Azay Quliyev ATƏT PA-ya sərhəd-buraxılış məntəqəsinin zəruriliyini izah etdi

Azay Quliyev ATƏT PA-ya sərhəd-buraxılış məntəqəsinin zəruriliyini izah etdi
  25 Aprel 2023    Oxunub:1081
ATƏT PA-nın Kopenhagendə keçirilən Büro iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadiyyat və Ekologiya Komitəsinin sədri Azay Quliyev Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi, belə bir qərarın qəbulunun səbəbləri və nəticələri barədə ATƏT PA-nın bürö üzvlərini məlumatlandırıb.
Ermənistan-Azərbaycan sərhədində, laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını zəruri edən amilləri sadalayan Azay Quliyev bildirib ki, Ermənistan son 3 ilə yaxındır 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın bəndlərini kobud şəkildə pozaraq, Laçın yolundan sistemli şəkildə sui-istifadə edib:
1) Ermənistan Azərbaycanın ərazisində hələ də qanunsuz saxladığı silahlı birləşmələrin rotasiyasını həyata keçirib;
2) Ermənistan Laçın yolu vasitəsilə qanunsuz silah və sursat daşıyıb;
3) Ermənistan terrorçuları və sabotaj qrupu üzvlərini Qarabağa gətirib;
4) Ermənistan yoldan Azərbaycanın təbii ehtiyatlarının və mədəni sərvətlərinin talanması və xaricə satılması məqsədilə istifadə edib;
5) Laçın yolundan minaların və partlayıcı maddələrin Azərbaycana gətirilməsi və azərbaycanlıların öldürülməsi üçün istifadə edilib. Təkcə 2022-ci ilin avqust ayından bəri Azərbaycan ərazisində Ermənistanın istehsal etdiyi 2700 piyada əleyhinə mina basdırılıb. Son iki ildə 294 azərbaycanlı mina partlayışının qurbanı olub.

Azay Quliyev büro üzvlərinin diqqətinə çatdırıb ki, nəzarət-buraxılış məntəqəsinin qurulmasının çox böyük faydası olacaq və bununla mövcud problemlərin hamısı həllini tapacaq. İlk növbədə:
1) Laçın yolunda hərəkətin şəffaflığı təmin olunacaq;
2) Azərbaycan bütün ərazisində milli təhlükəsizliyini, suverenliyini və qanunun aliliyini təmin edəcək;
3) Azərbaycan Üçtərəfli Bəyanata uyğun olaraq Laçın yolu üzərindən hər iki tərəfə vətəndaşların və nəqliyyatın təhlükəsizliyinə zəmanət verəcək;
4) Beynəlxaq hüquqa uyğun olaraq ərazisinə qanunsuz giriş və çıxışların, xüsusilə, yuxarıda qeyd olunan sui-istifadə hallarının qarşısı alınacaq.

Azay Quliyev əminliklə bildirib ki, Ermənistan-Azərbaycan sərhədində, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılması hazırda mövcud olan problemləri kökündən həll edəcək. ATƏT PA qeyd olunan müsbət dinamikanı nəzərə almalı və Azərbaycan Ermənistan arasında sülh sazişinin imzalanmasına töhfə verməlidir.

Qeyd edək ki, Büro ATƏT PA-nın fəaliyyətini, qurumun Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, Demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitələrinin hesabatları və qətnamə layihələrini müzakirə edib.


Teqlər: Laçın  





Xəbər lenti