İran iğtişaşları: Faciələrin "qırmızı xətti" keçilib

// Məktəbli uşaqlar rəsmi zorakılığın qurbanına çevrilirlər

  İran iğtişaşları:  Faciələrin "qırmızı xətti" keçilib
  21 Oktyabr 2022    Oxunub:3212
İran hazırda tarixinin ən gərgin və ağır dövrlərindən birini yaşayır. Bir aydır ki, ölkədə kütləvi etiraz aksiyaları keçirilir, ölümlərlə nəticələnən iğtişaşlar baş verir.
Bu ilin sentyabrında Məhsa Əmini adlı 22 yaşlı xanım hakimiyyətin tətbiq etdiyi hicab qaydasını pozduğuna görə əxlaq polisi tərəfindən öldürüləndən sonra xalq ayağa qalxaraq, rejimin idarəçiliyinə, dini qaydalara etiraz etdi. İran rəsmiləri etirazların arxasında guya Qərbin, İsrailin durduğunu bəyan edirlər. Ancaq xalq rejimin amansızlığının qarşısında geri çəkilmir, hər gün kütləvi etiraz və polislərlə toqquşma, həbs xəbərləri gəlir. İş o yerə çatıb ki, İranın təhlükəsizlik qüvvələri yaşlı, qadın, uşaq belə demədən, hər kəsə əl qaldırır, qətlə yetirirlər.

Məsələn, dünən məlum olub ki, məktəbli qız polis tərəfindən şiddətə məruz qaldıqdan sonra vəfat edib. İran Müəllimləri Birliklərinin Koordinasiya Şurasının yaydığı məlumata görə, hadisə Ərdəbil şəhərindəki orta məktəblərdən birində baş verib. Təhlükəsizlik qüvvələri məktəbə soxularaq şagirdlərə Xamneini mədh edən himni oxumalarını əmr ediblər. Bu tələbi yerinə yetirməyən bəzi şagirdlər polisin zorakılığına məruz qalıblar. Onların bir qismi saxlanılıb, bir çoxu isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəstəxanaya aparılan 16 yaşlı Əsra Pənahi isə dünyasını dəyişib.



Məktəblərə olan basqınlar beynəlxalq təşkilatların da diqqətindən yayınmayıb. İnsan haqları ilə bağlı qurumlar Tehranın öz xalqına qarşı sərgilədiyi sərt siyasəti tənqid edirlər. Məsələn, BMT-nin insan haqları üzrə rəsmiləri İranın hökumət əleyhinə nümayişləri zorakılıqla yatırmasını pisləyərək, İran rəsmilərini dinc nümayişçilərə qarşı ölümcül repressiyalara son qoymağa çağırıb. Bununla bağlı yayılan bəyanatda qeyd edilir ki, təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı zorakılıq nümayiş etdirməsi, əsassız həbslər, uşaqların öldürülməsi və saxlanılması ilə bağlı xəbərlər BMT-nin insan haqları üzrə rəsmilərində dərin narahatlıq doğurub.
Ali qurumun insan haqları üzrə sözçüsü Ravina Şamdasani isə uşaq ölümləri ilə bağlı konkret statistika açıqlayıb. Qeyd edilib ki, təhlükəsizlik qüvvələrinin həqiqi güllədən istifadə etməsi və etirazçıları ölümcül döymələri nəticəsində 23-ə qədər uşaq öldürülüb, çox sayda azyaşlı yaralanıb.
Şamdasani məktəblərə basqınları və uşaqların təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini təsdiqləyib: "İran tərəfindən qəbul edilmiş insan haqları müqavilələrinə əsasən, İslam Respublikasının uşaqların istənilən şəraitdə yaşamaq hüququnu qorumaq, onların ifadə və dinc etiraz azadlığı hüququna hörmət və mühafizə etmək öhdəliyi var. Ofisimizə etirazçıların kütləvi həbsləri ilə yanaşı, hüquq müdafiəçiləri, incəsənət xadimləri və jurnalistlər qarışıq, vətəndaş cəmiyyətinin azı 90 üzvünün həbsi barədə məlumat daxil olub" - Şamdasani qeyd edib.

BMT-nin insan haqları ofisi etirazçılara qarşı davam edən gərəksiz və qeyri-mütənasib güc tətbiqinin dayandırılmasını vacib sayıb. Həmçinin Tehrana qanunsuz həbs olunanların hamısının dərhal azadlığa buraxılması ilə bağlı çağırış edilib.

Avropa İttifaqı da oktyabrın 17-də etirazlarçılara divan tutulmasını pisləyib, İranın informasiya nazirinə, əxlaq polisinə, aparıcı rəsmilərinə sanksiyaları açıqlayıb.

İran hakimiyyəti isə dayanmır, ölkənin “həbs maşını” təkcə vətəndaşlara qarşı deyil, əcnəbilərə də yönəlib. Dünən məlum olub ki, son həftələr ərzində iğtişaşlara görə 14 xarici vətəndaş həbs edilib. "Fars" informasiya agentliyinin yaydığı məlumata görə, həbs edilən şəxslər ABŞ, Rusiya, Avstriya, Fransa, Böyük Britaniya və Əfqanıstan vətəndaşlarıdır.

Maraqlı və diqqətçəkən məqamlardan biri də budur ki, hazırkı qarışıqlıq və xaotik həbs dalğalarının yayılması fonunda İranın məşhur Evin həbsxanasında yanğınlar törədildi. Artıq baş verən yanğında ölənlərin sayının 10-çatdığı deyilir. Qeyri-rəsmi mənbələrdə isə ölü sayının daha çox olduğu vurğulanır. Bildirilib ki, Evin həbsxanasında məhbuslar arasında yaranan münaqişə və yanğın nəticəsində yaralanan 4 məhbus tibbi yardım almalarına baxmayaraq, 16 oktyabrda müəmalı şəkildə ölüblər. Yerli mediada yazılan xəbərlərə görə, ölən 8 nəfərin hamısı oğurluğa görə tutulmuş məhbuslar olublar. Yaralılardan 6-sı isə hələ də xəstəxanadadır.


Maraq üçün qeyd edək ki, Evin həbsxanası paytaxt Tehranda yerləşir və burada əsasən siyasi məhbuslar, jurnalistlər və əcnəbi vətəndaşlar saxlanır. Müəmmalı yanğın isə oktyabrın 15-də baş verib. Rəsmilər yanğının həbsxana daxilində baş verən iğtişaşlar fonunda çıxdığın açıqlasalar da, sosial şəbəkə istifadəçiləri, bunun əvvəlcədən planlaşdırılmış təxribat xarakterli addım ola biləcəyini iddia edirlər.

Azadlıq Radiosunun İran azərbaycanlıları və digər vətəndaşlardan alınan açıqlamaları da diqqət çəkir. Narazı insanlar deyirlər ki, Təbriz və digər şəhərlərdə gənc qadınlar çox vaxt küçəyə hicabsız çıxırlar. Yerli əxlaq polisi isə onlara əvvəlki kimi hər hansı təzyiq göstərə bilmir. Təhlükəsizliyə görə adının anonim qalmasını istəyən Tehranda yaşayan azərbaycanlı radioya deyib ki, yaxın günlərdə daha güclü və çoxminli aksiyaların keçiriləcəyi gözlənilir.

“Bu təşkilatçılığı konkret hər hansı təşkilat və ya hərəkat üzərinə götürməyib. Əsasən gənclər təşəbbüslə çıxış edirlər. Onların liderlərinin olmaması isə prosesi həm gecikdirir, həm də insanları aksiyaya kütləvi şəkildə qatılmaqdan çəkindirir. Amma hazırkı rejimə nifrət o qədər böyükdür ki, insanlar ölümlərindən qorxmadan küçələrə çıxırlar. Xüsusən də Evin həbsxanasında baş verən yanğın, nəticədə 40 nəfərin öldürülməsi insanlarda qəzəbi artırıb”, – o deyib.

İranda iğtişaşlara görə 14 əcnəbi həbs edildi
Kimliyini təhlükədən dolayı anonim saxlayan digər vətəndaş da deyib ki, gənclər etirazlarda fəaldırlar. Lakin aparıcı qüvvə hələ də qadınlardır. Onun sözlərinə görə, İranda qadınların tələbi hicabsız gəzmək deyil. Onlar əsasən hakimiyyətin insanların şəxsi həyatına müdaxiləsinə etiraz edirlər: “Təbriz və digər şəhərlərdə gənc qadınlar çox vaxt küçəyə hicabsız çıxırlar. Yerli əxlaq polisi isə onlara əvvəlki kimi hər hansı təzyiq göstərmir. Çünki bu təpki və zorakılığın böyük bir etiraza çevriləcəyindən ehtiyat edirlər. Əsasən də Azərbaycan şəhərlərində polis hicabsız qadınlara müdaxilə etməyə çəkinir. Rəsmi qurumlar da yerli polislərə təlimat veriblər ki, başıaçıq qadın gördükdə hər hansı müdaxilə etməsin. Yerli qadınlar başıaçıq gəzsələr belə, üst geyimlərində açıq-saçıqlıqdan qaçırlar. Çünki açıq-saçıq geyinənlərə polis sərt müdaxilə edir”.

O həmçinin qeyd edib ki, Ərdəbildə 3 gündür ardıcıl aksiyalar keçirilir. Burada xeyli sayda həbs olunan və yaralanan da var. Buna səbəb isə polisin orta məktəbdə təhsil alan 16 yaşlı uşağı qətlə yetirməsidir.

İran informasiyaların geniş yayılmasından da qorxur. Bu mənada ölkədə artıq qohumuna, dostuna foto, video atanlar belə saxlanılırlar.

Ərdəbildə yaşayan 40 yaşlı qadın radioya açqılamasında qeyd edib ki, artıq ölkədə nəinki etiraza çıxanlar, bu mövzuda tənqidi söz deyənlər də təzyiqlə üzləşirlər: "Nömrələr, telefon – hamısı yoxlanışdadır. O gün bir tanış sosial şəbəkədə paylaşım etdiyi üçün səhər saat 5-də gəlib aparmışdılar".

O həmçinin bildirib ki, qadın müəllimlər hökumətə etiraz olaraq dərsə gəlməkdən imtina edirlər. Bu yaxınlarda dərsdən çıxıb evə gələn 17 yaşlı şagirdə polis tərəfindən 24 güllə vurulması valideynləri qorxudub. Aşağı siniflərin dərsə davamiyyətini saxlamağa çalışsalar da, əksər valideynlər uşaqlarını məktəbə göndərmirlər. Həm universitet, həm məktəblərdə dərsə hicabsız gəlmək adiləşib. İndi insanlar bunu özləri üçün ciddi və ya prinsipial məsələ saymırlar.


Bu gün həmçinin məlum olub ki, İranın Buşehr əyalətindəki Xəlic Universitetinin Leyli Həzrəti və Səba Rayani Buşehr adlı iki tələbəsi təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb. “Azad İran” Teleqram kanalının yadığı xəbərə görə, hər iki tələbə İranın cənubunda yaşayan Qaşqay türklərindəndir. Leyli Həzrəti Kəşkul tayfasındandır. Səba Rayani haqqında isə əlavə məlumat yoxdur. Bildirilir ki, urmiyalı gənc bloqer də Zəhra Kərimi bir aya yaxındır ki, ETTELAAT-ın nəzarətindədir.

O, ümummilli etirazların ilk günlərindən həbs edilib və indiyə qədər həbsin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur. Tanınmış blogerin həbsindən sonra isə onun “İnstaqram” səhifəsi SEPAH-ın Kəşfiyyat Təşkilatı tərəfindən bloklanıb.

İranda insan haqlarını monitorinq edən qurumların məlumatına görə, etirazçılara divan tutulması nəticəsində azı 28 uşaq, ümumilikdə isə 215 nəfər öldürülüb.

Xatırladaq ki, İranda etirazçılar hələ də qadınların hüquqlarının qorunması, polis zorakılığına son qoyulması, İranın demokratikləşməsi və hökumətin istefasını tələb edirlər. İnternetə məhdudiyyət qoyulduğundan ölkədə baş verənlər barədə məlumatların əldə edilməsi çətinləşib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   İğtişaş   Polis   Zorakılıq  





Xəbər lenti