Rels üzərində inşa olunan binalar: Yaponiyada zəlzələyə dayanıqlı evlər necə tikilir?

      Rels üzərində inşa olunan binalar:    Yaponiyada zəlzələyə dayanıqlı evlər necə tikilir?
  09 Fevral 2023    Oxunub:8241
Fevralın 6-da Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində minlərlə bina dağılıb. Zəlzələ qurbanlarının sayı getdikcə artır. Dağıntıların miqyasının böyüklüyü Yaponiyadakı kimi zəlzələyə davamlı evlərin tikilməsi mövzusunu aktuallaşdərəb.
Bəs Yaponiyada zəlzələyə davamlı evlər necə tikilir?

Yaponiyada evlər xüsusi texnologiya ilə tikilir. Orada tikililərə qoyulan seysmik tələblər həddindən artıq sərtdir. Yaponlar binaları zəlzələ dalğasının təsirinə uyğun olaraq, elə konstruksiya üzrə qururlar ki, təkanlar zamanı dağılmasın. Daha dəqiq desək, relslərin üzərində. Bu sistem zəlzələ zamanı binaların yer qabığından asılı olmayaraq hərəkətinə şərait yaradır.


1995-ci ildə Yaponiyada baş verən fəlakətdən sonra ölkədə köhnə tikililər yenidən quruldu, binalar yeni sistemə uyğun tikildi. Ölkədə binaların hündürlüyünə görə mühafizə sistemləri dəyişir. Üçmərtəbəli binalarda divarları gücləndirmək və təməli pilitələrlə qorumaq tələbi qoyulub. Orta hündürlüyə malik binalarda daha çox ehtiyat tədbirləri görülür.

Binanın bünövrəsində rezindən hazırlanmış bamperlərdən istifadə olunur. Bu bamperlər zəlzələ təhlükəsi zamanı binaların silkələnməsi və əyilməsi əvəzinə üfüqi istiqamətdə yırğalanmasını təmin edir. Bünövrədəki gərginliyin bütün mərtəbələr boyunca yayılması üçün hidravlik tellərdən istifadə edilir. Beləliklə, binanın yıxılmasının qarşısı alınır.

Bu sistem sayəsində zəlzələ zamanı binalar dağılmaq əvəzinə əyilir. Yaponiyada mühəndislər divarların içərisindəki boşluqlara metal lövhələr qoyur və bu, bütün binanın eyni vaxtda hərəkət etməsinə şərait yaradır. Elastiklik binanın çökməsinin və ya qırılmasının qarşısını almaq üçün edilir. İstifadə olunan sistem binanı müxtəlif istiqamətlərdə 3 metrəyə qədər yırğalanmağa qarşı dözümlü edir. Binanın bünövrəsində amortizatorlardan istifadə titrəyişləri neytrallaşdırır, təməldə istifadə olunan rezin bamperlər silkələnmə zamanı sürəti azaldır.



Bir-birinin ardınca böyük zəlzələlərin yaşandığı Yaponiya 1995-ci il fəlakətindən sonra bu sistem üzərində işləməyə başlayıb və binalarını hədsiz dərəcədə möhkəmləndirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti