Ermənistan hərbi-bioloji laboratoriyalar ölkəsinə çevrilir

   Ermənistan hərbi-bioloji laboratoriyalar ölkəsinə çevrilir
  25 Yanvar 2024    Oxunub:1173
ABŞ dövlət büdcəsinin əsas xərclərindən biri tərəfdaş ölkələrdə müxtəlif məqsədli hərbi proqramların maliyyələşdirilməsi və biotəhlükəsizlik üzrə əməkdaşlığı sıxlaşdırmağa yönəlir. Biotəhlükəsizlik mövzusunda tərəfdaş ölkələr siyahısında Ermənistan da var.
Məhz bu səbəbdən illlər öncə referens laboratoriyalarının antiepidemik şəbəkəsinin bir hissəsi Ermənistanda ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizliyə Hədələrin Azaldılması Agentliyi (DTRA) nəzarətinə verilmiş xüsusi obyektlərdə yerləşdirildi. Bu şəbəkə ilə ən azı 7 yerli qurum əməkdaşlıq edir. Məsələn, onlardan biri Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi, digəri isə Qida Təhlükəsizliyi Müfəttişliyi İdarəsidir.

Viruslu siyasət: Moskva Ermənistandakı laboratoriyalarda nə tapdığını açıqlamalıdır
ABŞ laboratoriyalarını ölkənin müxtəlif şəhərlərində yerləşdirib. Rəsmi məlumatlarda 12 hərbi-bioloji laboratoriyanın olduğu bildirilir. Güclü laboratoriyalar əsasən İcevanda (HOMC-nin regional bölməsi), Gümrü (Xəstəliklərə nəzarət və profilaktika mərkəzi), Martuni, Vanadzor və Qafanda qurulub.

Erməni ekspertlərin hesablamalarına görə, ABŞ tərəfindən maliyyələşdirilən və əsasən yaşayış massivlərinin yaxınlığında yerləşən təhlükəli bioloji obyektlərin ümumi sayı ən azı 20-yə çata bilər. Üstəlik, Mərkəzi Dövlət Geologiya Universitetinin referens laboratoriyasının təchizatı məsələləri üçün yenicə 9,8 milyon dollarlıq vəsait də ayrılıb. Həmçinin obyektə xüsusi avadanlıq və mebellərin alınması üçün əlavə olaraq 1,7 milyon dollar veriləcək. Gümrüdəki obyekt üçün isə müvafiq olaraq 2,7 milyon və 340 min dollar nəzərdə tutulub.

Pentaqon biolaboratoriyalarla bağlı layihələrdə iştirakı necə gizlədir?

Ermənistanda ABŞ tərəfindən maliyyələşdirilən hərbi obyektlərdə yerli mütəxəssislərlə yanaşı, diplomatik toxunulmazlığı olan, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı amerikalı alimlər də çalışırlar.

Ortada 2020-ci ildə başlanmış beşillik ABŞ-Ermənistan bioloji tədqiqatlar üzrə əməkdaşlığı çərçivəsində 50 milyon dollarlıq zəmanətli maliyyələşdirmə proqramı da var. Proqramının bitmə ili 2024 göstərilib.

Hazırda bu ölkədə ABŞ-nin təqdim etdiyi Elektron Qlobal Epidemik Nəzarət Sisteminin (EIDSS) modernləşdirilməsi üzrə layihə həyata keçirilir. Sistemin proqram şəbəkələri İrəvanın səhiyyə, kənd təsərrüfatı qurumlarının, Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti və Milli Təhlükəsizlik Xidmətinin 94 obyektində yerləşir. Bu hörümçək torunu xatırladan vahid şəbəkə Ermənistanın səhiyyə sistemini tam nəzarət altında saxlamağa, yeni xəstəliklərin yayılmasını dərhal qeydə almağa və yeni ştamları müəyyən etməyə imkan verir. Bundan əlavə, Amerika layihələrində iştirak edən erməni mütəxəssislər üçün ikitərəfli təlim proqramının həyata keçirilməsi prosesləri də davam etdirilir.

Paralel olaraq ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizliyə Hədələrin Azaldılması Agentliyi (DTRA) Ermənistanda “həşəratların patogen mikroblarının biomüxtəlifliyinin öyrənilməsi” layihəsinin icrasını da bərpa etmək niyyətindədir. Layihənin icraçıları "HCCA" və Ermənistan Milli Elmlər Akademiyasının Mikrob Araşdırmaları Mərkəzidir. Sözügedən bioaraşdırmalarda Pentaqonun iştirakını gizlətmək üçün işin sifarişçiləri kimi ABŞ-nin "Monsanto" və "Pioneer Hi-Bred International" korporasiyaları göstərilib. Maliyyələşdirmə isə ictimai təşkilat (QHT-red.) "Mülki Araşdırmalar və İnkişaf Fondu" tərəfindən təmin edilir.

Bundan əlavə, Ermənistanda DTRA-nın himayəsi altında regional mikrob resurs mərkəzinin və xüsusi məlumat bazasının yaradılması da nəzərdə tutulur. Bununla bağlı ilkin razılıq hələ 2023-cü ilin yanvarında əldə edilib. Razılıq sənədini DTRA-nın İrəvan ofisinin rəhbəri K.Smit, Ermənistanın səhiyyə naziri A.Avanesyan və Elmi-İstehsalat Mərkəzinin (GAC) rəhbəri imzalayıb. Hətta nazir Avanesyan DTRA-nın "HoSMS" adlanan bazasında təcili reaksiya mərkəzinin yaradılması planını da təsdiqləyib. Mərkəzə bioloji təhlükəsizlik sahəsində nazirlik və idarələrin fəaliyyətinin əlaqələndirilməsi ilə yanaşı, risklərin idarə edilməsi sisteminin tətbiqi, epidemioloji nəzarətin həyata keçirilməsi, yeni elmi-tədqiqat laboratoriyalarının yaradılması funksiyaları da həvalə olunacaq.

ABŞ Ermənistan hərbi-bioloji əməkdaşlığı effekt verirmi?

Ermənistanda yerləşdirilən tədqiqat mərkəzləri təhlükəli yoluxucu xəstəliklərin geniş yayılmasının qarşısını ala, onların mənşəyinin tapılmasına mane ola bilmir. Məsələn, "İravunk" nəşrinin məlumatına görə, illər öncə cəmi iki ay ərzində, fevralla martda ölkədə qızılcaya yoluxanların sayı kəskin şəkildə artaraq ajiotaja səbəb olmuşdu. Xəstəxanalara təxminən 90 yoluxmuş xəstə yerləşdirildi. Başqa sözlə, ölkədə biotəhlükəsizlik səviyyəsinin "qorunması" tədbirləri vətəndaşlar arasında xəstəlik hallarının azaldılmasına kömək etmədi. Bu cür hallar həm də sadə erməniləri Amerikanın fərqli niyyəti, səmimiliyi haqqında düşünməyə vadar etdi.

Son illərdə isə Ermənistan ərazisində kütləvi xəstəliklərin yayılması əhalinin narahatlığını birə beş artırdı. ABŞ-nin bu ölkədə yerləşən hərbi bioloji obyektləri ilə bağlı hətta etiraz tədbirləri də təşkil olunub. 2022-ci ildə Amerikanın İrəvandakı səfirliyi qarşısında Qərbin bioloji laboratoriyalarına qarşı keçirilən nümayişlər və etirazlar narahatlığın artdığını sübut edir.

Maraqlıdır ki, İrəvanın Vaşinqtonla hərbi-bioloji sahədə sıx əməkdaşlığına baxmayaraq, Ermənistan hakimiyyəti Amerika departamentlərinin ölkənin milli təhlükəsizlik proqramlarında iştirakını hər cür inkar edir. Onlar ABŞ-yə yalnız yerli erməni mütəxəssislərin yetişdirilməsinə və ixtisasartırma məsələlərində dəstək layihələrində iştiraka icazə verdiklərini iddia edirlər.

İrəvan həm də yalnız 2022-ci ildə Ermənistanda toplanmış təhlükəli patogen nümunələrini ABŞ Müdafiə Nazirliyinə ötürmək öhdəliyindən azad edildiyini əlində bayrağa çevirib. Bu isə 2010-cu ildə imzalanmış “Bioloji silahların hazırlanmasında istifadə olunacaq texnologiyaların, patogenlərin və biliklərin yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında” Ermənistan-Amerika sazişinə dəyişikliklər edildikdən sonra baş verib.

Məsələnin ən qəribə və diqqət çəkən tərəfi isə öhdəlikdən azad olmanın Rusiya Ukraynaya hücum edəndən sonra baş verməsidir. Kreml həmin dövrdə Ukraynada biotəhlükəsizliyə ciddi təhdid doğuran laboratoriyalar aşkar etdiyini açıqlamışdı.

Ermənistanın “Fakt” qəzeti də diqqət çəkən məlumat yayıb. Qeyd edilir ki, müdafiə naziri Suren Papikyan ötən həftə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndələri ilə görüşü zamanı 13-cü laboratoriyanın yaradılması barədə müqavilə də imzalayıb.

Həmin laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək.

Qeyd edək ki, hazırda Ermənistanda ABŞ-nin 12 hərbi-bioloji laboratoriyası var. Ermənistan bu proqrama 2008-ci ildə qoşulub. “Wikileaks”in sızdırdığı məlumatlara görə, o vaxt ABŞ hökuməti Ermənistan hakimiyyətinə iki laboratoriyanın yaradılması üçün 9 milyon dollar ayırmağı vəd etmişdi. 2018-ci ildə isə məlum oldu ki, artıq Ermənistanda 50 milyon dollar xərclənib və biolaboratoriyaların bütöv şəbəkəsi yaradılıb.

Uzun illər Ermənistanın müttəfiqi olmuş Rusiya bu laboratoriyalara qarşı çıxdığını gizlətmir. Ermənistanla yanaşı, Qazaxıstanda və Gürcüstanda da ABŞ laboratoriyaları var. Hər üç ölkə Birləşmiş Ştatların hərbi-bioloji layihələrinə cəlb edilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Ermənistan   Laboratoriya  





Xəbər lenti