Qədimlikdən ASAN-lığa

Qədimlikdən ASAN-lığa
  14 May 2014    Oxunub:1261
Sevil Rəsulzadə

Səyyar xidmətin mahiyyəti bəzilərimizə məlumdur. Amma bu xidmətin nə demək olduğunu daha da dəqiqləşdirək. Adından da göründüyü kimi, sözün mənası “hərəkət edən, gəzən, dolaşan, bir yerdə durmayan” kimi ifadə olunur. Keçmişdən bu yana səyyar satıcılar, kitabxanalar, teatr truppaları və.s əhaliyə xidmət edib.
Səyyar satıcıların mövcudluğunu təsdiq edən kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Səyyar xidmətlər 1917-ci ildə çəkilmiş “Arşın mal alan” filmindən arşın malçının qapı-qapı dolanaraq öz xidmətlərini əhaliyə təqdim etməsi bunu sübut edir. Əslində tacirin evləri arşın malçı kimi gəzməsində məqsədi fərqli olsa da, onun bu xüsusiyyəti o dövrdə səyyar satıcıların mövcudluğuna dəlalət edir.

Görkəmli yazıçı, drammaturq Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsində haqqında oxuduğumuz personaj da səyyar şəkildə qapıları dolanaraq sifarişlər qəbul edirmiş və həmin məlumatları şəkillərlə ( oxumağı bilmədiyi üçün məhsulları şəkillərlə ifadə edirdi) elə divarların üzərinə qeyd edərmiş.

Səyyar xidmətin mövcudluğu əhalinin rahatlığı üçün zəruridir. Ta keçmişdən daha çox yüksək təbəqəyə xidmət olunsa da, aşağı sinifdən olanlar da bundan yararlanıblar. Xüsusən də hökmdarlar, şahlar saraylarına bu xidməti göstərən dərziləri, aşpazları, həkimləri və başqalarını dəvət edərdilər. Ötən zamanlarda yazı-pozu işləri bir o qədər öndə deyildi, daha çox məişət sahəsində səyyar xidmətlər göstərilirdi. Məsələn, dəmirçilər ev-ev düşüb kimin təsərrüfat və məişət həyatında bıçaq, balta kimi kəsici yaxud dəmir alətləri vardısa, itiləyirdilər. Həmçinin köhnə Bakı küçələrində su və süd satanlar da qapıları gəzərək sakinləri su və südlə təmin edirdilər.

Bakıda və rayonlarda səyyar tamaşaların göstərilməsi də ötən əsrlərdə səyyar xidmətin əhali üçün nə dərəcədə əhəmiyyətli olmasından xəbər verir. Azərbaycanda ilk teatr tamaşası 1873-cü ilin mart ayında Bakıda səhnəyə qoyulan “Lənkəran xanının vəziri” əsəri olub. Əsərin müəllifi dahi yazıçı Mirzə Fətəli Axundovdur. Teatrın yaranması ilə bağlı yeni teatr truppaları fəaliyyət göstərirdi. Bu truppalar tək Bakıda deyil, bölgələrdə yaşayan əhalinin də tamaşaları izləyə bilməsi üçün səyyar imkanlar yaradırdılar. Müxtəlif bölgələrə yollanaraq tamaşaları səhnələşdirirdilər.

Zaman keçdikcə, səyyar xidmətlər dövlət qurumlarını və özəl müəssisələri də əhatə etməyə başlayır. Müasir dövrümüzdə də istədiyimiz xidmətə asan şəkildə sahib ola bilərik. Əvvəldə səyyar xidmətlər haqqında yazmağım təsadüfi deyil. Son zamanlar mediada daha çox yayımlanan “ASAN Xidmət”in bir layihəsi diqqətimi çəkdi.

“Səyyar ASAN xidmət” haqqında əvvəlcə mediadan oxumuşdum, sonra isə özüm də şahidi oldum ki, “ASAN xidmət”in əməkdaşları həm rayonlara, həm də insanların evlərinə gedərək xidmət göstərirlər. “ASAN Xidmət” bəzi rayonları əhatə etmədiyi üçün rayon əhli də bu qurumun xidmətlərindən yararlana bilmirdi. Amma buna baxmayaraq, onlar səyyar şəkildə bölgələrə səfər edərək orda yaşayan insanları ehtiyacları olan xidmətlərlə təmin edirlər.

Adından da göründüyü kimi hər şey insanların işinin rahat olması üçün onların istəyinə uyğun ölçülüb. Tək bununla kifayətlənmirlər. Əgər kimsə istəmirsə, “ASAN Xidmət” mərkəzlərinə gəlmək və yaxud işdən vaxt tapa bilmirsə, bu zaman bircə zənglə “ASAN”ın əməkdaşlarını yaşadıqları ünvana yaxud iş yerlərinə dəvət edərək, bununla da xidmətlərdən yaralana bilərlər. Əlil insanların da xidmətlərdən rahat şəkildə istifadə edə bilməsi üçün işçilər səyyar maşınları ilə köməyə ehtiyacı olan şəxslər üçün onların yaşadığı ünvana gedərək heç bir əlavə ödəniş olmadan xidmət göstərirlər.

Göründüyü kimi səyyarlığın tarixi kökləri keçmişə gedib çıxır. “Səyyar Xidmət” kimi layihələrin keçirilməsi insanların marağına və rahatlığına səbəb olur. Bu səbəbdən də keçirilən sorğulardan da məlum olur ki, insanların çoxu “ASAN Xidmət” in iş prinsipindən razıdır və səbrsizliklə gələcəkdə də “ASAN Xidmət”dən innovativ və vətəndaşyönümlü layihələr gözləyir.


Teqlər:





Xəbər lenti