yerdə saxlanılmışdı. Digərini isə Rusiyada, Krımda, Belarusda saxlamışdılar. İşgəncə görmüşdülər. Ancaq çox danışmadılar. Dedilər, orada yoldaşlarımız qalıb, danışsaq, onları incidə bilərlər. Bildirdilər ki, kütləvi qəbirləri onlara qazdırırmışlar. Biri danışırdı ki, döyüş bitəndən sonra rusların girdiyi küçələrdə çoxlu meyitlər qalıbmış. Onları kütləvi basdırırmışlar. Mən hətta İzyumda bir iki belə hadisənin üstünə gedib çıxmışdım. Azov döyüşçüləri deyirdi ki, təslim olandan sonra aparılanda şəhərin küçələrində çoxlu artilerriya döyüşlərindən çoxlu insanların qırıldıqlarını görüblər. Küçələr insan meyitləri ilə dolu olub. Onların arası ilə əsirləri aparırmışlar ki, psixoloji qorxu yaratsınlar.

- Ukrayna xalqının əhval -ruhiyyəsi necədir?
- Raket zərbələri artdıqca qisas ruhu da artır. Yaxınları ölənər necə bağışlaya bilər?









Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti