Sığorta şirkətlərinin yeni psixoloji hücumu: Bilin və hazır olun!

 Sığorta şirkətlərinin yeni psixoloji hücumu:  Bilin və hazır olun!
  30 Dekabr 2022    Oxunub:2528
Son günlər müxtəlif sığrota şirkətlərindən vətəndaşlara zənglər edilərək, daşınmaz əmlaklarını məcburi şəkildə sığortalatdırmaları barədə xəbərdarlıq edilir. Onlara bildirilir ki, bunu etməsələr, İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcəklər. Bu, həqiqətən belədirmi, yoxsa sığortaçılar bizi aldatmağa çalışırlar?
2011-ci ildə qəbul edilmiş “İcbari Sığortalar haqqında” Qanunda avtonəqliyyat vasitələrinin, vətəndaşların əmlaklarının icbarı sığortası nəzərdə tutulub. Lakin avtonəqliyyat vasitələrindən fərqli olaraq, daşınmaz əmlakın icbari sığortası uzun müddət tətbiq edilməyib. İki il öncə bu məsələ aktuallaşsa da, müəyyən nəzarət mexanizmi olmadığı üçün proses yarımçıq qalıb.

İnzibati Xətalar Məcəlləsində icbari sığorta müqaviləsi bağlanmadıqda cərimə tətbiqini nəzərdə tutan 469.1 nömrəli bənd yeni deyil və icbari sığortanın bütün növlərinə şamil olunur. Cərimələrin növbəti ilin yanvar ayından tətbiq olunacağı barədə bəzi sığorta şirkətlərinin iddiaları daha çox psixoloji təsir məqsədilə ortaya atılır. Belə ki, yanvarın 1-dən bütün mənzillərin və yaşayış evlərinin mütləq sığortalatdırmaq barədə xəbərdarlıqlar sırf texnoloji fənd şəklində dəyərləndirilməlidir.

Sığorta eksperti İlkin İbrahimov AzVision.az-a bildirib ki, daşınmaz əmlaklarını sığortalatdırmayan fiziki şəxslər növbəti ildə cərimə olunmayacaqlar. Çünki bunun üçün nəzarət mexanizmi yoxdur.

“İcbari sığorta olmadıqda İnzibati Xətalar Məcəlləsi ilə intizam-tənbeh tədbirləri, cərimələr nəzərdə tutulub. Bu məsələ avtonəqliyyat vasitələrində olduğu kimi daşınmaz əmlakın icbari sığortasına da aiddir. Lakin hazırda "vətəndaş daşınmaz əmlakını sığorta elətdirməsə cərimə oluna bilərmi?” sualı açıq qalır.


Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin əmlaklarının, yəni kommersiya obyektlərinin sığortasına Fövqəlada Hallar Nazirliyi nəzarət edir. Fiziki şəxslərin daşınmaz əmlakının sığortasına nəzarətə isə bölgələrdə icra hakimiyyətləri və Mərkəzi Aparat baxır. Lakin sığorta olmadıqda fiziki şəxslərə münasibətdə yazılacaq protokol yoxdur",-deyə ekspert əlavə edib.

Yəni sığortanı etdirməsən, nəzəri olaraq cərimələnməlisən, amma protokolun olmaması praktikada bu mexanizmi işlək etmir. "Bunun üçün İcbari Sığorta Bürosu ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron bazası inteqrasiya olunmalıdır. Məsələn, avtomobillərin icbari sığortasında İcbari Sığorta Bürosu (İSB) ilə Daxili İşlər Nazirliyinin məlumat bazası inteqrasiya edilib və sığortasız avtomobilləri cərimələmək imkanı yaranıb",- İ.İbrahimov bildirib.

Daşınmaz əmlak məsələsində elektron mübadilənin olmaması cərimələnmə məsələsini açıq saxlayır. Buna görə də növbəti ildə fiziki şəxslərə münasibətda daşınmaz əmlakın sığortalanmaması ilə bağlı potokol tərtib olunmayacaq. Ən azından bunun nümunəsi yoxdur.

Sığorta şirkətlərinin vətəndaşlara zənglər etməsinə gəlincə, ekspert bunun qanunsuz olduğunu bildirib.

İcbari Sığorta Bürosundan AzVision.az-a verilən məlumata görə, ölkəmizdə həm hüquqi, həm də fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortalanması məcburidir. Özbaşına tikinti sayılan daşınmaz əmlak, sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

Qurumdan bildirilib ki, daşınmaz əmlakın icbari sığortalanmasına nəzarəti gücləndirmək üçün İcbari Sığorta Bürosu ilə müvafiq qurumun (İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti) informasiya siatemlərinin inteqrasiyası istiqamətində işlər aparılmaqdadır.

""İcbari sığortalar haqqında" qanunvericiliyə edilmiş son dəyişikliklər qurumlar arası inteqrasiyalarda bir sıra tələblər ortaya qoydu. Burada bəzi sığorta növlərinin elektronlaşması, məlumatların birbaşa ötürülməsi kimi məqamlar əksini tapıb. Əmlakın sığortalanması ilə əlaqədar lazımi məlumatlar müvafiq dövlət qurumundan təmin ediləcək və elektron inteqrasiyalar həyata keçiriləcək. Bütün elektron informasiya sistemləri ilə olan inteqrasiyalardan sonra artıq Azərbaycanda İcbari Sığorta Bürosunun sistemi vasitəsilə buraxılan icbari sığorta şəhadətnamələri elektronlaşacaq, kağız sığorta şəhadətnamələri olmayacaq. Tam elektronlaşma sığorta şəhadətnaməsinin olub-olmamasına nəzarət etməyə və cərimə mexanizminin də çevik tətbiq olunmasına imkan verəcək ".

Qeyd edək ki, Qanuna əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqı və sığorta məbləğləri belədir:

- Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 50 manat, sığorta məbləği 25.000 manat;
- Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 40 manat, sığorta məbləği 20.000 manat;
- digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 30 manat, sığorta məbləği 15.000 manat.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti