Əks-hücum silahı: Ukrayna gözləyir, Qərb yubanır – TƏHLİL

      Əks-hücum silahı:    Ukrayna gözləyir, Qərb yubanır –    TƏHLİL
  15 Fevral 2023    Oxunub:2432
Ukrayna müharibəsinin ildönümü ərəfəsində "tank koalisiyası" gerçəkləşə bildi: Almaniyanın "Leopard"ları bir çox ölkədən Ukraynaya göndərilməyə hazırlanır, ABŞ-ın Kiyevə "Abrams" tankları verməsi də aktualdır. HHM sistemlərilə bağlı məsələ də qismən həllini tapır. Hazırda Ukraynanın əsas məqsədi döyüş təyyarələri əldə etməkdir.
Qırıcılar və HHM sistemləri həm Ukrayna səmasını bağlamağa kömək edəcək, həm də Ukraynanın əks hücumlarının xarakterinə təsir göstərəcək. Müharibənin ilk günlərindən Ukrayna NATO-dan səmasını bağlamağı xahiş edirdi. Çünki Rusiya raketlərinin hədəfləri yalnız hərbi obyektlərdən ibarət deyildi, mülki infrastruktur: enerji obyektlərini, evlər, xəstəxanalar, məktəblər də vurulurdu. Vəziyyət bu gün də dəyişməyib.

Bu bir il ərzində Ukraynanın hava hücumundan müdafiə qoşunları Rusiyanın hava hücum vasitələrini zərərsizləşdirmək istiqamətində böyük təcrübə əldə ediblər. Amma ballistik raketlərin məhv etmək üçün müvafiq silahlarda ciddi çatışmazlıq vardı. Bu baxımdan ABŞ-ın "Patriot" hava hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsi Rusiya üçün çoxlu sürpriz yaradacaq. Əgər çatdırılma paketinə qırıcılar da əlavə olunarsa, Rusiyanın ballistik və qanadlı raketlərinin start mövqelərinin məhv edilməsi məsələsində Ukrayna daha ciddi potensial əldə edəcək.


Avropa İttifaqından olan az sayda liderlər Ukraynanı lazımi silahlarla, o cümlədən, NATO standartına uyğun qırıcı və digər təyyarələrlə təmin etməyə hazırdırlar. Amma konkret qərar barədə danışmaq bir az tezdir. Ötən ilin yayında ABŞ Konqresi ukraynalı pilotların təlim proqramının maliyyələşdirilməsinə 100 milyon dollar ayrılmasını müzakirə etmişdi. Söhbət ABŞ-ın “F-15” və “F-16” təyyarələrindən, eləcə də "hava döyüşləri üçün yararlı olan” digər platformalardan gedirdi. Bu vəsaitin ayrılmasını təsdiqləyən qanun layihəsi 2022-ci ilin dekabrının sonunda ABŞ prezidenti Co Bayden tərəfindən imzalandı. Mətbuatda ekspertlər səviyyəsində keçirilən müzakirələr zamanı Ukraynanın İsveçin "Grippen", Böyük Britaniyanın "Eurofighter" və hətta Fransanın "Rafale" qırıcılarını qəbul etməsi ehtimalı dəyərləndirilmişdi. Lakin Ukraynanın orta perspektivdə “F-16”lar əldə edəcəyi daha gözləniləndir. Çünki “F-16”dan hazırda çox ölkə istifadə edir, bu qırıcılar müasir döyüş təyyarələrinin ən geniş yayılan modelidir.

Bəzi Qərb ölkələrinin SSRİ istehsalı olan və NATO standartlarına uyğunlaşdırılmış döyüş təyyarələrinin Ukraynaya verilməsi ilə bağlı təklifləri də gündəmdədir. Məsələn, Slovakiya “MiQ-29” qırıcılarını Ukraynaya verməyə artıq hazırdır. Polşa da Ukraynaya döyüş təyyarələri verməyə razıdır. Bu yaxınlarda Polşanın milli müdafiə nazirinin müavini Voytsex Skurkieviç qeyd etdi ki, Ukraynaya “F-16” və ya “MiQ-29” qırıcılarının verilməsindən danışmaq olar. Lakin belə bir qərar "təkbaşına" qəbul edilməyəcək. Polşa Şimali Atlantika Müqaviləsi çərçivəsində birgə hərəkət etmək niyyətindədir və daha çox qırıcıya malik ölkələri Ukraynaya təyyarələr verməyə çağırır.

İtaliya da eyni mövqedən çıxış edir. Baş nazir Corciya Melone döyüş təyyarələrinin Ukraynaya təhvil verilməsi ilə bağlı İtaliyanın üzərinə düşən işi 100% yerinə yetirməyə hazır olduğunu və Ukraynaya kömək edənlərin sülh üçün çalışdığını bildirib.


Qırıcı təyyarələrlə bağlı əsas problemlərdən biri ukraynalıların "ən son texnologiyalara" qısa müddətdə yiyələnməsilə bağlıdır. Uçuş heyətinin sıfırdan hazırlanması üçün bir neçə il intensiv təlim keçilməlidir. Pilot başqa qırıcıda uçmağı bilirsə, o zaman “F-16”nı idarə etmək üçün altı ay yetərli ola bilər.

Ukraynanın yaxın həftələrdə tab gətirməsi və yaz-yay aylarında hücuma keçməsi üçün özüyeriyən uzaqmənzilli artilleriya vasitələri, pilotsuz aparatlar, qırıcılar və HHM sistemləri ilə təchizatı vacibdir. Təyyarələrin çatdırılması bir neçə ay çəkə bilər, lakin cəbhədəki vəziyyət operativ qərarların sürətlə qəbulunu tələb edir. Ukrayna səmasını və qoşunlarını qorumadan heç bir əks-hücum effekt verməyəcək. Mühəndis-texniki heyətin minimal həcmdə hazırlığı da eyni müddət ərzində həllini tapa bilər.

Bəzi Avropa ölkələri Rusiya ilə münasibətləri tamamilə pozmamaq üçün qırıcılarını elan olunmadan da Ukraynaya verə bilərlər. Avropanın başqa bir narahatlığı bundan sonra özlərinin havadan müdafiəsinin zəifləyəcəyilə bağlıdır. Polşa və Belçika buna eyham vursalar da, məsələsi gündəmdən düşmür.


Ukraynaya nə qədər döyüş təyyarələrinin ötürülməsi mühüm əhəmiyyət daşıyacaq. Digər vacib məsələ qırıcıların nə vaxt çatdırılmasıdır. Ukraynanın ehtiyacı çoxdan yaranıb, lakin təyyarələrin yaxın zamanda çatdırılması real görünmür.

Ramştayndan sonra NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü olacaq, fevralın 17-dən 19-dək isə Münhendə Beynəlxalq Təhlükəsizlik Konfransı keçiriləcək. Bu görüşlərdə əsas müzakirə mövzularından birincisi Ukraynanın hərbi təchizatı ilə əlaqədar olacaq. Silah, sursat və texnika təchizatı ilə bağlı qərarların qəbulu gözlənilsə də, NATO tipli döyüş təyyarələrinin çatdırılması hələlik real görünmür.

Ən yaxşı halda keçmiş SSRİ-də istehsal edilən və hazırda bəzi Avropa ölkələrində istismar olunan “MİQ-29”ların verilməsi barədə qərarlar qəbul edilə bilər. Bu isə onların nə ilə və necə əvəz ediləcəyi məsələsini aktuallaşdıracaq. Əgər Qərb Ukraynanın Rusiya qarşısında davam gətirməsini istəyirsə, qərarları operativ şəkildə qəbul etməlidirlər.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün



Teqlər: Ukrayna   Müharibə  





Xəbər lenti