Müdafiədən hücuma: Kiyev hara qədər gedə biləcək?

  Müdafiədən hücuma:  Kiyev hara qədər gedə biləcək?
  16 İyun 2023    Oxunub:5797
Ukrayna 10 gündən çoxdur ki, genişmiqyaslı əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyev əks-hücumun başlanması ilə bağlı dəqiq tarix açıqlamasa da, Kreml artıq 2 həftədir ki, Ukrayna ordusunun güclü hücumlara keçdiyini etiraf edir, tutduğu ərazilərdə möhkəmlənməkdə çətinliklərlə üzləşdiyini gizlətmir.
Rusiya Prezidenti Vladimir Putin ilk dəfə iyunun 9-da əməliyyatların başladığını təsdiqlədi: “Dəqiq demək olar ki, Ukraynanın hücumları başlayıb, bunu strateji ehtiyatlardan istifadə də sübut edir”.
Putinin sözlərinə görə, Ukrayna qoşunları rusiyalı əsgərlərin "cəsarəti, düzgün təşkili olunmuş müqaviməti sayəsində heç bir məntəqədə məqsədlərinə nail ola bilməyiblər: "Son günlər Ukraynanın "klassik" göstəricini keçən ciddi itkilərini müşahidə edirik".

Putin bir neçə gün öncə eyni mövzuya toxunaraq, dəqiq tarix demişdi: “Əməliyyatlar iyunun 4-dən davam edir".

Ukrayna hərbçiləri əks-hücum əməliyyatlarına keçir
Ukrayna lideri Volodimir Zelenski ordusunun uğurunu gizlətmir. O, "NBC News"a müsahibəsində deyib ki, Rusiya genişmiqyaslı əks-hücumlara qarşı çıxmağa çalışır: "Ukrayna əks-hücumunun miqyası olduqca böyükdür. Qəhrəman xalqımız, ön cəbhədəki qoşunlarımız çox sərt müqavimətlə üzləşir. Çünki Rusiya üçün bu hərbi kampaniyanı uduzmaq, əslində müharibəni uduzmaq deməkdir”, - Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, o, daim hərbçilərlə əlaqə saxlayır: "Cəbhədən ümumilikdə müsbət xəbərlər gəlir".

Qərb əks-hücum üçün 60 min Ukrayna əsgəri hazırlayıb

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli də cəbhə bölgəsində vəziyyətin dəyişdiyini etiraf edib. Onun sözlərinə görə, Ukrayna ərazisində son vaxtlar döyüşlər daha da şiddətlənib: “Ukrayna Silahlı Qüvvələri əks-hücum üçün yaxşı hazırlaşıb, lakin müharibə hələ uzun müddət davam edəcək. Çox aktivlik görəcəyiniz günlər də olacaq, az aktivliyin olacağı günlər də. Hücum və müdafiə hərəkətləri də ola bilər. Ona görə də bu, uzunmüddətli ikitərəfli mübarizə olacaq”.

Milli hesab edir ki, Ukrayna silahlı qüvvələri Rusiyanın genişmiqyaslı işğalından sonra ölkəni yaxşı müdafiə edib. Sonradan müttəfiqlər tərəfindən verilən təlim və silahlar Ukrayna ordusunu əks-hücumlara yaxşı hazırlayıb.
"Bunun üçün xeyli hazırlıq görülüb, xeyli təchizat işləri aparılıb. Silah-sursatlar ABŞ-la yanaşı, digər ölkələrdən də təmin edilib. Düşünürəm ki, onlar uyğun gördükləri əməliyyatlara hazırdırlar”, - Mark Milli vurğulayıb.


Bundan başqa, Mark Milli Brüsseldə keçirilən mətbuat konfransında bəyan edib ki, Qərb ölkələri əks-hücumda iştirak etmək üçün təxminən 60 min Ukrayna əsgərini hazırlayıblar.

NATO-nun baş katibi Yens Stoltenberq də Brüsseldə Alyansın Müdafiə Nazirləri Toplantısı çərçivəsində keçirilən NATO-Ukrayna Komissiyası iclasının açılışında bu mövzuya toxunub. Onun sözlərinə görə, Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı əks-hücumunda irəliləyiş əldə edib, NATO isə Ukraynaya hərbi dəstəyini davam etdirilməlidir.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin isə Ukraynanın ehtiyaclarını ödəməyə daha çox diqqət ayıracaqlarını bəyan edib: "Bu, gözlədiyimiz kimi çətin döyüşlər olacaq".

Nəticə var, bir neçə qəsəbə və kənd qısa zamanda geri alınıb

Rəsmi Moskva əks-hücumların uğursuz olduğunu iddia etsə də, Kiyev rəsmiləri artıq bir neçə istiqamətdə kəndlərin işğaldan azad edildiyini bəyan edirlər. Ukrayna Silahlı Qüvvələrinin bir neçə gün öncə yaydığı bəyanatda vurğulanıb ki, Zaporojye vilayətinin Novodarovka yaşayış məntəqəsi rus hərbçilərdən təmizlənib.


Qeyd olunub ki, ərazilərin yenidən işğalı üçün Rusiya ordusunun cəhdləri uğursuzluqla nəticələnib.
Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatının da açıqlaması diqqət çəkdi. Onun sözlərinə görə, Ukrayna hərbçiləri Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində 250 metrdən 700 metrə qədər irəliləyə biliblər.

Bundan başqa, Ukrayna ordusu Donetsk vilayətinin Strojevoe kəndini də işğaldan azad edib.
Dəniz piyadaları korpusunun 35-ci əlahiddə briqadasının yaydığı bəyanatda əməliyyatların plan üzrə uğurla davam etdiyini göstərir. Qeyd edilib ki, aparılan əməliyyat nəticəsində Rusiya ordusunun 50-yə yaxın hərbçisi məhv edilib, 4 nəfər əsir götürülüb. Müdafiə nazirinin müavini Anna Malyar 35-ci əlahiddə dəniz briqadasına təşəkkür edərək işğal altındakı bütün torpaqların tezliklə azad ediləcəyini bəyan edib.

Həmçinin, son zamanlar Donetsk vilayətinin Neskuçne, Blaqodatnı və Makarovka yaşayış məntəqələri də işğaldan azad edilib.

Əks-hücumların qarşısını almaq üçün əkin sahələri də minalanır

Ümumilikdə iyunun 15-nə olan məlumata görə Kiyev əks-hücum əməliyyatları çərçivəsində 100 kvadrat kilometr ərazini işğaldan azad etməyi bacarıb. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov Ukrayna müdafiə nazirinin müavini Anna Malyarla keçirdiyi birgə brifinqdə deyib ki, ordu uğurlu şəkildə Zaporojye istiqamətində şəhər və qəsəbələri işğaldan azad etməyə davam edir.


A.Malyar isə bütün dünyanın diqqətlə izlədiyi əməliyyatlarla bağlı söyləyib ki, hazırda döyüşlər daha da gərginləşib: “Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda tədricən irəliləyirlər. Düşmən güclü müqavimət göstərir. Rusların əkin sahələrini minalaması bizə çətinlik yaradır”.

Nazir müavininin sözlərinə görə, qarşı tərəf Baxmut istiqamətinə əlavə qüvvələr cəlb edir: “Onlar bizim irəliləməyimizin qarşısını almağa çalışırlar. Ukrayna Müdafiə Qüvvələri işğalçılara öz planlarını həyata keçirməyə imkan vermir: düşmən irəliləyə bilmir. Biz hücum və müdafiə əməliyyatlarını vəhdətdə davam etdiririk”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Əks-Hücum   Müharibə   NATO   Qərb  





Xəbər lenti