Tramp özünü Navalnıya bənzətdi: "O, cəsur adam idi" - VİDEO

   Tramp özünü Navalnıya bənzətdi:    "O, cəsur adam idi" - VİDEO
  21 Fevral 2024    Oxunub:863
ABŞ-nin sabiq prezidenti və yenidən prezidentliyə namizəd Donald Tramp özünün hüquqi problemlərini Rusiya müxalifətinin keçmiş lideri Aleksey Navalnının vaxtı ikən üzləşdiyi təzyiqlərlə qarşılaşdırıb.
AzVision.az xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalında efirə gedən "The Ingraham Angle" verilişində bir saatlıq müsahibəsi zamanı deyib.

Nyu-Yorkun Baş prokuroru Letitia Ceymsin ona qarşı irəli sürdüyü dələduzluq ittihamını pisləyən sabiq prezident bu iş üzrə çıxarılmış 355 milyon dollar cərimə hökmünü "Navalnının başına gələnlərə" bənzədib.

"Ölkəmizdə də vəziyyət belədir. Bir çox cəhətdən faşist ölkəyə çevrilirik. Siyasi amallarım ucbatından 8-9 məhkəmə işinə məruz qalmışam", - Tramp eyham vurub.

(Donald Tramp və aparıcı Lora İnqrem)
Aleksey Navalnı vəfat edib

Hərçənd maraqlıdır ki, aparıcı Lora İnqremin israrına baxmayaraq, o, prezident Co Bayden və seçkilərdə Respublikaçılar Partiyasından yeganə rəqibi Nikki Heyli kimi Navalnının ötən günlərdə qəfil ölümü ilə bağlı Rusiya prezidenti Vladimir Putini günahlandırmayıb. O sadəcə:

"Navalnı çox cəsarətli adam idi, ancaq gərək Rusiyaya qayıtmazdı", - söyləyib.
(Donald Tramp və aparıcı Lora İnqrem)

Co Bayden isə, öz növbəsində, potensial rəqibinin müsahibə zamanı məsələyə tərəddüdlə yanaşmasını qətiyyətlə qınayıb:

"Niyə Tramp həmişə Amerikanı günahlandırır? Putin Navalnının ölümünə görə məsuliyyət daşıyır. Niyə Tramp bu həqiqəti deyə bilmir?".

Xatırladaq ki, Kreml Navalnının ölümündə Putinin iştirakı ilə bağlı Qərbin iddialarını "yolverilməz" adlandırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   Tramp   Bayden   Navalnı  





Xəbər lenti