Hökumətin əsas iqtisadi vəzifələri – TƏHLİL

  15 Aprel 2013    Oxunub : 927
Hökumətin əsas iqtisadi vəzifələri – TƏHLİL
2003-2013-cü illərə ötəri nəzər saldıqda ölkə iqtisadiyyatında artıq tamamilə yeni mərhələnin yetişdiyi görünür. Son 10 ildə keçdiyimiz iqtisadi inkişaf yolu bunu belə deməyə əsas verir. Bu gün bir çoxları bəzi iqtisadi göstəricilərimizə istehza ilə yanaşsalar da, reallıq Azərbaycan iqtisadiyyatının əslində ən azı sabit vəziyyətdə olduğunu ortaya qoyur.

Azərbaycanın mövcud iqtisadi vəziyyətini bu gün çox az sayda ölkəylə müqayisə edə bilərik. Çünki, ABŞ başda olmaqla Qərb və Avropa ölkələri bir çox məsələlərdə müsbət mənada istinad məkanı kimi əhəmiyyətini artıq, itirir. Bunu son illər ərzində dünya iqtisadiyyatında hökm sürən böhrana əsasən xüsusilə söyləmək olar.

İnkişaf etmiş ölkələrdə yaranmış böhranın fonunda Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının sanki bir parçası olmadığını göstərdi ki, qeyd olunan ölkələrin hamısında məsələn, büdcə kəsiri yaşandığı ümumiyyətlə, çox ciddi sosial öhdəliklər və iqtisadi geriləmə üzə çıxdığı halda, bizdə heç bir problem yaranmadı və iqtisadi yüksəliş davam etdi.

Bu isə ölkəmizdə bütün makroiqtisadi göstəricilərin möhkəm dayaqlara söykəndiyini və iqtisadi artım üçün hər cür bazanın olduğunu göstərdi. Ümumiyyətlə, 2003-cü ildən indiyə qədər ölkəmizdə ümumi daxili məhsul (ÜDM) istehsalı 3 dəfə, qeyri-neft ümumi daxili məhsulu isə 2,4 dəfə artmış, son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötüb. Yoxsulluğun səviyyəsi 44,7-dən 6 %-ə, işsizlik isə 5,2%-ə qədər azalıb. 2003-2012-ci illər ərzində Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil edib və xarici ticarət dövriyyəsi 6,4 dəfə artıb.

Hökumətin siyasətində başlıca prioritetlərdən olan sənayeləşmə 2003-cü ildən indiyə qədər 2,6 dəfə artıb. Kompleks tədbirlər hesabına yaxın illərdə bu rəqəmin daha da yüksək olması nəzərdə tutulur. Ölkədə həyata keçirilən infrastruktur layihələrin sayı da, bəlli olduğu kimi, çoxdur. Aqrar sektorun da inkişafı diqqət mərkəzindədir. 2003-2012-ci illər ərzində aqrar sektor 1,4, heyvandarlıq məhsullarının istehsalı isə 3,4 dəfə artıb.

Sahibkarlara Kömək Milli Fondunun xəttilə 2003-cü ildən 15 mindən çox sahibkara 936 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 104 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb.
Ötən müddətdə verilən kreditlərin məbləği 20,3 dəfə artıb, ayrılan kreditlərin 43,4%-i və yaxud 406,3 milyon manatı qaytarılan vəsaitlər hesabına təmin olunub.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı qeyd etmişdi ki, bu ilin sonuna qədər II-ci Dövlət Proqramının icrası tam təmin ediləcək. Bununla da, 10 illik bir dövr arxada qalacaq. Ancaq elə indidən demək olar ki, 2004 və 2009-cu illərdə qəbul edilmiş Dövlət Proqramlarının icrası ölkəmizin inkişafı üçün çox böyük rol oynayıb. Əgər, bu proqramlar qəbul edilməsəydi indi bölgələrdəki inkişafdan söhbət belə, gedə bilməzdi.

Sözün qısası, bu gün iqtisadiyyatımız çox güclüdür. Böyük məbləğdə valyuta ehtiyatlarımız var. Neft-qaz sahəsində irəli sürülən təşəbbüslər reallaşıb. Yeri gəlmişkən, 2012-ci il üzrə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15338,5 milyon manat vəsait yönəldilib ki, əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 18% artıb.
İndi ölkəmiz özü xarici ölkələrə investisiyalar yatırır. Ötən il Azərbaycandan xarici ölkələrə yatırılan investisiyaların həcmi əvvəlki ilə nisbətən kəskin surətdə artıb.
2012-ci ildə Azərbaycanın xaricə yatırdığı investisiyaların həcmi 1 milyard 128,8 milyon ABŞ dolları təşkil edərək, əvvəlki ilin səviyyəsindən 2 dəfə çox olub.

Bütün bunlara rəğmən, bundan sonra görüləsi işlər daha çoxdur. Başqa sözlə desək, iqtisadiyyatın inkişafında yeni mərhələ start götürdüyündən, indi hökumətin qarşısında daha çətin vəzifələr dayanır.

Məsələn, ölkə iqtisadiyyatında qarşıdakı illər ərzində ÜDM-i qeyri-neft sektorunun hesabına 2 dəfə artırmaq nəzərdə tutulur. O səbəbdən ki, 2000-ci illərin ortalarında bir çox xarici qurumlar sadalanan uğurların məhz neft-qaz amili ilə bağlı olduğunu vurğulayırlar.

Bundan əlavə, 2008-2015-ci illərdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramına əsasən, ölkəmiz 2015-ci ilə qədər özünü kənd təsərrüfatı mallarının əsas növlərilə təmin etməli, istehsalın artığını isə xaricə ixrac etməlidir.

Bu zaman isə nəzərə almaq vacibdir ki, Azərbaycan dünya iqtisadiyyatının hər halda bir parçası olduğundan, hər şeyi özümüz istehsal edə bilmərik: nə qədər çox və geniş miqyaslı investisiya və stimullaşdırıcı siyasət yürüdülsə də, daxili və xarici bazarlara yalnız, müəyyən məhsullarla çıxa bilərik.

Odur ki, qısa desək, ölkənin 2020-ci ilə qədər inkişafının daha sürətlə davam etdirilməsi və iqtisadiyyatın modernləşdirilməsi üçün daha böyük işlər görmək, çoxlu sayda məqsədyönlü proqramlar hazırlayaraq onları əlaqələndirilmiş şəkildə həyata keçirmək tələb olunur.

Modernləşdirmənin isə 5 əsas istiqaməti mövcuddur: innovativ inkişaf, dinamik inkişaf edən bazar institutlarını möhkəmləndərməklə rəqabətin təşkili, müasir texnologıyaların ardıcıl tətbiqi yolu ilə iqtisadiyyatın şaxələndirilməsinin davam etdirilməsi, insan kapitalını keyfiyyətcə durmadan yaxşılaşdırmaq, başqa sözlə desək, iqtisadiyyatın tələblərinə əsasən, ixtisaslı kadrların hazırlanması və yeni iqtisadi artım mənbələrinin yaradılması...



Pərviz Heydərov

İqtisadi İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
“Makroiqtisadi tədqiqatlar” şöbəsinin baş mütəxəssisi

Teqlər: