Qəzzaya tibbi yardım göndərilməsinə razılıq verilib

   Qəzzaya tibbi yardım göndərilməsinə razılıq verilib
  17 Yanvar 2024    Oxunub:758
Qətər və Fransanın vasitəçiliyi ilə bu gün Qəzza əhalisinə və israilli əsirlərə tibbi yardım çatdırılacaq.
AzVision.az Qətərin rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail və HƏMAS arasında razılıq əldə olunub.

Fransa Prezident Administrasiyasının məlumatına əsasən, razılıq çərçivəsində Qəzza zolağındakı 45 israilli əsirə tibbi yardım müqabilində Qəzzada mülki şəxslərə humanitar yardım göndəriləcək. Yardım paketi Qəzzanın cənubunda yerləşən Rəfəh şəhərindəki xəstəxanaya çatdırılacaq, ardınca Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən partiyalara bölünərək əsirlərə veriləcək.

Qətərin Xarici İşlər Nazirliyin mətbuat katibi Məcid Əl-Ənsarinin sözlərinə görə, yardım paketi bu gün paytaxt Dohadan Misirin Əl-Əriş şəhərinə yola düşəcək.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi də razılaşmanı təsdiqləyib.

Qeyd edək ki, Qəzza zolağında 140-a yaxın israilli əsarətdə saxlanılır. Onların bir çoxunun həlak olduğu güman edilir. Mülki şəxslər, habelə əsirlər arasında aclıq və xəstəliklərlə müşayiət olunan humanitar böhran beynəlxalq atəşkəs çağırışlarını daha da artırır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   yardım   əsirlər  





Xəbər lenti