Salami verdim, 25% deyil deyə, almadılar

// Başqa ölkələrdə "çayavoy" nə qədərdir?

 Salami verdim, 25% deyil deyə, almadılar
  14 İyul 2023    Oxunub:3567
Bir neçə gündür ki, sosial şəbəkələrdə Novxanıda yerləşən “My Beach” istirahət mərkəzində ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulmasını göstərən qəbzin fotosu yayılıb. Bildirilib ki, sifarişin məbləği 191 manat təşkil etsə də, müştəridən 238,75 manat alınıb və bu, onunla əsaslandırılıb ki, əlavə 47,75 manat xidməthaqqı kimi tutulub.
İstirahət mərkəzinin sahibi müğənni Niyam Salami ödənilən məbləğin ¼ hissəsinin xidməthaqqına çıxılmasına belə aydınlıq gətirib: "Bura gələnlər zəng edir və onlara bütün şərtlər izah olunur. Hər gün üç masa da olsa, ansamblla canlı ifalar təqdim edəcəyəm. Mən hər şeylə maraqlanıram, şikayətlərə də qulaq asıram. Məsuliyyəti üzərimə götürmüşəm. Sizin hesabınız 100 AZN tutursa, 25 manatını Niyama xərcləmək istəmirsiniz?”.

***
AzVision.az mövzu ilə bağlı kiçik araşdırma aparıb.

Xidmətə görə bəxşiş verilməsi ənənəsi harada yaranıb?

Yaxşı əməyə görə işçilərə təşəkkür etmək ənənəsi Britaniyada 16-cı əsrin sonu və 17-ci əsrin əvvəllərində yaranıb və oradan bütün dünyaya yayılıb. Onun meydana gəlməsinin ən azı iki nəzəriyyəsi var. Onlardan biri jarqonla ifadə olunan - "Paylaşmaq və ya sədəqə vermək", digəri isə "çay pulu", yəni gethagəlli çay süfrələrindən sonra qulluqçuları həvəsləndirmək adəti idi.

Qərb və şərg ölkələri bu məsələlərdə kəskin şəkildə fərqlənir. Bəzi ölkələrdə xidmətə görə təşəkkür kimi məbləğin 10%-i orta normadır. Bir sıra ölkələrdə isə belə bir faiz yalnız xidmətdən narazı olduğunuz halda uyğundur. Ancaq elə bir yer də ola bilər ki, bu məbləği sizdən almaz və hətta bunu təhqir hesab edərlər.

Böyük Britaniya və Rusiyada 10 faizlik bəxşiş sizin nəzakətli insan olmağınıza işarə edir və normal qarşılanır. Ancaq baxır harada. Məsələn, siz Britaniyada pabda bəxşiş qoysanız, onları təhqir etmiş olarsınız. Rusiyada isə ABŞ -da olduğu kimi kuryerlərə, taksi sürücülərinə və ya bərbərlərə belə jest etmək adət deyil.

ABŞ
ABŞ-da geniş yayılmış belə bir zarafat var ki, yalnız vergi bəyannaməsinin verilməsi “çay” üçün saxlanılan puldan daha çox utanc verir. Bu ölkədə "çayavoy"vermək adətdir, lakin bunun miqdarı ştatından, yerindən (restoran, bar, qəlyanaltı, taksi, çatdırılma və s.) və xidmətdən məmnunluğunuzdan asılı olaraq dəyişir. Əsasən 10-20% arası təşkil edir.

Xidmətə görə mükafatlar ABŞ-da 19-cu əsrdə varlı amerikalıların Avropanı gəzməyə başladığı zaman yaranıb. Antidemokratik və "mərhəmət istəyən" işçilər sinfini yaradan bir hal kimi qiymətləndirilən bu adət əvvəlcə heç kimin xoşuna gəlmirdi. Amerikalılar arasında bəxşişlə bağlı hələ də mübahisələr var, lakin bu, artıq xidmət işçilərinin şüurunda tam kök salıb. ABŞ-da "çayavoy" maaş əlavəsinin əhəmiyyətli hissəsini təşkil edir. ABŞ-da 2007-ci ildə restoran biznesi 42 milyard bəxşiş alıb.

Çin
Əksər Asiya ölkələrində olduğu kimi, Çində də"çayovoy" vermək mədəniyyəti kök salmayıb. İndiyə qədər orada xidmətə görə təşəkkür qəbul edilmir. Orada əlavə pulu yalnız baqaj daşıyıcılarına, bələdçilərə və tur avtobus sürücülərinə verməyə icazə var.

Yaponiya
Yaponiyada belə bir sistem qəbul ediləndir. Ancaq baxır sən onu harada və hansı formada təqdim edirsən. Toylar və ya dəfnlər kimi xüsusi hallarda sosial baxımdan məqbuldur. Yapon etiketinin fəlsəfəsi ondan ibarətdir ki, yaxşı xidmət yaponlar arasında birinci yerdədir. Bəxşiş gözlənilən tədbirlərdə belə, protokola əsasən, təşəkkür və hörmət əlaməti olaraq xüsusi zərflərdə təqdim olunur.

Fransa
Fransanın 1955-ci ildə qəbul etdiyi qanuna əsasən "çayavoy" hesaba daxil edilib. Və bu, Avropanın digər ölkələri və bütün dünya tərəfindən qəbul olunub. Hesab edilirdi ki, qanun ofisiantların maaşlarını artırmalı və həmçinin onları "çayavoy"dan daha az asılı vəziyyətə salmalıdır. Buna baxmayaraq, gənc fransızlar bəxşiş verməyə çox da meyilli deyillər.

İsveçrə
İsveçrədə, oteldə və ya bərbərdə kiçik məbləğdə əlavə pul vermək üçün hesabları yuvarlaqlaşdırmaq adətdir. Baxmayaraq ki, İsveçrə minimum əmək haqqı dünyada ən yüksək olan ölkələrdən biridir.

Məsələn, ofisiant ayda dörd min dollardan çox pul alır. Beləliklə, onlar amerikalı həmkarları kimi "çayavoydan" asılı deyillər.

Hindistan
Hindistanda bir çox restoranlarda çay pulu hesaba daxildir, ancaq etiketə görə, 15-20% əlavə verə bilərsiniz. Bununla yanaşı, tez-tez restoranların üzərində əlavə xidmət pulunun lazım olmadığını bildirən lövhələrlə rastlaşa bilərsiniz. Çay pulu vermək məsələsində hindlilər Banqladeş və Taylanddan sonra ən səxavətli xalqlarından biridir.

İran
İran adətlərinə görə, sənə "çayavoy" təklif ediləndə hörmət baxımından həmin puldan imtina etməlisən. Taksi və kafelərdə pul vermək adət deyil, amma xoş qarşılanır. Bir bələdçi ilə səyahət edirsinizsə, xüsusən bu, bir neçə gün davam edirsə, ona bəxşiş vermək nəzakətlidir.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti