İran kəşfiyyatının tarixi: SAVAK niyə şahı xilas edə bilmədi – DOSYE (II yazı)

     İran kəşfiyyatının tarixi:    SAVAK niyə şahı xilas edə bilmədi –    DOSYE (II yazı)
  06 Avqust 2023    Oxunub:4380
(Yazının əvvəlini buradan oxuya bilərsiniz)

...İraqda gizlənən general Teymur Bəxtiyarın hücumları getdikcə şahənşahı daha çox qəzəbləndirirdi. Nəhayət, SAVAK-ın yeni şefi Nemətulla Nasiri “xaini” aradan götürmək əmri aldı. Ancaq elə etmək lazım idi ki, qəsd “bədbəxt hadisə” təsiri bağışlasın. Agentura məlumatlarına görə, Bəxtiyarı İraqın xüsusi təyinatlıları qoruyurdu. Mühafizəçilər həm evin daxilində, həm də yaxınlığında keşik çəkirdilər. General özü də çox ehtiyatlı idi.
Amma Nemətulla Nasiri sübut etdi ki, əbəs yerə şahın gizli polisinin rəhbəri deyil. O, gələcək əməliyyatın bütün detallarını şəxsən özü hazırladı. Bir müddət sonra bir qrup “azadlıq aşiqi” sərnişin təyyarəsini girov götürüb, partladacağı ilə hədələyərək, İraq ərazisinə enməyə məcbur etdi. Terrorçuların SAVAK agentləri olduğundan təbii ki, heç kəs şübhələnmədi. Bağdadda saxta terrorçuları qəhrəman kimi qarşıladılar. General Bəxtiyar “fədakar mübarizlərlə” şəxsən görüşmək istəyərək, onları evinə dəvət etdi. Gənc oğlanlar onda xoş təəssürat oyatdılar və general onlardan birini ətrafında saxladı.

Ovda qətl

1970-ci il avqustun 12-də Teymur Bəxtiyar böyük ov təşkil edərək, çoxlu qonaq çağırdı. Ovçular sıx bitki ilə örtülü geniş sahəyə yayıldılar. Bəxtiyarın yanında sovet avtomatı ilə silahlanmış sadiq mühafizəçilərdən biri vardı. General özü isə avtomat tüfəng, tapança və bıçaqla silahlanmışdı. Ova aludə olan ovçular dövrün reallığını unutmuşdular.

Birdən kiminsə yadına düşdü ki, general Bəxtiyar artıq xeyli müddətdir gözə dəymir. Onu axtarmağa başladılar. General huşsuz halda otluqda uzanmışdı, ancaq hələ nəfəs alırdı. Qana bulaşmış paltarlarında 5-6 güllə izi vardı. Alnını güllə deşmiş mühafizəçisi də onun yanında uzanmışdı.

Generalı huşsuz halda Bağdadın mərkəzi xəstəxanasına gətirsələr də, xilas etmək mümkün olmadı. O, cərrahiyyə əməliyyatından sonra öldü. Hadisəni araşdıran dövlət komissiyası yekdil olaraq bədbəxt hadisə baş verdiyini təsdiqlədi. Təəssüf ki, ov zamanı belə hallar çox olur. Bu versiyaya müxalifət də etiraz etmədi. Yalnız on ildən sonra artıq mühacirətdə olan şah fransiz jurnalistə müsahibəsində etiraf etdi ki, general Bəxtiyarı onun əmri ilə gizli polis məhv edib. Başqa sözlə, SAVAK-ın ilk şefini özünün yaratdığı qurum öldürüb.

İraqdakı uğurlu əməliyyatdan sonra şah Nasiriyə daha çox etibar etməyə, hətta onunla dostluğa başladı. Nasiri hədsiz varlanaraq Xəzər sahillərinin ən zəngin adamı oldu və öz növbəsində monarxın etimadını yüksək qiymətləndirərək, ona daha sədaqətlə xidmət etdi. O, cəza mexanizmini bütün xırdalıqlarına qədər təkmilləşdirdi ki, boşuqlara yer qalmasın. Gizli polisin sayını 15 min (informatorlarla birlikdə 60 min) nəfərədək artırdı. Nasirinin vaxtında SAVAK qorxunc bir təşkilata çevrildi, onun adı gələndə yüksək vəzifəli əyanlar belə diksinirdilər.

General özü isə həm müxalifətin, həm də bir çox sadə insanların gözündə sadist və cəllad, şah rejiminin dayaq və simvollarından biri idi. Sarayda onun mövqeyi elə möhkəm idi ki, sanki Nasiri və rəhbərlik etdiyi gizli polis hələ uzun müddət insanları qorxu içində saxlayacaqdı. Ancaq zaman dəyişirdi...

Gecikmiş güzəştlər

1976-cı ildən başlayaraq İranı iqtisadi böhran bürümüşdü. Aydın idi ki, islahatlarsız ötüşmək mümkün olmayacaq. Ancaq islahatlar keçirilsə də, atrıq gecikmişdi. Müxalifətsə günü-gündən radikallaşır, xüsusilə də Xomeyninin ölkəyə qayıtması, gizli polisin buraxılmasıyla bağlı siyasi tələblər irəli sürürdü.

1978-ci il yanvarın 4-də əhali ABŞ prezidenti Cimmi Karterin səfərinə etiraz edərək, Tehranda şah sarayının qarşısına toplandı. SAVAK şahın əmrini gözləmədən mitinqçilərə atəş açdı. İnqilab yeni qurbanlarını verdi.

Etiraz dalğası hər gün yüksəlirdi. Nümayişçilər dünənə qədər ağıllarına gəlməyən şüarlar səsləndirməyə başladılar: “Amerkalı şah”dan tutmuş, “Şaha ölüm”ə qədər.


İyunun 6-da Pəhləvi güzəştə gedərək, Nasirini istefaya göndərdi və dərhal da Pakistana səfiri təyin etdi. Gizli polisin yeni rəisi bu vaxta qədər SAVAK-da 3-cü şöbəyə (daxili kəşfiyyat və təhlükəsizlik) rəhbərlik edən Nasir Müqəddəm oldu.

Nasir Müqəddəm İran hərbçilərinin yeni nəslini təmsil edirdi. İşgəncəyə qarşı idi, müxalifət, eyni zamanda islam fundamentalistləri ilə geniş əlaqələri vardı. Hələ vəzifəyə təyin olunmamışdan qabaq şaha göndərdiyi gizli məktubda “ölkənin rifahı üçün şah ailəsinə və saray dairələrinə yaxın olan bəzi məmurları, korrupsiyaya uğramış şəxsləri qurban verməyi, eyni zamanda ali şiə ruhanilərlə konstruktiv dialoqa başlamağı” təklif edirdi. Ancaq “mütərəqqi” Müqəddəm belə ölkədəki inqilabi ovqatı yumşalda bilmədi. Ölkənin hər yerində gərginlik ocaqları yaranmışdı, onları yatırmaq üçün SAVAK-ın xüsusi təlim keçmiş dəstələrindən istifadə olunurdu. Gizli polis tez-tez təxribatlara uyaraq, etirazçılara atəş açırdı. Öldürülən islamçı fəalların və təbliğatçıların sayı yüzlərlə idi. Xalqın qəzəbi getdikcə daha da alovlanırdı.

Noyabrın əvvəlində şah, nəhayət, Müqəddəmin təklifinə əməl edərək, gizli polisə rejimin 13 ən mənfur məmurunu həbs etmək əmri verdi. Onların arasında SAVAK-ın sabiq şefi Nasiri də vardı.
Lakin xalq kütlələrini məharətlə yönəldən müxalifət liderləri artıq bununla da qane olmadılar. 1979-cu ilin əvvəllərində şah Şapur Bəxtiyara yeni hökümət formalaşdırmağı tapşıranda Xomeyni Parisdən bu təyinatı qanunsuz saydığını bəyan etdi.
Bu arada Şapur Bəxtiyar gizli polisi buraxmaq niyyətini bildirdi. Ordu və xüsusi xidmətlər monarxa son ana qədər sadiq qalsalar da, Rza Pəhləvi ölkəni tərk etdi.

Qisas kampaniyası

Yanvarın 16-da şahənşah ailəsiylə birkildə Qahirəyə uçdu. Bundan bir həftə sonra, yanvarın 23-də Şapur Bəxtiyar SAVAK-ın buraxılması haqda fərman imzaladı. Sonrakı günlərdə Tehranda və digər şəhərlərdə SAVAK-ın ofisləri dağıdıldı. Onun Tehran şöbələrindən birinin rəisi general Tağı Lətifini kütlə yerindəcə parça-parça etdi.

Fevralın 1-də ayətulla Xomeyni Tehrana gəldi. 12 gün sonra onun tərəfdarları hakimiyyəti hər yanda ələ keçirdilər və dərhal şahın tərəfdarlarına divan tutmağa başladılar. Həbsxanada olan general Nasiri vaxtilə müxaliflərə verilən işgəncələrin eynisinə məruz qaldı. İnqilab onu ölüm cəzasına məhkum etdi və ayın 15-də SAVAK-ın üçüncü şefi güllələndi.

Daha “mülayim” generallar sayılan Pakrəvan və Müqəddəm də eyni aqibətlə üzləşdilər, sadəcə onları 2 ay sonra güllələdilər. Beləliklə, SAVAK-ın 4 rəhbərindən heç biri öz əcəli ilə ölmədi.

Şahın “boz kardinalı”, 4 ulduzlu general Hüseyn Fərdust da həbs olundu. Onun da güllələnməsi gözlənilirdi. Ancaq tezliklə azadlığa buraxılması çoxlarının təəccübünə səbəb oldu. Görünür, yeni xüsusi xidmət yaratmağa hazırlaşan islamçılara bu qədim peşənin sirlərini bilən hazır kadrlar lazım idi...

Tariyel Həsənov
AzVision.az


Teqlər: İran   SAVAK  





Xəbər lenti