Ərdoğanın ilk türk astronavtı ilə danışığı: "Ən uyğun namizəd sən idin"

      Ərdoğanın ilk türk astronavtı ilə danışığı:    "Ən uyğun namizəd sən idin"
  22 Yanvar 2024    Oxunub:1067
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “İlk İnsanlı Kosmos Missiyası” çərçivəsində Beynəlxalq Kosmos Stansiyasında ilk türk astronavtı Alper Gezeravcı ilə canlı əlaqə vasitəsi ilə danışıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gezeravcı Beynəlxalq Kosmik Stansiyadakı missiyası zamanı Türkiyə ilə ən az 7 dəfə əlaqə saxlayacaq. Bu çərçivədə ilk əlaqə prezident Rəcəb Tayyib Ərdoğanla olub.

"Təcrübələrimizə planlaşdırılan qrafik çərçivəsində başladım. Buradakı vəzifəm müddətində bütün bu təcrübələri tamamlayıb, ölkəmizə gətirmək üçün nəticələri qeyd edəcəyəm. ISS-dəki mühitə çox tez uyğunlaşdım. İşimi planlaşdırdığım kimi davam etdirirəm”, deyə Gezeravcı ərdoğanla danışığı zamanı deyib.

Prezident Ərdoğan isə Gezeravcıya cavabında ən uyğun namizədin o olduğunu qeyd edib: "Türkiyə Hərbi Hava Qüvvələrimiz tərəfindən yetişdirilmiş bir pilot olaraq bu vəzifəyə ən uyğun namizəd siz idiniz. Amma bu dəfə pilot olaraq çatdığınız yüksəklikdən çox daha irəli getdiniz. Çətin bir səyahət təcrübəniz oldu. Siz yerdən təxminən 400 kilometr uzaqlıqda, sıfır cazibə mühitindəsiniz. Bu vəziyyət sizə necə təsir edir?"

Türk pilot Ərdoğana cavabında qeyd edib ki, BKS-dəki mühiti dünyadan fərqləndirən ən mühüm fərq cazibə qüvvəsinin mikro səviyyədə olmasıdır: "Kosmosa getdiyimiz ilk andan dərhal bədənimizdə bəzi dəyişikliklər hiss etməyə başladıq. Məsələn, burada normalda bütün bədənimizə yayılmalı olan qan bədənimin yuxarı hissələrinə doğru toplanır. Təzyiq dəyişikliyinə görə görmə pozğunluqları yarana bilər. Şükürlər olsun ki, məndə hələlik bunların heç bir əlaməti yoxdur. Xüsusi idman proqramlarına əməl edirəm. Eyni zamanda burada bəzi təcrübələr aparır və məlumat toplayıram".

Qeyd edək ki, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb.


Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti