"İmtahanları qəlizləşdirdikcə, insan kapitalını itiririk" - Ekspertlərin şərhi

    "İmtahanları qəlizləşdirdikcə, insan kapitalını itiririk" -  Ekspertlərin şərhi
  18 Aprel 2024    Oxunub:1625
Dövlət İmtahan Mərkəzinin martın 10-u keçirdiyi buraxılış imtahanının nəticələrinə əsasən 39 şagird 300 bal toplayıb. Martın 3-də keçirilən imtahanda isə 14 abituriyent maksimum nəticə göstərmişdi. Beləliklə, buraxılış imtahanlarında ümumilikdə 53 şagird maksimum - 300 balı toplayıb.

Buraxılış imtahanında rekord sayda abituriyentin maksimum nəticə göstərməsi ilkdir. Bu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, bəzi valideynlər sualların əvvəlki illərə nisbətən asan olmasını irəli sürüblər. Buna görə bu il 700 bal toplayanların çox olacağını qeyd edirlər.
Təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli AzVision.az -a bildirib ki, iki imtahan arasında ciddi fərq hiss olunub.

Onun sözlərinə görə, suallarda nisbətən yumşalma var:

“Bu, uzun müddətdir tənqidi münasibətlərimizin müsbət nəticəsidir. Biz isə bala, kəmiyyətə köklənməməliyik, məktəbli üçün gələcək təhsilə çağırış etməyi bacarmalıyıq. Dövlət İmtahan Mərkəzi də, Elm və Təhsil Nazirliyi də müşahidə edir ki, orta məktəblər şagirdi universitetə hazırlamır.

Buraxılış imtahanında yüksək bal toplayanlar: 13 qız, 1 oğlan - SİYAHI
Bu qarışıqlığın içində isə əziyyət çəkən şagirddir. Üstəlik buraxılış və qəbul imtahanlarını lazımsız şəkildə qəlizləşdirdikcə, insan kapitalını itiririk. Nəticədə tələbələr xarici ölkələrə üz tutur. Bütün bu nüanslar nisbətən nəzərə alınaraq bu il imtahan sualları bir daha nəzərdən keçirilib”.

Təhsil eksperti Elçin Süleymanov isə hesab edir ki, bu il 39 şagirdin tam nəticə göstərməsi təqdirəlayiq faktdır:

“Şagirdlərin hazırlıq səviyyəsi yüksəlib. DİM-in elmi statistik təhlilini oxuyandan sonra daha dəqiq demək olar. Əgər bütün şagirdlərin nəticəsi əvvəlki ilə görə ciddi fərqlənirsə, onda sualların əvvəlki ilə görə asan olduğunu iddia etmək olar. Buraxılış imtahanının 3 fənninin tədrisində son illərdə müsbət istiqamətlər var. Həm dərsliklər yenilənir, həm də müəllim heyəti daha hazırlıqlı olur.



MİQ, sertifikat imtahanları və yaxşı nəticə göstərənlərin əmək haqqında artım bu nəticədə təsirli ola bilər. İmtahan iştirakçıları sualların aydın, konkret olduğunu, qarışıq və çaşdırıcı olmadığını deyirlər. Blok imtahan sonrası daha dəqiq analiz vermək mümkündür”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   DİM   İmtahan  





Xəbər lenti