“Hakimiyyət dəyişsə, Türkiyə 90-cı illərə qayıdacaq” – Ukraynalı ekspertlə müsahibə

   “Hakimiyyət dəyişsə, Türkiyə 90-cı illərə qayıdacaq” –    Ukraynalı ekspertlə müsahibə
  15 May 2023    Oxunub:5656
“Ərdoğan və onun partiyası Türkiyədə görünməmiş islahatlar apardı. Bu islahatlar onu regionun lider ölkəsinə çevirdi. Heç bir başqa hökumət analoji nəticələr əldə etməyib. Adnan Menderes və Turqut Özal hökumətləri irəliləyiş əldə etsələr də, Ərdoğanın rəhbərlik etdiyi hökumətlərin nailiyyətləri daha əhəmiyyətlidir”.
Bu sözləri AzVision.az -a müsahibəsində ukraynalı şərqşünas, türkoloq Qriqori Mavrov deyib. O bildirib ki, Ərdoğanın dövründə Türkiyədə həyat səviyyəsi ciddi şəkildə yüksəlib, iqtisadiyyat daha müasir və texnoloji xarakter alıb.

- Lakin onu da nəzərə almaq lazımdır ki, biz siyasi liderlərin dəyişməsinin norma olduğu bir reallıqda yaşayırıq. Çünki insanlar siyasətçilərdən yorulur. Bundan başqa, Ərdoğanın maliyyə siyasəti və Türkiyənin maliyyə qurumları ilə münasibətləri həmişə uğurlu olmayıb və bu, milli valyutanın devalvasiyasına gətirib çıxarıb, Türkiyə iqtisadiyyatında bir sıra başqa problemlər yaradıb. Fəlakətli zəlzələ də hökumətin reytinqinə mənfi təsir göstərdi, onun fəaliyyətinə əhali arasında şübhələr yaratdı.

- Ərdoğan-Kılıçdaroğlu qarşıdurmasını necə qiymətləndirmək olar?
- Bu, köhnə rəqiblərin kifayət qədər maraqlı toqquşmasıdır. Kamal Kılıçdaroğlu 2010-cu ildən Cümhuriyyət Xalq Partiyasına (CHP) rəhbərlik edir. Konstitusiya dəyişikliklərindən sonra prezident üsul-idarəsinə çevrilən ölkədə parlament modelinə sadiqliyi onun gücünü artırır. Bununla belə, Kılıçdaroğluna mane ola biləcək bir neçə amil var. Birincisi, o, ələvi azlığın nümayəndəsidir və əhalinin mühafizəkar hissəsi tərəfindən sevilmir. İkincisi, Kılıçdaroğlunun dövründə Cümhuriyyət Xalq Partiyası heç bir seçkidə qalib gəlməyib. Kılıçdaroğlunun özü isə təkcə dövləti deyil, hətta böyük bir şəhəri idarə etmək təcrübəsi olmayan müxalifət lideri kimi tanınır. Onun platforması əhalinin müxtəlif qruplarını razı salmaq məqsədi daşıyan vədlərlə doludur, lakin ölkədə iqtisadi vəziyyəti yaxşılaşdıra biləcək tutarlı siyasi proqram təklif etmir.

- Hakimiyyət dəyişikliyi Türkiyənin xarici siyasətində necə əks oluna bilər? Yeni hökumət ölkəni həm regional, həm də qlobal liderliyə aparan Ərdoğanın yolunu yarıda kəsə bilərmi?
- Hakimiyyət dəyişikliyi ölkəni çox güman ki, 90-cı illərin Türkiyəsinə qaytara bilər. O vaxt ölkədə hökumətlər mütəmadi dəyişilirdi. Kılıçdaroğlunun həddindən artıq populist proqramını, Meral Akşenerdən tutmuş Əhməd Davudoğluna kimi tamamilə fərqli siyasi qüvvələrin onun ətrafında birləşməsini nəzərə alsaq, bu ittifaqın yalnız Ərdoğanı məğlub etmək məqsədi daşıdığı, ondan sonra isə müttəfiqlərin barışmaz rəqiblərə çevriləcəyi açıq-aydın görünür. Kılıçdaroğlunun müxalifətdən dəstəyinin nə dərəcədə situativ olduğunu anlamaq üçün Akşenerin bu ittifaqa qoşulması ilə bağlı intriqanı yada salmaq olar.
Təbii, 1990-cı illərə şərti qayıdış o halda mümkündür ki, konstitusiya islahatları aparılsın və parlament modeli qaytarılsın. Kılıçdaroğlu mövcud modeli qoruyub saxlamaqla Türkiyənin avtokratik hökmdarına çevrilə və bunu müxalifətlə məsləhətləşmədən edə bilər. Bunun baş verəcəyini düşünmürəm, amma hadisələrin belə inkişafında inanılmaz heç nə yoxdur.
Xarici siyasətə gəlincə, görünür, yeni hökumət Suriya ilə bağlı siyasətinə yenidən baxacaq və çox güman ki, Bəşər Əsəd rejimi ilə münasibətlər bərpa olunacaq. Bəlkə də, Rusiya ilə bağlı siyasətə də yenidən baxılacaq, çünki Kılıçdaroğlu bir neçə dəfə Ərdoğanın Türkiyəni Rusiyadan asılı vəziyyətə saldığını bəyan edib. O eyni zamanda Qərbi də tənqid edir, odur ki, Türkiyənin yeni soyuq müharibə şəraitində xarici siyasətini konkret olaraq necə quracağı çox da bəlli deyil.

- Ərdoğanın dövründə Ankaranın Yaxın Şərq və Afrika strategiyaları ilə yanaşı, Qafqaz siyasəti də kəskin şəkildə dəyişdi. Hakimiyyət dəyişikliyi bu siyasətə düzəlişlər edə bilərmi?
- Türkiyənin Qafqaz siyasətində çətin ki, ciddi dəyişikliklər baş versin. Azərbaycana dəstək və Gürcüstanla strateji tərəfdaşlıq kursu Türkiyənin özü üçün faydalıdır və türk xalqı tərəfindən dəstəklənir. Türkiyənin Azərbaycan və Gürcüstanla strateji müttəfiqliyi bir sıra tarixi, mədəni, iqtisadi və siyasi amillərin birləşməsindən irəli gəlir və mövcud reallıqlarda alternativi yoxdur. Türkiyə bu iki ölkəni regionda mühüm tərəfdaşlar sayır. Bu birlik ortaq maraq və məqsədlərə xidmət edir, ona görə də, bu münasibətlərin məhv edilməsi və ya yenidən formatlaşdırılması Kamal Kılıçdaroğlu və komandasının planlarında ola bilməz.

Qafqaz Ömərov
AzVision.az üçün



Teqlər: Türkiyə   Seçki  





Xəbər lenti