Avropadakı dərin çat: Almaniya və Fransa üz-üzə gəldi

      Avropadakı dərin çat:    Almaniya və Fransa üz-üzə gəldi
  18 Yanvar 2024    Oxunub:1681
Almaniyanın 2024-cü il üçün Ukraynaya 8 milyard avroluq yardım vədi Avropa Birliyində dərin çatlara səbəb olub.
Fransanın Avropa Komissiyasındakı nümayəndəsi Sierri Breton Almaniya kansleri Olaf Şoltsu Kiyevə Avropa Sülh Fondu vasitəsilə deyil, birtərəfli qaydada yardım göndərdiyinə görə hədəf alıb:

""Almaniya heç kimi aldatmır. Biz görürük ki, o, təkbaşına hərəkət edir və Avropa Sülh Fonduna (APF) dəstəyi dayandırmağa çalışır", deyə Breton qeyd edib.

Fransanın sərt tənqidindən əvvəl isə Almaniya kansleri Şolts ABŞ prezidenti Co Baydenlə telefon danışığı aparıb. Şolts görüşlə bağlı rəsmi X hesabında verdiyi açıqlamada, "Biz prezident Baydenlə Ukraynaya maliyyə, humanitar və hərbi dəstək vermək mövzusunda həmfikirik" qeyd etmişdi.

Eyni zamanda o, bu yaxınlarda Aİ-yə üzv dövlətləri tənqid edərək, Ukraynanın Rusiyaya qarşı mübarizəsində kifayət qədər dəstək vermədiklərini vurğulamışdı.

Qərb mediası Almaniyanın göndərdiyi dəstəklə müqayisədə
Fransanın dəstəyinin inanılmaz dərəcədə kiçik olduğunu iddia edib və Şoltsun sözlərinin Emmanuel Makrona gözdağı olduğunu irəli sürüb.

"The Telegraph"a danışan diplomatlar iddia edirlər ki, Berlinin Avropa Sülh Fondu vasitəsilə deyil, birbaşa yardım göndərmək qərarı Fransa və Almaniya arasındakı gərgin münasibətlərin əlamətidir.

Adı açıqlanmayan diplomat Aİ üzvlərinin əksəriyyətinin Şoltsun ​​Ukraynaya daha çox dəstək çağırışına məhəl qoymadığını, lakin bunun Makronu əsəbiləşdirdiyini və Bretonun Almaniyanı danlamasına səbəb olduğunu iddia edib.

Almaniya hazırda 17,1 milyard avro yardımı ilə ABŞ-dan sonra Ukraynaya ən çox dəstək verən ikinci ölkədir. İngiltərə 6,6 milyard avroluq yardımla Almaniyanı izlədiyi halda, Fransanın Ukraynaya etdiyi hərbi yardım cəmi 544 milyon avro olaraq qeyd edilib. Bu məbləğ Almaniyanın verdiyi dəstəkdən xeyli aşağıdır.

“The Telegraph” yazır ki, Berlin hazırda Avropa Sülh Fonduna göndərdiyi 23 milyard avro məbləği azaltmağa çalışır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti