Hindistan Ermənistanın dənizə çıxış almasını istəyir

   Hindistan    Ermənistanın dənizə çıxış almasını    istəyir
  18 May 2024    Oxunub:1074
Hindistan Çabahar limanından istifadə etməklə bağlı Ermənistan tərəfdən təfərrüatları gözləyir və İrəvandan bu məsələ ilə bağlı alacağı aydın təklifləri mütləq nəzərə alacaq.
AzVision.az xəbər verir ki, Hindistanın İrəvandakı səfiri Nilakşi Saha Sinha Ermənistan mətbuatına açıqlamasında iki ölkə arasında aparılan müzakirələrdə İrəvanın Çabahar limanından istifadəyə maraq göstərdiyini vurğulayıb.

“Biz Ermənistan tərəfdən təfərrüatları gözləyirik və erməni tərəfdən aydın təkliflər verildikdə onları mütləq nəzərə alacağıq”, - səfir deyib.

Hindistandan Çabahar limanına, oradan isə Qara dənizə kommunikasiya marşrutunun inkişaf etdirilməsində İrəvanın mümkün roluna toxunan Saha Sinha qeyd edib ki, dənizə çıxışı olmayan ölkə kimi Ermənistan daha çox kommunikasiya layihələrinə ehtiyac duyur.

“Əgər bu reallaşarsa, düşünürəm ki, bu, Ermənistana dənizə çıxışı olmayan faktı aradan qaldırmağa kömək edəcək”, - səfir bildirb.

İqtisadi kollapsın məngənəsində sıxılan Ermənistanın dənizlərə çıxış almaq cəhdləri öz təcavüzkar siyasəti ucbatından bütün regional layihələrdən təcrid olunması ilə bağlıdır. Halbuki, bunun ən ucuz və ən əlverişli yolu Zəngəzur dəhlizinin açılmasından, ilk növbədə isə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir.

Hətta “Şimal-Cənub” layihəsi çərçivəsində Çabahar limanı vasitəsi ilə dəniz çıxış almaq üçün də bu layihənin ən vacib aktorlarından biri olan Azərbaycanla dinc qonşuluq və qarşılıqlı səmərəlilik prinsiplərinə əsaslanan əməkdaşlıq tələb olunur. Bunun üçün isə Azərbaycanla Sülh sazişinin imzalanması Ermənistan üçün qaçılmaz reallıqdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Hindistan   Ermənistan  





Xəbər lenti