Pentaqon Ostinlə vidalaşır? - Xəstəxana qalmaqalı böyüyür

 Pentaqon Ostinlə vidalaşır? -  Xəstəxana qalmaqalı böyüyür
  09 Yanvar 2024    Oxunub:1258
ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Met Rozendeyl müdafiə naziri Lloyd Ostinin impiçmenti üçün qətnamə hazırladığını açıqlayıb.
Bu barədə "The Hill" məlumat yayıb. Qeyd edilir ki, buna səbəb nazirin keçən həftə xəstəxanaya yerləşdirilməsi barədə Ağ Evə və Konqresə məlumat verməməsidir.

ABŞ-ın müdafiə naziri xəstəxanaya yerləşdirildi
Rozendeyl yanvarın 9-da Nümayəndələr Palatasının iclasında impiçmentlə bağlı sənədi təqdim etməyi planlaşdırır.

Ostinin Vaşinqtondakı Uolter Rid Milli Hərbi Tibb Mərkəzində qaldığını açıqlamaması “onun vəzifə andını pozub” və bu qərar “Amerika xalqının həyatını təhlükəyə atıb”.

Nəşr yazıb ki, əvvəllər palatanın digər üzvü Eliz Stefanik də amerikalı nazirin dərhal istefa verməli olduğunu bəyan etmişdi. Çünki belə bir strateji quruma rəhbərlik edən şəxsin xəbərdarlıq etmədən yoxa çıxması Vaşinqtonun əli olduğu çoxsaylı qlobal münaqişələrə təsir edə bilər. Belə situasiya zamanı "komandanlıq zənciri"nə inam da sarsılır.

Xatırladaq ki, yanvarın 6-da ABŞ-nin müdafiə naziri Lloyd Ostinin planlı tibbi prosedurdan sonra ağırlaşmalarla xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı. Elə həmin gün Pentaqonun mətbuat katibi Patrik Rayder Ostinin tədricən sağaldığını açıqlamışdı.

Daha sonra Rayder nazirin xəstəxana ilə bağlı yaranmış qalmaqala görə vəzifəsini tərk etmək fikrində olmadığını bəyan etdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Pentaqon   İmpiçment  





Xəbər lenti