Mərkəzin saytında yayılan məlumata görə, Əmininin ölümündən bu yana İslam respublikasının təhlükəsizlik qüvvələri 200-dən çox etirazçını, o cümlədən ən azı 23 uşağı öldürüb və minlərlə dinc nümayişçini zorakılıqla həbs edib. Hətta iş o yerə çatıb ki, etirazlarda iştirak etməyən vətəndaş cəmiyyətinin nüfuzlu üzvlərini “profilaktik söhbətlər" adıyla bir yerə toplayıb həbs edirlər. Bu həbslərlə yanaşı, dinc şəkildə etiraz edən vəkillərə qarşı gözyaşardıcı qazdan istifadə edilərək saxlanılması halları da yaşanır. Maraqlıdır ki, İranda artıq aidiyyəti qurumlar öz haqlarını tələb edən gənclər və orta yaşın nümayəndələrindən deyil, uşaqlardan da qorxurlar.

Çünki, "Center for Human Rights in Iran"ın yaydığı xülasədə dinc etirazlarda iştirak edən onlarla məktəblinin də saxlanılaraq “psixoloji mərkəzlərə” göndərildiyi vurğulanır. Qurumun hesabatında o da qeyd edilir ki, güc strukturlarının bu amansız davranışları İslam respublikası tərəfindən yalnız yerli əhaliyə deyil, ümumilikdə bəşəriyyətə qarşı cinayət sayılır. Bildirilir ki, məlum problemlər beynəlxalq ictimaiyyət tərəfindən təcili şəkildə həll edilməlidir. İnsan haqları təşkilatı ayrı-ayrı dövlətlər və BMT rəsmiləri tərəfindən indiyə kimi səslənmiş qınaqların heç bir təsir göstərməməsindən gileylənib.
![]() |
Qadın saçlarından asılmış rejim |
Bunlardan biri İranla bağlı nüvə sazişinə aiddir. Tövsiyə olunur ki, həmin təmaslar indiki arzuolunmaz hadisələrə bağlanmalıdır. Yəni, məhz insan haqlarının tapdanmasına görə bu sazişlər, Tehrana müəyyən mənada beynəlxalq nəfəslik verəcək razılaşmalar təxirə salınmalıdır. Məlum sövdələşmə İslam respublikası üçün əhəmiyyətli maddi vəsaitlərin ayrılması ilə nəticələnəcək ki, bu da qapalı dövlətin repressiv potensialını artıracaq.

İkinci tövsiyədə isə yazılıb ki, Avropa İttifaqı (Aİ) və ümumilikdə Avropa ölkələri, eləcə də Tehranla diplomatik əlaqələri olan digər dövlətlər İrandakı vəhşiliklərə güclü, koordinasiyalı diplomatik cavab işləyib hazırlamalıdırlar. Onlar o cümlədən öz səfirlərini məsləhətləşmələr üçün pərakəndə halda deyil, birgə formada geri çağırmalı və İran diplomatlarına qınama mesajları ünvanlamalıdırlar.
Həmçinin, başqa bir tövsiyə olaraq Amerika Birləşmiş Ştatları (ABŞ) və onun tərəfdaşlarının BMT-nin İnsan Hüquqları Şurasının (UNHRC) təcili xüsusi sessiyasını çağırmaları göstərilir. Bu halda ayrı-ayrı dövlətlər etirazçılara qarşı zorakılıq hallarını kollektiv şəkildə həll edə bilərlər və sessiyada şura araşdırmalar, hesabatlılığı həyata keçirmək üçün müstəqil mexanizm yaratmalıdır. Bu mexanizmlə İslam respublikasının ən ağır cinayətlərinin araşdırılması ilə məşğul olunacaq.
Adıçəkilən ali qurum kontekstində olan digər tövsiyədə yazılıb ki, BMT-yə üzv dövlətlər Tehranın qadın və qızlara qarşı davam edən vəhşiliklərini nəzərə alaraq, İran İslam Respublikasının Qadınların Statusu üzrə Komissiyasının hazırkı üzvlüyündən kənarlaşdırılması üçün təcili tədbirlər görməlidir.
"ABŞ hökuməti və onun müttəfiqləri BMT Baş Assambleyasının İran hakimiyyətinin dinc nümayişçilərə qarşı törətdiyi vəhşilikləri ən sərt şəkildə pisləyən təcili qətnaməni ciddi şəkildə həyata keçirməlidir. Bundan başqa, ABŞ və digər ölkələr, xüsusən də İranla həmsərhəd olan dövlətlər və iranlı qaçqınları qəbul edə biləcək ölkələr İslam respublikası zülmündən qaçmaq istəyən iranlılara yardım göstərməli, o cümlədən sığınacaq üçün işləri sürətləndirməli və həmin şəxsləri müdafiə etməlidir", - hesabatda yazılıb.

İranın xalqı və ümumilikdə beynəlxalq ictimaiyyəti informasiya axınından məhrum etməsi də ciddi problem olaraq qabardılıb. Ölkədə internet və xarici saytlara girişin məhdudlaşdırılması hüquq müdafiəçilərinin diqqətindən yayınmayıb.
Hesabatda vurğulanır ki, İranda dövlətin tətbiq etdiyi vəhşilikləri ört basdır etmək, bununla bağlı xəbərlərin qarşısını almaq məqsədi ilə internetdə məhdudiyyətlərin tətbiqinə qarşı ciddi əks-tədbirlər görülməlidir. Belə bir fonda, ABŞ müəyyən şirkətlərə şərait yaratmalıdır. Yəni, onlara iranlıların bir-biri ilə və dünya ilə əlaqə saxlaması üçün lazım olan alətləri və xidmətləri pulsuz təklif etmələrini təmin etmək üçün təcili maliyyə ayrılmalıdır.
Qeyd edək ki, İrandakı İnsan Haqları Mərkəzi bu tövsiyələri İrandakı vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıq edərək hazırlayıb. Mərkəz etirazçılar, hüquqşünaslar, fəallar, həmkarlar ittifaqı rəhbərləri, jurnalistlər, müəllimlər, tələbələr, ziyalılar ilə gündəlik əlaqələr saxlayır.
Turqut
AzVision.az