Nüvə tədqiqatları Azərbaycana nə verəcək? – MÜSAHİBƏ

Nüvə tədqiqatları Azərbaycana nə verəcək? – MÜSAHİBƏ
  23 May 2014    Oxunub:3495
Mayın əvvəllərində prezident İlham Əliyev ölkədə Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Bununla Azərbaycanda elmin ən maraqlı və müasir sahələrindən birinin öyrənilməsi yeni təkan alacaq.

Müasir dövrdə nüvə fizikası daha çox nəyə görə maraq doğurur? Burada hansı suallar açıq qalıb? Niyə ona dünyada bu qədər maraq var? Bu sahənin inkişafı ölkəyə nələri verə bilər?


Bu və digər maraqlı sualları AzVision.az-a müsahibəsində nüvə fiziki, Türkiyənin Ortadoğu Universitetinin məzunu Yalçın İslamzadə cavablandırıb.


- Bu fərmanın imzalanmasında məqsəd nə ola bilər?

- Fərmanın imzalanmasında birinci məqsəd indiyə qədər Azərbaycanda nəzəri olaraq həyata keçirilmiş nüvə tədqiqatlarını maddi-texniki baza yaratmaqla tətbiqi istiqamətdə inkişaf etdirməkdir. Çünki Elmlər Akademiyasının Fizika İnstitutu və Radiasiya Problemləri İnstitutunda bu sahədə nəzəri tədqiqatlar aparılıb. Azərbayacanda yarımkeçiricilər fizikası ilə bərabər, nüvə fizikası da kifayət qədər inkişaf etmişdi. Bu gün də bizim bir çox alimlərimiz xarici universitetlərdə, elmi-tədqiqat mərkəzlərində bu sahə üzrə işləyirlər.

Fərmanda qurulması nəzərdə tutulan, elmi-tədqiqat nüvə redaktorudur. Bu hər şeydən əvvəl, bir neytron qaynağıdır. Bəhs edilən elmi-tədqiqat nüvə reaktorunun alınması, istismar edilməsi ilə həm elmi təcrübələr aparıla bilər, həm də ixtisaslı texniki işçilər, kadrlar yetişdirilə bilər. Bu reaktorda müəyyən radioizotoplar istehsal olunub, sənayenin müxtəlif sahələrində istifadə edilə bilər.

Bu gün nüvə fizikasının dinc məqsədlərlə tətbiqi iki yerə ayrılır. AES-lərdə reaktorlar vasitəsiylə elektrik enerjisi istehsal olunur. Bundan başqa, nüvə enerjisi kənd təsərüfatında, geologiyada , materialların tədqiqatında , analizində, kristolloqrafiyada geniş istifadə olunur.Tibbdə radioizotoplardan həm diaqnoz, həm də müalicə məqsədilə istifadə geniş yayılmışdır. Müasir dövrdə bu sahəyə həm böyük diqqət var, həm də böyük maliyyə ayrılır.

Nüvə fizikası sahəsində bizim məqsədimiz, daha praktik həllərdir. Yəni nüvə fizikasının dinc məqsədlərlə tətbiq olunması. Ona görə biz mütləq nüvə enerjisi, nüvə reaktoru, onun işləmə prinsipi və mexanizmi ilə tanış olmalıyıq. Bir çox Avropa universitetlərinin elmi tədqiqat nüvə reaktoru var. Orada tələbələr, doktorlar sınaqlar aparırlar.

Gələcəkdə Atom Elektrik Stansiyası qurulacaq olsa, onun kadr bazası buradan yetişə bilər.

- Nüvə tədqiqatları bizə nə verə bilər?

- Dünyada ilk olaraq texnologiyalar sürətlə yenilənir. Sonra qurumlar texnoloji yeniliklərə uyğunlaşırlar. Daha sonra isə insanın təfəkkürü bu dəyişikliklərə uyğun formalaşır. Çünki ən gec dəyişən təfəkkürdür. Ona görə də biz qarşıya, tutaq ki , nüvə reaktrounun yaradılması hədəfini qoysaq, bu, istər-istəməz müəyyən standartların yüksəldilməsinə gətirəcək. Bu mənada belə hədəfin qoyulması vacibdir. Eyni zamanda bu, bizim qabaqcıl dünya ölkələri ilə elm sahəsində əməkdaşlıq etməyimizə də böyük təkan verəcək.

Digər tərəfdən, bu gün dünyada 400-dən artıq atom elektrik stansiyası var və 70–i də hazırda tikilməkdədir. Yəni neftin, qazın tükənməsi ilə getdikcə nüvə enerjisinə tələb artır. Misal üçün, Fransada enerjinin 70 % -dən artığını AES-lər verir.

- Avropa Nüvə Araşdırmaları Mərkəzi (CERN) Böyük Adron Kollayderinə 10 milyard dollar maliyyə ayırmışdı. Niyə nüvə araşdırmaları bu qədər vacibdir?

- Biz təbiətin daha fundamental qanunlarını öyrənmək istədikcə çalışdığımız enerjilərin miqyası artmalıdır. CERN-də tikilən Kollayder daha böyük enerjili zərrəciklərin toqquşmasına imkan verir ki, bu zaman materiyanın daha təməl komponenetləri və qanunauyğunluqları haqqında məlumat əldə etmək olur.
İkinci məqsəd isə odur ki, kosmik tədqiqatlar kimi, nüvə tədqiqatları o qədər qabaqcıl sahədir ki, bu sahə üzrə çalışdıqda, ortaya çıxan texniki problemləri həll etdikdə çox fərqli texnoloji yeniliklər qazanmış olursunuz. Məsələn, bugünkü internet elə CERN-də yaradılıb, oradakı araşdırmaları bir yan məhsulu olub. Necə ki, teflon və yanğına davamlı materiallar kosmik tədqiqatların bir yan məhsuludur və sənayenin başqa sahələrində tətbiq olunur. Bu mənada nüvə tətqiqatlarının həm birbaşa, həm elmi, həm də texnoloji əhəmiyyəti var. Bəzi elm sahələri var ki, yaxın gələcəkdə orada edilə biləcək kəşflər inqilabi yeniliklər doğura bilər.

- Nüvə araşdırmalarını bu siyahıya əlavə etmək olarmı ? Yoxsa burada tapıla biləcək şeylər artıq tapılıb?

- Əslində hər zaman belə düşünülüb ki, elmdə artıq hər şey kəşf edildi. Məsələn, Maks Planka da demişdilər ki, “Fizikada artıq hər şey tapılıb, özünə başqa bir ixtisas seç”. Amma Plank kvant fizikasının qurucusu oldu. Bu gün dünya alimlərinin, fiziklərinin yarıdan çoxu yüksək enerji fizikası sahəsində çalışır. Və ümid edilən odur ki, ən fundemental kəşflər məhz bu sahədə olacaq. Biz kainatın keçmişinə doğru getmək istəyirik. Kainatın keçmişdə hansı mərhələlərdən keçdiyni bilmək üçün yüksək enerji araşdırmalarına ehtiyac var.

- `Hərbi Atom` ilə `dinc atom` arasında məsafə çoxmu böyükdür? Birindən o birinə keçmək olurmu ?

- Burada əsas prinsip eynidir. Hər birinin əsasında zəncirvari reaksiya durur. Amma hərbi məqsədlə olanda enerji çox qısa müddətdə - partlayışla açığa çıxarıldığına görə, dağıdıcı olur. Atom Elektrik Stansiyasında həmin proses yavaşladılmış şəkildə gedir. Prinsipcə bunlar bir–birinə çox yaxındır. Hərbi məqəsədlər üçün sadəcə, uranın zənginləşdirilmə dərəcəsi daha yüksəkdir.

- Yeri gəlmişkən, “uranın zənginləşdirilməsi” ifadəsini biz tez-tez eşidirik. Sadə dildə bu, nə deməkdir?

- Uran adətən təbiətdə iki izotop halında tapılır: U235 və U238. Bunlardan biri - 235 izotopu enerji vermək üçün faydalıdır. Ona görə də, “uranın zənginləşdirilməsi” dedikdə reaktorlarda istifadə olunacaq uran çubuqlarında Uran-235 izotoplarının payının artırılması nəzərdə tutulur. Yəni təbii uran xanmal kimi enerji vermək üçün uyğun deyil, o, müəyyən proseslərdən keçirilir.

- Azərbaycanda nüvə araşdırmaları mərkəzi yaratmaq üçün tələb olunann insan, elmi , maliyyə potensialı hazırda varmı?

- Maliyə potensialı mən hesab edirəm ki, var. Elmi potensial, nəzəri baza var. Radiasiya Problemləri İnstitunda, Fizika İnstitutunun nüvə labarotoriyasında bu sahədə işləyən gənc və yaşlı kadrlar da var. Məncə, bu kadrlardan istifadə etmək olar. Bir də lazım olsa, bizim xaricdə işləyən fizikləri geri çağırıb onlarla əməkdaşlıq etmək olar.

- Azərbaycanda, o cümlədən xaricdə bu işlə məşğul olan alimlərimiz çoxdurmu?

- Kifayət qədərdir. Bizim bir çox müəllimlərimiz Türkiyə və Avropa universitetlərində dərs deyirlər, tədqiqat aparırlar və kadr yetişdirirlər. CERN-də xeyli azərbaycanlı alim işləyir. Bu insanların da potensialından istifadə etmək olar.

- Adətən bizdə insanlar humanitar elmlərə daha çox meyilli olurlar. Riyaziyyat, fizika, xüsusilə də nüvə fizikası kimi spesifik bir sahəyə gənclər çox az meyil edirlər. Bu təfəkkür dəyişə bilərmi? O cümlədən, bu addım həmin təfəkkürün dəyişməsinə xidmət edə bilərmi?

- Azərbaycanda elmə maraq olmamasının müxtəlif səbəbləri var. Elmə maraq insanın çox gənc yaşından başlamalıdır. Elm o qədər ağır və uzun prosesdir ki, buna başlamaq üçün gərək bir az sevgi olsun, romantizm olsun. Bu sevgi də insana romantik olduğu vaxtdan aşılanmalıdır. Sovet dövründə bu, var idi. Elmlə məşğul olanların həvəsləndirmə və mükafatlandırma sistemi də var idi. Amma sovet dövründən sonra həm iqtisadi səbəblər, həm də təbliğatın olmaması bizdə elmə olana marağı zəiflətdi. Sahib olduğumuz potensialı da artırmaq yerinə, sürətlə itirdk. Alimlərimiz ölkəni tərk edib, xaricə getdilər. Gənclərdə də elmə maraq qalmadı. Xürafat və asan bilgi əldə etmə həvəsi artdı, hətta ölkəmizdə yayılan xarici mənşəli dini təbliğat bəzi hallarda elmin əleyhinə təbliğat aparırlar.
Elmin inkişafı üçün həvəsləndirmə lazımdır. Xüsusilə gənclər arasında. İnsanın nüvə fizikasının tam olaraq nə olduğunu anlaması üçün uzun təhsil prosesindən keçməyi lazımdır. Universiteti bitirməlidir, işə başlamalıdır ki, tam olaraq nə ilə məşğul olduğunu dərk etsin, amma o dövrə qədər də onda bir maraq, stimul yaranmalıdır ki, onu həmin nöqtəyə qədər aparsın.

- Mütəxəsisslər tez-tez deyirlər ki, riyaziyyat, fizika hazırlığı olmayan insana nüvə fizikasının nə olduğunu başa salmaq mümkün deyil. Doğrudurmu?

- Əlbəttə, doğrudur. Mürəkkəb sahə olmaqdan əlavə, o aləmin dili fərqlidir. Onun dili qanunlar və riyazi formullardır. Yəni gündəlik dildə onu tam ifadə etmək mükün deyil. İnsan lazım olan miniumum bir fiziki, riyazi baqaja sahib olmalıdır ki, orada nə baş verdiyin anlaya bilsin.

- Kvant fizikası ilə nüvə fizikası eyni anlayışlardılarmı?

- Kvant fizikası və nüvə fizikası eyni anlayışlar deyil. Kvant fizikası qanunları həm yüksək enerjilər fizikasında həm də nüvə fizikasında tətbiq olunur. Yüksək enerji fizikasının çalışdığı enerji mərtəbəsi nüvə fizikasının öyrəndiyi enerji mərtəbəsindən daha irəlidədir. Nüvə fizikası tam olaraq klassik fizika ilə yüksək enerji fizikası arasında bir yerdə durur.

Texnika inkişaf etdikcə, insanlar daha böyük sürətlərlə daha kiçik zərrəciklərlə eksperiment aparmağa başladıqca gördülər ki, klassik fizika artıq yetərsizdir. Bir çox təcrübənin nəticəsini izah edə bilmir. Klassik fizikanın çərçivəsi genişləndirildi. Formullar daha ümumi şəkildə ifadə olundur və klassik fizikadan kvant mexanikasına keçdik. Amma kvant mexanikası klassik fizikanın tam inkar etmir. Çünki klassik fizikanın da izah etdiyi fenomenləri var. Yəni bizim dünyamız ən azından klassik fizika dünyasıdır. Kvant mexanikası düsturlarından daha böyük kütlələr və daha yavaş sürətlər üçün biz klassik fizikanı alırıq. Kvant fizikası daha ümumidir, daha çox şeyi ifadə edir. Bu mənada nüvə fizikası klassik fizika ilə kvant fizikasının tam kəsişməsindədir.

- Bir vaxtlar bəşəriyyət elə bilirdi ki, ən kiçik zərrəcik atomdur. Sonra məlum oldu ki, atom da bölünür, neytron da, proton da... Bəs ən kiçik bölünməyən hissəciklər varmı, yoxsa sonsuza qədər bölünə-bölünə gedə bilər?

- Hər dəfə “artıq bölünməz, təməl zərrəciklərə çatıldı” deyiləndə məlum olub ki, daha təməl zərrəciklər də var. Bu gün üçün təməl zərrəciklər sinifləndirilib. Burada adronlar və leptonlar var. Ən azından biz bilirik ki, elektron qrupundakı zərrəciklər, fundamental, alt tərkibi olmayan zərrəciklərdir. Onların tərkib hissələrinin olduğu hələ ki, düşünülmür. Protonun, neytronun, adron dediyimiz hissəciklərin tərkibində `kvark` adlandırılan fundamental zərrəciklər var. `Elementar` deyilən zərrəciklər o qədər çoxdur ki, alimlər bu qədər çox elementar zərrəciyin ola bilməyəcəyini düşünürlər. Yəni belə fikir var ki, bir addım daha irəli getsək, daha az sayda elementar zərrəcik qalacaq. Kvarkları da onlar təşkil etmiş ola bilərlər.

- Bu aləmi heç bir halda vizual görmək mümkün deyil?

- Heç bir halda. O, ancaq riyazi model əsasında təsəvvür olunur. Amma görməyimiz şərt də deyil.

- Türkiyə bu sahədə nə qədər irəliyə gəlib? Azərbaycan qardaş ölkə ilə iş birliyindən hansı faydalar götürmək olar?

- Türkiyədə təbiət elmləri sahəsi mühəndisliklə müqayisədə qənaətbəxş deyil. Orada təbiət elmlərinin inkişafına azərbaycanlı alimlər kömək etdilər. Mənim magistraturada elmi rəhbərim Saleh Sultansoy idi. Bizim Fizika İnstitundan getmişdi. Türkiyənin CERN-in bir çox proqramında iştirak etməsində təşəbbüskar da o oldu. Bu sahədə Türkiyə ilə əməkdaşlıq bizə çox şey verməz , birbaşa CERN və qabaqcıl universitetlərlə ilə əməkdaşlıq etmək lazımdır.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti