"Jurnalistə imla yazdıran" ekran işi: "Seriala baxın, müxbirin fədakar əməyini görün"
"Bu işdə onların nə maliyyəsi, nə ideyası, nə də təşviqləri var. Onlar sadəcə bizə məkanda çəkiliş etmək üçün köməklik göstərib. Həmin hadisə mənim yazdığım ssenari əsasında çəkilib. Serial haqqında ssenaristdən məlumat almaqdansa, tamaşaçılar ona baxsalar yaxşı olar. Çünki qısa bir epizodla kimin necə görsənəcəyi bəlli deyil. Seriala baxsanız , orada Azərbaycan müəlliminin, Azərbaycan jurnalistlərinin qəhrəman və fədakar əməyinin necə təsvir olunduğunu görə bilərsiniz. Bir parçaya baxıb fikir bildirmək o qədər də sağlam yol deyil",- deyə Qan Turalı əlavə edib.
Təhsil eksperti Elmin Nuri qeyd edib ki, sosial şəbəkələrdə aparılan müzakirələrdən çıxardığı ilkin nəticə serialın piarının zəif olmasıdır. "Gündəlik" təhsil, məktəb həyatı ilə bağlı çəkilən ilk ekran işi olmasına baxmayaraq, müəllimlə jurnalistin dialoqundan bəhs edən həmin səhnənin hətta ən aktiv kəsim nümayəndələri belə konkret hansı mənbəyə aid olduğunu deməyə çətinlik çəkirdilər.
"Kimisi bunu sosial çarx, kimisi reklam çarxı adlandırır. Hətta həmkarlarımızdan bəziləri bunu birbaşa Elm və Təhsil Nazirliyinin sifarişi ilə hazırlanan və jurnalistlərə, mediaya sətiraltı mesaj kimi ünvanladıqları “rolik” kimi təqdim edirdilər. Serial təhsillə bağlı olduğu üçün bəzi epizodlar müəllimlər tərəfindən paylaşılır, həmin qısa hissə də belə yayılıb. ETN tərəfindən də seriala uğurlar arzulamaq məqsədilə bir neçə paylaşım edilib. Ona görə belə yanlış anlaşılmazlıqlar olub".
Müzakirə olunan kadrlara gəlincə, Elmin Nuri bildirib ki, gənc xanım müəllimin dilindən bir jurnalistin fonunda sanki bütün həmkarlarına ünvanlanan “əvvəlcə imla yazın” ədası, ümumiləşdirmələr xeyli uğursuz alınıb.
"Bilmirəm, bəlkə də qara piar texnologiyasıdır. Piar üçün mediadan uğurlu hansı subyekt ola bilər ki?! Qurunun oduna yaşı yandırmaq bu görüntülərdən də yan keçmir. Doğrudur, bu gün xüsusən də regionlarda kimliyi, mənbəyi bilinməyən, reketliklə məşğul olan bəzi “jurnalistlər” var. Onlar qoltuqlarına bir bloknot alaraq, məktəb, xəstəxana, dövlət qurumlarını gəzib, qeyri-loyal yolla pul qazanmağa çalışırlar. Təbii ki, belələrinin hamımızın tanıdığı peşəkar jurnalistlərə, ümumiyyətlə, media subyektlərinə heç bir aidliyi yoxdur. Peşəkar KİV-lər Medianın İnkişafı üzrə Dövlət Agentliyinin rəsmi reyestrindən xüsusi yoxlamalar və şərtlərdən keçib, qeydiyyata alınırlar. Artıq məktəb-məktəb dolaşıb direktorları hədələyən reket jurnalistikası demək olar ki, yox kimidir. Amma təəssüf ki, hələ də izləri qalıb. Həmin məlum görüntünün o tip şəxslərə ünvanlanıb, vicdanlı qələm sahiblərinin nümunə kimi göstərilməsi fikrimcə daha ədalətli olardı.
Məsələnin digər tərəfi bugün sosial şəbəkə hesablarında özlərini diktəedici qüvvə kimi göstərən, peşəkar mediaya heç bir dəxlisi olmayan bloggerlərdir. Həmin kadrlarda sanki birbaşa olaraq əlində telefon və yaxa mikrofonu ilə “harada aş-orada da baş“ olan bəzi bloggerlərə ünvanlanma gördüm. Amma yenə də gərək, jurnalistlərə ümumi xitab edərək, peşəkar media və onun layiqli nümayəndələri incidilməməli idi".
Elm və Təhsil Nazirliyi tərəfindən sözügedən görüntülərlə bağlı ictimaiyyətə geniş açıqlama veriləcəyi qeyd edilib.
Aytən Zəhra
AzVision.az