Sünni, yoxsa süni lider: Mövləvi Əbdülhəmid siyasi müxalifətə çevriləcəkmi?

      Sünni, yoxsa süni lider:    Mövləvi Əbdülhəmid    siyasi müxalifətə    çevriləcəkmi?
  22 İyun 2023    Oxunub:6091
İran mediası Sistan-Bəlucistan ostanın paytaxtı Zahidanın baş məscidinin imamı Mövləvi Əbdülhəmidi getdikcə daha çox İran sünnilərinin qeyri-rəsmi lideri kimi təqdim edir. İranda şiələr müsəlmanlarının təqribən 90%-ni təşkil edir, sünnilərin payı təxminən 8-10%-dir. Bunlar dini azlığa mənsub olan kürdlər, bəluclar, ərəblər, türkmənlərdir.
Sünnilərin İranda özlərini dini azlıq hesab etmələrinə baxmayaraq, onlar hazırkı konstitusiyasina əsasən, xristianlar, zərdüştilər və yəhudilərin daxil olduğu rəsmən tanınmış etnik-dini azlıqlara aid deyillər. İranda Parlament (rəsmi adı İslam Şurası Məclisidir) fəaliyyətə başladığı ilk gündən rəsmi tanınan etnik-dini azlıqların orada kvota yerləri var - xristianlara üç, zərdüşti və yəhudilərin isə hərəsinə bir mandat ayrılıb. Yəhudi deputat hazırda 10 min nəfərə yaxın icmanı təmsil edir.

Ölkə əhalisinin 10%-ni təşkil edən İran sünniləri istər seçkili orqanlarda, istərsə də icra hakimiyyətində son dərəcə zəif təmsil olunublar. Parlamentin rəyasət heyətinin əvvəlki tərkibində cəmi bir sünni var idi. İranda sünnilərə münasibətdə mərkəzi hökumətin nəzərəçarpacaq inamsızlığı var ki, bu da məsələn, sünni əhalinin üstünlük təşkil etdiyi əyalətlərin qubernatorlarının mərkəzdən təyin edilməsində özünü göstərir. Əslində bu, yerli özünüidarənin əsaslarını sarsıdır.


Sünnilərin dini hüquqları da lazımınca həyata keçirilmir. Bu əsrin ilk onilliyində İran paytaxtında sünnilərin sayı üç dəfə artsa da, bir dənə də əlavə sünni məscidi açılmayıb. Sünni ostanlarından olan deputatlar dəfələrlə şikayət ediblər ki, onların bölgələri “qalıq prinsipi” üzrə maliyyələşdirilir, şiələrin çoxluqda olduğu oxşar əraziyə və əhaliyə malik bölgələrə nisbətən büdcədən xeyli az vəsait alırlar. İranın bütün prezidentləri bərabərsizlikləri aradan qaldırılmağı vəd edərək, sünni azlıqların səsini alıblar, lakin hələ də real dəyişiklik yoxdur. Bütün bunlar elə bir vəziyyət yaradır ki, ölkənin sünni bölgələri dərin sıxıntıda yaşayır, onların siyasətçiləri təkcə öz bölgələrindəki vəziyyəti deyil, milli problemləri də getdikcə daha fəal tənqid edirlər.

Bu mənada son vaxtlar İran mediası hər cümə xütbəsində ölkənin əsas problemlərini gündəmə gətirən Mövlavi Əbdülhəmid haqqında getdikcə daha çox yazır. O, dövlət strukturlarının qadın hüquqlarına hörmət etməməsini, Bəhai dini tərəfdarlarına qarşı davamlı təzyiqləri, habelə polisin hələ də etiraz qurbanlarının anım mərasimlərini pozmaq cəhdlərini tənqid edir. Sünni ruhani dini-siyasi rəhbərliyə sərf etməyə belə kəskin və narahatedici mövzuları müntəzəm şəkildə qaldırır. Hakimiyyət bunun qarşısını almağa çalışır, onun çıxışları daim kəsilir.

Mövləvi Əbdülhəmid son xütbələrinin birini sonuncu etiraz dalğasının təşəbbüskarı olan iranlı qadınlara həsr edib. İyunun 16-da Zahedandakı cümə xütbəsində həbs edilmiş qadınları, eləcə də İran həbsxanalarında saxlanan bütün siyasi məhbusları azad etməyə çağırıb. Qadınları qiymətləndirdiyini və onlara hörmət etdiyini deyən sünni din xadiminin sözlərinə görə, “qadının uşaq və mətbəxlə məşğul olmaq üçün nəzərdə tutulduğunu düşünənlər var, ancaq qadın müasir cəmiyyətdə böyük və aktual məsələləri həll etməyə qadirdir”. Onun fikrincə, “qadınlar bu gün itirdikləri mövqelərinə, şərəf və ləyaqətlərinə görə ağlayırlar. Onlar layiq olduqları yeri tutmalıdırlar. Onların səsini kimsə boğa bilməz. Səbəblər aradan qaldırılmayana qədər problemi həll etmək mümkün deyil”.


O, hökumətin məcburi hicaba etiraz edən qadınlara qarşı təzyiqlərinin davam etməsindən təəssüfləndiyini bildirib. Etirazların keçən ilin payızında başladığını deyən din xadimi aradan keçən müddət ərzində təhlükəsizlik qüvvələri ilə qadın etirazçılar arasında toqquşmaların artdığını, hökumətin onların tələblərinə zorakılıq və sərt repressiyalarla cavab verdiyini bildirib.

Sünni din xadimi son zamanlar xütbəsində bir neçə dəfə bəhailərə toxunub. Bu gün İranda ən çox təqib edilən icma məhz onlardır. Ölkənin Əsas Qanununun (Konstitusiyasının) 13-cü maddəsinə əsasən, vətəndaşların dini mənsubiyyətinə görə ayrı-seçkilik qəti qadağandır. Lakin bu ifadə bəhailərə aid deyil. Fəal şəkildə ortodoksal şiəliyə qarşı çıxan bəhailik şiə dini elitasının sərt tənqib hədəfindədir. İslam İnqilabı bəhailik tərəfdarları ilə qarşıdurmanı dövlət səviyyəsinə qaldırıb. Onlar daim ABŞ və İsraillə əməkdaşlıqda ittiham olunur və mərhum şah Rza Pəhləvinin “beşinci kolon”una aid edilirlər. Çünki sonuncu monarxın dövründə bəhailər mühüm dövlət postlarını tuturdular. Bəhai Əmir-Abbas Hüveydə on il yarıma yaxın baş nazir olub, onun bəzi dindaşları böyük biznes qurublar. İndisə bəhailər az-çox əhəmiyyətli vəzifələr tutmaq hüququndan məhrumdurlar.

İsrail Xarici İşlər Nazirliyinin farsdilli internet portalı yazır ki, iranlı bəhailərin hazırkı vəziyyətini “...1930-cu illərdə Almaniyada yəhudilərin vəziyyəti ilə” müqayisə etmək olar. Bu gün İranda bu dinin tərəfdarları işdən, təhsil müəssisələrindən qovulur və onlara karyera pillələrində irəliləməyə icazə verilmir.

Bir çox cümə xütbələrində bəhailərə qarşı təqibləri sərt tənqid edən sünni vaiz Mövləvi Əbdülhəmid buna fəal şəkildə etiraz edir: “Bəhailər qeyri-müsəlman olsalar da, ölkənin bərabərhüquqlu vətəndaşlarıdırlar. Ona görə də, qəbiristanlıqları dağıdılmamalı, gizli dəfn edilməməlidirlər. Bəhailərin hüquqlarına hörmətlə yanaşılmalıdır”.

Mövləvi Əbdülhəmid dəfələrlə İran ictimaiyyətini bəhailərə qarşı təqiblərin azalmaması və rejimin təşviq etdiyi anti-Bəhai təbliğatın mediada məhdudlaşdırılmaması barədə məlumatlandırıb.

Maraqlıdır, bu cəsarəti sonda sünni liderə baha başa gəlməyəcək ki? Onu belə sərt çıxışlara sövq etdirən səbəblər doğrudanmı, ancaq şəxsi baxışlarıdır?
Bəhailərin hüquqlarından danışan sünni lider azərbaycanlıların problemləri haqqında niyə bir kəlmə də kəsmir?!
Biz Mövləvi Əbdülhəmidin fəaliyyətini izləməkdə davam edəcəyik. Hər şeyi gələcək göstərəcək.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İran   Sünni  





Xəbər lenti