Avropa "sağa əyilir"

      Avropa "sağa əyilir"
  24 Yanvar 2024    Oxunub:1096
İyun ayında keçiriləcək Avropa Parlamentinə seçkilərdə Aİ-yə müxalif ifrat sağçı partiyaların güclənəcəyi proqnozlaşdırılır.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Xarici Əlaqələr Şurasının (ECFR) mövzu ilə bağlı yeni hesabatında vurğulanır.

Proqnoza əsasən, ifrat sağçı partiyaların Avstriya, Belçika, Çexiya, Fransa, Macarıstan, İtaliya, Hollandiya, Polşa və Slovakiyada seçkiləri birinciliklə başa vurması ehtimalı yüksəkdir.

Avropa Parlamentində ənənəvi partiyaların, o cümlədən xristian demokratlardan ibarət Avropa Xalq Partiyası və Avropa Sosialistləri Partiyasının nüfuzunu itirməsi fonunda ifrat sağa meyilli Avropa Mühafizəkarlar və İslahatçılar Qrupu ilə Kimlik və Demokratiya Partiyasının seçkilərin ardınca "əsas oyunçulara" çevriləcəyi güman edilir. Ehtimal özünü doğruldarsa, AP-də ilk dəfə sağçı koalisiyası qurulacaq və rusiyayönümlü yanaşma artacaq ki, belə kəskin dəyişiklik parlamentin miqrasiya, iqlim, iqtisadiyyat və Ukraynaya dəstək kimi məsələlərdə siyasətini əks yönə çevirə bilər.

Hesabat həmçinin diqqətə çatdırır ki, Donald Tramp ABŞ-də yenidən prezident seçilərsə və Avropa İttifaqına müxalif sağçılar Avropa Parlamentində üstünlük qazanarsa, Avropa qapalı millətçi ab-havaya bürünəcək və bu, Aİ-ABŞ münasibətlərinə bu, ya digər şəkildə öz təsirini göstərəcək.

AfD: "İqtidara gəlsək, Almaniyanı Aİ-dən çıxaracağıq"
Qeyd edək ki, Almaniyanın sağçı AfD partiyası miqrantları ölkədən qovmaq planı ilə gündəmə gəlib. Bu məsələ barədə keçirilən gizli müzakirənin üzə çıxması ötən həftə ölkədə böyük etirazlar doğurmuşdu. Partiyanın həmsədri Alis Vaydel ötən günlərdəki müsahibələrinin birində "bu planın düzgün başa düşülmədiyini" söyləmiş, habelə vurğulamışdı ki, "iqtidara gələcəkləri təqdirdə Almaniyanı Aİ-dən çıxaracaqlar".

Firudin Həmidli
AzVision.az


Teqlər:   Avropa   sağçı   partiyalar   Parlament  





Xəbər lenti