Qazaxıstanda zəlzələ olub, 8 nəfər xəsarət alıb

Qazaxıstanda zəlzələ olub,    8 nəfər xəsarət alıb
  23 Yanvar 2024    Oxunub:1123
Qazaxıstanın Almatı şəhərində 5 bal gücündə zəlzələ olub.
AzVision.az Almatı Səhiyyə İdarəsinin məlumatına istinadən xəbər verir ki, zəlzələ nəticəsində 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan üçü binaların ikinci və üçüncü mərtəbələrin pəncərələrindən tullanaraq xəsarət alıb.

"Yanvarın 23-də saat 03:00-a (Bakı vaxtı ilə saat 00:00) Almatıda baş vermiş zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb. Onların hamısı dərhal şəhər xəstəxanalarına çatdırılıb. Üç nəfər isə yaşayış binalarının 2-ci və 3-cü mərtəbələrindən tullanarkən xəsarət alıblar”, - mətbuat xidmətinin məlumatında bildirilir.

Yaralı 3 nəfərdən ikisi müayinədən sonra ambulator müalicəyə göndərilib. İdarədən bildirilib ki, üçüncü xəstənin vəziyyəti ağır qiymətləndirilir, o, xəstəxanaya yerləşdirilib. Məlumata görə, daha 5 nəfər evdən qaçarkən xəsarət alıb. Onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə də göndərilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin zəlzələnin qeydə alındığı Almatıya səfər edəcəyi və şəhərdəki vəziyyətlə bağlı müşavirə keçirəcəyi gözlənilir. Bu barədə dövlət başçısının mətbuat katibi Berik Uali öz Facebook səhifəsində məlumat verib.

Dövlət başçısı bir sıra obyektlərə, o cümlədən 2022-ci ilin yanvarında ölkədə baş vermiş etiraz aksiyalarından sonra əsaslı təmir olunmuş inzibati binaya baş çəkəcək. Uali bildirib ki, prezident orada görüş keçirəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti