"İrəvan Qərbin satellitinə çevrilir" - Erməni politoloq

  "İrəvan Qərbin satellitinə çevrilir"  - Erməni politoloq
  20 Fevral 2024    Oxunub:1862
Ermənistanın baş naziri Nikol Paşinyanın Kiyevə dair son açıqlamaları erməni cəmiyyətində narazılıqla qarşılanıb. Yerli mediada siyasətçilər, politoloq və ziyalılar hakimiyyəti tənqid edir, saytlar İrəvanın odla oynadığını yazırlar.
Məsələn, Paşinyanın anormal diplomatik gedişlərini Sputnik Ermənistan-a şərh edən politoloq Suren Surenyanç deyib ki, Nikolun Ukrayna mövzusu ilə bağlı qalmaqallı açıqlamaları Qərbin müəyyən təzyiqindən və ölkənin strateji kursunun dəyişməsindən xəbər verir.

Sülhə atılan güllə: Erməni təxribatını Qərb təşkil edib? - EKSPERTLƏRİN ŞƏRHİ
Surenyançın sözlərinə görə, Ermənistan keçmişdə ona dost sayılan bu iki ölkə arasında münaqişə vəziyyəti yaranan zaman neytrallığını saxlaya bilib. O, 2008-ci il Rusiya-Gürcüstan müharibəsini də xatırladıb. Ekspert iddia edib ki, bu mövzuda da ölkəsi həm Moskva, həm də Tbilisi ilə normal münasibətləri qorumuşdu.

İrəvan son vaxtlara qədər həm Ukrayna ilə problem yarada, həm də Rusiya ilə münasibətləri korlaya biləcək açıqlamalar verməkdən çəkinirdi. Amma son altı ayda bu siyasətə yenidən baxıldı və hakimiyyət kifayət qədər təhlükəli yola qədəm qoydu. Hazırda İrəvanda oturanların davranışları isə avantüraya bənzəyir: "Əvvəlcə baş nazirin həyat yoldaşı Anna Akopyanın Ukraynaya, xüsusən də Buçaya səfəri təşkil edildi. Daha sonra Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ukrayna məsələlərinə dair bir neçə uğursuz çıxışını gördük. Nəhayət Paşinyan Münhendə rasionalizmin bütün sərhədlərini keçərək sübut etdi ki, onun vəzifəsi həqiqətən də ölkənin strateji oriyentasiyasını dəyişməkdir".

Ekspert baş nazirin açıqlamasını əsassız və düşünülməmiş addım sayıb. Hətta Ukraynadakı müharibənin gedişi də göstərir ki, təşəbbüs tamamilə Rusiyanın əlinə keçib. Ən azı praqmatik baxımdan bu bəyanat kifayət qədər təhlükəlidir.

- Ən azı praqmatik baxımdan bu bəyanat kifayət qədər təhlükəlidir. Hətta Qərb nəşrləri Ukraynanın cəbhədə mümkün süqutundan yazır. Belə bir vəziyyətdə bizim nə üçün birmənalı olaraq Ukraynayönümlü mövqe tutmağımız aydın deyil. Rusiya özü isə heç vaxt KTMT müttəfiqlərini Ukrayna münaqişəsində onun tərəfini tutmağa məcbur etməyib. Moskva öz tərəfdaşlarının neytrallığından kifayət qədər razıdır. Lakin Paşinyan açıqlaması ilə bu neytrallığı pozdu. Baş nazir Ukraynada böyük tarixi cəmiyyətimizin olmasını qeyd edib və deyib ki, ermənilərə həmişə isti münasibət sərgilənib. Amma Nikol dünyanın ən böyük erməni icmasının Rusiyada olmasını unudub. - politoloq vurğulayıb.

Surenyanç ölkəsinin müttəfiqin yanaşmalarına formal da olsa, kökündən zidd mövqe sərgiləməsindən gileylənib: "Bütün bunlar bizə onu göstərir ki, Paşinyan Qərbin siyasi satellitinə çevrilmək kursunu götürüb. Alma-Ata Bəyannaməsinə istinadlar həm də ona görə qəribədir ki, bu sənəd heç vaxt Ermənistanın özünün problemlərini həll etməyib. Baş nazirin bəyannaməni Ukrayna və Rusiyaya da “tətbiq etmək” üçün heç bir əsası yox idi".

Surenyanç Paşinyanın açıqlamalarını Qərbə doğru reverans (siyasi baş əymə və ya diz çökmək-red)və bu qütb tərəfindən artan təzyiqin sübutu kimi qiymətləndirib.

Politoloq, Stenford Universitetinin doktoru Artur Xaçikyan isə hesab edir ki, Qərb İrəvana təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli heç nə vermədən Ermənistanı Rusiyadan “qoparıb”.

Onun sözlərinə görə, avropalı tərəfdaşlar Ermənistanın əsas rəqibi olan və onun üçün təhlükə sayılan Azərbaycana təzyiq etmək istəmirlər: "Əgər qərblilər İsrail və ya Ukraynaya davrandıqları kimi Ermənistan üçün də nəsə etmək istəsəydilər, ən azı Azərbaycanı sanksiyalarla hədələyib Ermənistana hərbi yardım göstərərdilər. Avropa hər il enerji resursları üçün Azərbaycana 16 milyard dollar köçürür. Almaniya və bütövlükdə Avropa vədlərlə Ermənistanı Rusiyadan “qoparıb”. Necə ki, yüz il əvvəl Ermənistanı səhv seçimə məcbur etdilər və bu da itkilərə səbəb oldu, indi də eyni proses gedir".

Xatırladaq ki, bazar günü Münhendə olan Ermənistanın baş naziri Ukrayna ilə bağlı qalmaqallı açıqlamalar vermişdi. O Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə deyib ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil: "Bu da bizim səmimi mövqeyimizdir. Bu vəziyyətə təsir edə bilməməyimiz bizi çox ağrıdır. Ukrayna xalqı dost xalqdır".

N.Paşinyan xatırladıb ki, 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi təkcə Ermənistana deyil, hamıya şamil edilir. Çünki bu bəyannamə keçmiş Sovet İttifaqı respublikaları, o cümlədən, Rusiya və Ukrayna tərəfindən bir-birinin sərhədlərini tanıyaraq imzalanıb. Eyni məntiq Ukrayna məsələsinə də aiddir. Paşinyanın Kiyevin xeyrinə səsləndirdiyi fikirlər Moskvada da birmənalı qarşılanmadı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qərb   Paşinyan   Rusiya   Ukrayna   Politoloq  





Xəbər lenti