"Üç kişi yeniyetməni öldürüb həyətdə basdırmışdılar" - Biz necə qatilə çevrilirik? (Müsahibə)

 "Üç kişi yeniyetməni öldürüb həyətdə basdırmışdılar" -  Biz necə qatilə çevrilirik? (Müsahibə)
  19 Fevral 2024    Oxunub:1499
AzVision.az -ın növbəti həmsöhbəti psixoloq Günel İsmayılovadır. Müsahibimizlə gündəmi zəbt edən 5 nəfər ailə üzvünün qətlə yetirilməsi hadisəsini, onun baş verməsinə gətirib çıxaran səbəblər haqqında danışmışıq.
- Günel xanım, 5 nəfərin qətli ilə bağlı hadisəni siz də izləmisiniz. Bəziləri bunu Əhmədin şizofren olması ilə əlaqələndirir, digərləri isə xəstəliyinin olmadığını, qətlin mülk üstündə törədildiyini deyir. Bu hadisələr bir psixoloq kimi sizə kənardan necə görünür?

-Bizim cəmiyyətdə daha çox nəticəyə fokuslanırlar. Hadisələri araşdırmaq və hansısa nəticəyə gəlmək üçün 0-2 yaş dövrünə nəzər salmalıyıq. Həmin dövrdə bağlanma necə qurulubsa, sonrakı yaşlarda da elə davam edir. İndi hər kəs məsələnin şizofreniya tərəfinə fokuslanır. Ancaq alt qatda yatan səbəblər adətən başqa olur.

Qətl hadisəsinin motivlərinə nəzər salanda görünür ki, ailədə son zamanlar mübahisələr olub. Problemi hərə bir cür şərh edir. Media yazır ki, mülk davasıdır və yaxud Əhməd ögey uşaq olub və s. Bunlar hamısı kənar səbəblərdir. Əsas səbəb isə bir insanın rahat yaşaması üçün təməl şəraitin olub-olmamasıdır. Sevgi görmək, dəyərli hiss etmək, qəbul edilmək və dinlənilmək kimi tələbatların ödənilməsi vacibdir. Ödənilməyən tələbatlar insanı zaman-zaman narahatlıqlara düçar edir. Bəs Əhmədin bu tələbatları nə dərəcədə ödənilib? Biz bunu bilmirik. Özünü reallaşdırması üçün ailəsi sağlam mühit formalaşdırıbmı?

Bu cür sadə sualları araşdırsaq, görəcəyik ki, onun təməli yaşam tələbatları ödənilməyib.



Qeyd olunur ki, idmanada müəyyən travmalar alıb. Bu, fiziki travma ola bilər. Çox təəssüf ki, fiziki travma özlüyündə həm də psixoloji travmanı qızışdırır. Ancaq paralel yaranmış psixoloji travmanın yarası gözlə görünmür. Ta ki, şəxsin həyat keyfiyyəti aşağı düşür, funksionallıqları pozulur, aqressivləşir. Tez-tez onda emosional "partlama"lar olur, kiçik bir şeyə qıcıqlanır, özündən çıxır. Əhmədin 17 yaşında yoldaşını bıçaqlaması məhz bənzəri halın nəticəsidir. Bu, şəxsdə nəzarət edə bilmədiyi əsəb, qəzəb hissi var. Sanki varlıq olaraq ailəsi tərəfindən tanınmayıb.

Ümumiyyətlə, bizim ailələrdə yanlış bir düşüncə var. Valideyn övladına deyir: Əgər sən uğur qazanırsansa, tərbiyəlisənsə, qoyduğum qayda-qanunlara uyursansa, istədiyim kimisənsə, o zaman mənim övladımsan. Təəssüf ki, cəmiyyətimizdə övladlar olduqları kimi qəbulllanılmırlar, qarşılarında konkret tələblər, şərtlər qoyulur. Halbuki övladın dünyaya gəlməkdə vəzifəsi bizə özünü isbat etmək deyil. Ona doğru valideyn olmalıyıq ki, bizim sayəmizdə özünü şəxsiyyət olaraq tapa bilsin. Ailə, tərbiyyə sistemimizdə bu kimi boşluqlar var deyə, belə hadisələr baş verir. Əslində bənzər qətllər çoxdur. Əksəriyyəti mediaya çıxmır və ya ört-basdır olunur. Bir pasiyentim var idi. Məhkəmə orqanında çalışırdı. Qandonduran hadisələrdən danışırdı. Heç biri mediada işıqlandırlmamışdı.

-Məsələn, nə kimi hadisələr olurdu?
- Cənub bölgəmizdə bir qətl hadisəsi baş vermişdi. Ata oğul və əmi ilə birləşib 16 yaşındakı qızını öldürüb həyətdə basdırmışdı. Buna səbəb isə yeniyetmənin özündən böyük ər namizədlərinə yox deməsi idi. Ailə qızı zorla ərə vermək istəyirmiş. Onu qətlə yetirəndən bir müddət keçəndən sonra polisə müraciət edib deyiblər ki, evdən qaçıb. Lakin polis cinayətin üstünü açmışdı. Belə hadisələr saysız-hesabsızdır. Hüquq-mühafizə orqanları bu cür hadisələri cəmiyyətə çıxarmaqda həvəsli deyillər.

Tədqiqatlara əsaslanmış “Verter effekti” deyilən bir şey var. Belə ki, sevdiyi qadının başqasına ərə getməyinə dözməyən Verter adlı bir kişi intihar edir. Bu hadisə bütün mətbuatda rezonansa səbəb olur, hətta onun nakam məhəbbəti haqqında kitab da yazılır. Kitab onu oxuyan nakam aşiqləri də intihara sövq edirmiş. Onlar Verter kimi sarı “kepka” taxır, məktub yazır və intihar edirmişlər. Sonralar kitabın satışı qadağan olunub.

Xarici ölkələrdə cinayətlərin, xüsusilə də intihar hadisələri barədə məlumatların aşkar şəkildə mətbuatda yayılmasına ciddi yanaşma var. Bu məlumatları yayımlayan xüsusi saytlar var və onlara giriş 18 yaşdan aşağı şəxslərə qadağandır. Ümumiyyətlə, mediada belə hadisələrin açıq-aşkar şəkildə dərc edilməsi cinayətlərin çoxalmasına xidmət edir.



- Sosial şəbəkələr intihar və cinayət xəbərləri ilə doludur. Bu şəbəkələrdən yeniyetmələr, hətta daha az yaşlı uşaqlar da istifadə edir.

Beyin ağrılı mövzuları yalnız 18 yaşdan sonra sindirə bilir. Bu yaşda ön beyin aktiv fəaliyyətə başlayır. Bəzən isə 18 yaşındakı şəxs tam formalaşmış olmur. Konfiliktli ailələrdə böyüyənlərin yeniyetməliyi 21 yaşa qədər uzana bilər. 30-50 yaşlarında pasiyentlərim olub ki, emosional olaraq yeniyetmə yaşlarında ilişib qalıblar. Çünki yeniyetmə yaşlarında aldıqları travmalar o qədər dərin və ciddi olub ki, onlardan qurtulub öz yaşlarına uyğun emosiya və duyğuları yaşaya bilməyiblər. Belə insanlar öz övladları ilə davamlı olaraq yeniyetmə eqosu ilə davranırlar. Çünki özləri də yetkin deyillər.

-0-2 yaş aralığı nədir, niyə bizim həyatımızda bu qədər önəmli rol oynayır?

- 0-2 yaş bizim bir insan kimi formalaşdıran təməl ehtiyaclarımızın bünövrəsinin qoyulduğu dövrdür. Buna "əmmə dövrü" deyirlər. Bu aralıqda ana uşağı ilə sıx təmasda olmaldır. Bəzən yaşlı insanlar qadınlara deyir ki, uşağı qucağa öyrəşdirmə, sonra qucaqdan düşməyəcək. Bu nəsillərdən ötürülən yanlış düşüncənin şəklidir.

0-2 yaş aralığı uşaq üçün güvən bağının formalaşma dövrü olduğuna görə ananın təması, toxunuşu vacibdir. Nənələrimiz keçmişdə uşaqları bellərinə bağlayıb işlərini görürdülər. Çünki onlar təcrübədən keçirmişdilər ki, belə edəndə uşaq daha sakit olur və rahat yatır, onlar isə işini görür. Uşaq anaya toxunanda özünü təhlükəsiz hiss edir, sevgi ilə tanış olur.

Ana toxunuşu, qayğısı tam təmin olunmuş uşaqlar həyatının sonrakı mərhələlərində də stressə dözümlü olurlar, problemli situasiyalardan asanlıqla çıxırlar. Təşviş, həyəcan pozuntusundan əziyyət çəkmirlər. Sevgi görməyənlər isə zaman keçdikcə böyük bir boşluq, ağrı yaşayan insanlara çevrilirlər, ömür boyu psixoloji baxımdan rahat yaşamaq uğrunda mübarizə aparmaq məcburiyyətində qalırlar. 0-2 yaş aralığı təməldirsə, 0-6 yaş möhkəmləmə dövrüdür.

- Sosial şəbəkələrdə Əhmədin anası çox qınanılır. Deyirlər ki, oğlunu xəstəxanaya məhz o yerləşdirmək istəməyib. Günahkar onu bilirlər.

- Gerçəklə üzləşmək acıdır. Bizə elə gəlir ki, böyümək yaş, status, vəzifədir. Əslində belə deyil. Böyümək özündəki natamam tərəfi, çatışmazlıqları görməkdir. Bəzən valideynlərə çatışmazlıqlarla üzləşdikdə keçirdiyi ağrı hissini həzm etmək çətin gəlir.

Görünən odur ki, o qadın reallıqla üzləşmək istəməyib, övladının çatışmazlıqlarını ört-basdır edib. Hər zaman xilaskar obrazında olub, ailəsinin statusuna zərər gələcəyini düşünüb. Əhmədin davranış pozuntuları şəxsiyyətində dəyişikliyə səbəb olub. Nəticədə onda şəxsiyyət pozuntusu yaranıb. Bunlar zəncirvaridir.

Əhməddə genetik olaraq, yəni doğuşdan şizofreniyanın əlamətləri ola bilərdi. Amma bunu da bilmək lazımdır ki, əgər uşaq doğru, sağlam mühitdə yetişirsə, sevgi görürsə, xəstəlik balansda saxlanılır, üzə çıxmır. Sevgi böyük bir məlhəmdir. Əhməddə isə aqressiya var. Daxilində illərin neqativ duyğularını bəsləyirmiş.



- Bu hadisədən sonra hər kəsdə qorxu yaranıb. Hamını bir sual maraqlandırır: bu cür insanlardan necə qorunaq?
- Bu mövzuda maariflənməliyik. Söhbət edərkən qarşınızdakı insan tez özünü müdafiə edirsə, dinləmədən aqressiya göstərirsə, ən ağıllı davranış onunla ünsiyyətdən qaçmaqdır. O cür insanlarla mübahisə etmək olmaz. Çünki zamanında insani yanaşma görməyiblər deyə onlarda özünümüdafiə psixologiyası güclü olur. Qorunmaq instinkti ilə hərəkət edirlər və göz kontaktından qaçırlar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti