İsraildə 20 Yanvar faciəsi anılıb - FOTO
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Yerusəlimdəki şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə qurumun rəhbəri Aleksandr Aqranovski həmin məşum gecədə baş verənlərdən danışıb.
Assosiasiyanın vitse-prezidenti, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman diqqətə çatdırıb ki, Azərbaycanı təmsil edən soydaşlarımız harada yaşamaqlarından asılı olmayaraq, sovet silahlı qüvvələrinin aralarında uşaqların, qadınların və qocaların olduğu günahsız sakinlərə qarşı törətdiyi qanlı qırğını unutmayacaqlar. Həmin günlərdə müxtəlif millətlərdən olan vətəndaşların, o cümlədən yəhudi əsilli azərbaycanlılar Yan Meeroviç, Aleksandr Marxevka və Vera Bessantinanın da şəhid olduqları vurğulanıb. Azərbaycan xalqının bu ağır günündə həmin vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə sərt etirazını bildirdiyini, bu faciəyə məhz Ümummilli Liderin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyi vurğulanıb.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi “Qanlı qərənfillər” (Blooded carnations) sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, ABŞ-dakı Azərbaycan icmasının fəal üzvü, rejissor Azim Sadıxovun müəllifi olduğu bu film “Telly Awards–2023” mükafatına layiq görülüb.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Afulanın mərkəzi kitabxanasında keçirilən anım tədbirində də bu film nümayiş etdirilib.
Müxtəlif millətlərin nümayəndələrinin qatıldıqları tədbirdə Azərbaycan tarixinin ən kədərli səhifələrindən olan 20 Yanvar faciəsi barədə məlumat verilib, hadisə şahidlərinin xatirələri səsləndirilib.
AzVision.az
Teqlər: 20yanvar İsrail anım mərasim