İranlı diplomatın anormal arzuları: "Başqa ölkələr də Qafanda konsulluq açsın"

  İranlı diplomatın anormal arzuları:  "Başqa ölkələr də Qafanda konsulluq açsın"
  16 İyun 2023    Oxunub:1123
"İran ümid edir ki, Zəngəzurda istənilən xarici diplomatik nümayəndəliyin açılması sabitlik və təhlükəsizliyə töhfə verəcək". Bunu İranın Qafandakı baş konsulu Morteza Abedin Varamin Ermənistan mediasına müsahibəsində deyib.
İranlı diplomat regiondakı vəziyyət barədə danışarkən İrəvanın maraqlarına xidmət edən bir sıra diqqət çəkən fikirlər də səsləndirib.

O iddia edib ki, ölkəsi Ermənistanın cənubunda gec konsulluq açıb: "İki xalq arasında "minilliklərlə" olan münasibətləri, eləcə də hər iki ölkənin mədəniyyətindəki oxşarlığı nəzərə alsaq, konsulluğun açılması zərurət idi. Məncə o daha tez fəaliyyətə başlamalı idi. Hazırda həm Sünik bölgəsinin sakinləri, həm də buraya gələn İran vətəndaşları, xüsusən də yük və avtobus sürücüləri konsulluğun fəaliyyətindən razıdırlar. Konsulluq onlara bir çox məsələləri yerindəcə həll etməyə imkan verir və onlar bütün bunlara görə İrəvana getməsinlər. Bu həm vaxta, həm də xərclərə qənaət edir".

Tehranın konsulluq oyunları öz müsəlman qardaşına arxadan zərbəsidir
İranlı diplomat yerli rəhbərliklə dostluq əlaqələrindən də ağız dolusu danışıb: "Fəaliyyət göstərdiyimiz bir ildən az müddətdə şəhər meriyasıyla, eləcə də vilayət rəhbərliyi ilə yaxşı əlaqələr qurmuşuq. Bir sıra proqramlar həyata keçirilib. Əl işlərinin sərgisi təşkil olunub və ilk dəfə Novruz bayramı qeyd olunub. Yaxın vaxtlarda Ermənistan-İran kulinariya festivalı da keçiriləcək. Vilayəti və şəhərin ali məktəbləri ilə də əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində işlər aparılır".

O, jurnalistin "Rusiya Qafanda konsulluq açmaq niyyətini açıqlayıb. Bu cür təşəbbüslər nə dərəcədə vacibdir və onlarla əməkdaşlığı necə dəyərləndirirsiniz?" sualına da maraqlı şəkildə cavab verib.

- Şadam ki, burada bizdən başqa, əməkdaşlıq edə biləcəyimiz diplomatlar da olacaq. İran ölkələr arasında əlaqələrin inkişafına yönəlmiş istənilən addımı alqışlayır. Ümid edirik ki, Sünikdə başqa ölkələrin diplomatik və ya siyasi nümayəndəliyinin açılması yerli sakinlərə kömək edəcək, sabitlik və təhlükəsizliyə töhfə verəcək.

Xatırladaq ki, İran Qafanda baş konsulluğu ötən ilin avqustunda açıb. İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian Qafanda baş konsulluq iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək məqsədilə açıldığını iddia etsə də Tehranın bu addımı İrəvana siyasi və diplomatik jest kimi qiymətləndirilir. Çünki 30 il ərzində bölgədə konsulluğun açılmasının iqtisadi zəruriliyi ilə bağlı bir dəfə də olsun söz açmayan rəsmi Tehranın İkinci Qarabağ müharibəsindən sonra bu cür gediş etməsi onun siyasi maraqlarından xəbər verir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Konsulluq   Zəngəzur  





Xəbər lenti