Si Cinpinin sözlərinə görə Çin və ABŞ hazırda "yol ayrıcındadır"lar. Hər iki ölkə yenidən seçim etməlidir. Qarşılıqlı faydalı nailiyyətlər isə tərəfləri ümumi firavanlığa apara bilər: “Əsas məsələ qarşılıqlı hörmət, dinc, yanaşı yaşama və faydalı əməkdaşlıq kimi üç prinsipə riayət etməkdir. Buna əsaslanaraq, Pekin Vaşinqton tərəfi ilə iki ölkə üçün doğru yolu aramağa və Çin-ABŞ münasibətlərinin davamlı tərəqqisini təşviq etməyə hazırdır. Bu, hər iki tərəfə və ümunən dünyaya fayda verəcək”, - Si Cinpin deyib.
"Çinli nazirin Vaşinqtona cavab səfəri gözlənilir" - Blinken |
Si ABŞ-Çin münasibətlərinin mürəkkəb tarixini də xatırladıb: "Rəhbər Mao Zedonq, Baş nazir Çjou Enlay, ABŞ prezidenti Riçard Nikson və siz əla strateji baxışa malik olmaqla, iki ölkəni və dünyanı dəyişdirən Çin-Amerika münasibətlərinin normallaşması prosesini başlatmaqla düzgün seçim etdiniz".
Si Cinpin görüş zamanı həmçinin qeyd edib ki, bu, Kissincerin Çinə 100-cü səfəri sayılır. Budəfəki səfər həm də Pekin və Vaşinqtonun minimuma endirməyə çalışdığı ölkələr arası böhranlı dövrə təsadüf edir. Kissincerlə eyni vaxtda ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə elçisi, eyni zamanda keçmiş dövlət katibi Con Kerri də Pekinə səfər edib. CNN qeyd edib ki, Çin rəhbəri onu qəbul etməyib.
Kissinceri qəbul edən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyası ofisinin rəhbəri Vanq Yi isə deyib ki, hazırda ABŞ-ın Kissincerin diplomatik müdrikliyinə və Riçard Niksonun siyasi cəsarətinə ehtiyacı yaranıb. Vanq Vaşinqtonun “vahid Çin” prinsipinə sadiq qalmasının vacibliyinə diqqət çəkib.
Xatırladaq ki, Kerridən əvvəl maliyyə naziri Canet Yellen, iyunda isə dövlət katibi Entoni Blinken Pekinə səfər edib.
Qeyd edək ki, Henri Kissincer üç ABŞ prezidentinin yanında təhlükəsizlik üzrə ekspert kimi çalışıb. Bunlar Duayt Eyzenhauer (1953-1961), Con Kennedi (1961-1963) və Lindon Consondur (1963-1969). O, 1969-cu ildə Riçard Niksonun administrasiyasında milli təhlükəsizlik müşaviri, 1973-cü ildə isə dövlət katibi vəzifəsini icra edib. Kissincer prezident Cerald Fordun (1974-1977) dövründə isə dövlət katibi vəzifəsində işləyib.
Kissincer 1970-ci illərdə Niksonun dövründə başlamış ABŞ və Çinin yaxınlaşma siyasətinin müəllifi hesab olunur. Bundan başqa o, ÇXR ilə diplomatik münasibətlərin qurulmasına yönəlmiş tədbirlər planını işləyib hazırlayıb (1978-ci il).
Kissincer Çinə ilk səfərini 1971-ci ilin iyulunda edib. 1972-ci ilin fevralında isə ABŞ prezidenti Riçard Nikson Pekinə tarixi səfərə gedib. Səfərin nəticəsi olaraq Çin və ABŞ-ın "Şanxay Kommunikesi" adlanan birgə razılaşması dərc edilib. Orada ABŞ-ın vahid Çini tanıdığı bildirilir.
Tural Tağıyev
AzVision.az