Qarabağ erməniləri Şahramanyanın "ofisi"nə soxuldular - VİDEO
20 Oktyabr 2023
Oxunub:1411
Qarabağ erməniləri bu gün ikinci dəfə keçmiş qondarma rejimin İrəvandakı nümayəndəliyinin binasına soxulublar.
Buna səbəb separatçıların rəhbəri olmuş Samvel Şahramanyanın etirazçıların qarşısına çıxmaması, onların suallarına cavab verməməsi olub. O, binada olarkən həyətdə vəziyyət gərginləşib. Əraziyə toplanan kütlə polis kordonunu yarıb, bəzi etirazçılar hətta nümayəndəliyə daxil ola biliblər. Bundan qorxan Şahramanyan çölə çıxaraq qəzəbli kütlə qarşısında çıxış edib.
Xatırladaq ki, Qarabağdan Ermənistana könüllü getmiş ermənilərin bir qismi səhər saatlarında da aksiya keçiriblər. Onlar keçmiş qondarma qurumun "dövlət qurumları"nın işçilərinə maaş verilməsinin dayandırılması ilə bağlı qərarına etiraz edirlər.
Dünən isə məlum olub ki, Şahramanyan oktyabrın 1-dən "prezident", "dövlət naziri", "nazirlər" və bir sıra digər yüksək rütbəli "məmurlar" istisna olmaqla, demək olar ki, bütün "dövlət qurumları"nın və tabeli strukturların işçilərinə əməkhaqqının verilməsinin dayandırılması haqqında fərman imzalayıb.